“Erməni işğalından azad edilməsinin dördüncü ilində Laçın özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Bu gün Laçında genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, təkcə Laçının deyil, ümumilikdə Qarabağın inkişafına hesablanmış infrastruktur layihələri icra olunur. Bu da öz növbəsində qısa müddətdə Laçına yeni nəfəs gələcəyindən xəbər verir”.
Bunu Milli Məclisin deputatı İlham Məmmədov Laçının işğaldan azad edilməsinin dördüncü ildönümün şərh edib.
Millət vəkili qeyd edib ki, Laçının bir güllə atılmadan, şəhid vermədən erməni işğalından azad edilməsi Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, güclü hərbi komandanlığı və Müzəffər Azərbaycan Ordusunun rəşadətindən irəli gəlirdi:
“Laçının işğaldan azad edilməsinə gedən yol 2020-ci il, sentyabrın 27-dən başladı. İşğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan yeni ərazilər zəbt etmək məqsədilə Azərbaycana qarşı hücuma keçdi. Lakin qısa müddətdə Azərbaycan Ordusu qarşısında məğlub duruma düşən Ermənistan cəmi 44 gün çəkən İkinci Qarabağ müharibəsi zamanı 30 il ərzində işğal altında saxladığı Azərbaycanın şəhər və rayonlarından çıxarıldı, erməni tapdağı altında olan ərazilərimiz azad edildi.
Deputat deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb:
“Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib”.
Qeyd edək ki, ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.