“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” – Tələsmək lazım deyil…backend

“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” – Tələsmək lazım deyil…

Xəbər verildiyi kimi, fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndinə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı…
Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabı sərt olacağını bəyan etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi Yerevanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas “Turan” agentliyinə bildirib ki, hər şeyin öz vaxtı var: “Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan 20 min kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən birə hər şeyi həll etmək mümkündürmü?”.
Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək: “10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər”.
A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: “Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz”.
Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: “Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil”.
  •  (0)
  •  (1)