Küveytin Azərbaycandakı səfiri BPC üzvləri ilə görüşüb – FOTOLARbackend

Küveytin Azərbaycandakı səfiri BPC üzvləri ilə görüşüb – FOTOLAR

Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvləri ilə görüşüb.

BPC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova və klubda təmsil olunan 15 şirkətin rəhbəri, eləcə də diplomatik korpusun rəsmiləri iştirak ediblər.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə səfiri məlumatlandıran Gülpəri Bayramova bildirib ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) 2023-cü ilin fevral ayından fəaliyyətə başlayıb: “Hazırda 100-dən artıq kiçik və orta biznes subyekti BPC-nin kollektiv üzvüdür”.

O qeyd edib ki, ixrac prosesinin və “Made in Azerbijan” brendinin təşviq edilməsi, xarici bazarlara çıxışın təmin olunması, beynəlxalq ticari əlaqələrin artırılması missiyası ilə fəaliyyət göstərən BPC ötən dövr ərzində bir çox ölkələrlə, habelə Küveytdən olan biznes tərəfdaşları ilə uğurlu təmaslar formalaşdırmağa müvəffəq olub.

Öz növbəsində qonaqları salamlayan səfir Abdullah Mohamed Abdullah Almauidi Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyətini yaxından izlədiklərini və ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsində maraqlı olduğunu vurğulayıb. Əlavə edib ki, bu gün Küveytlə Azərbaycan arasında münasibətlər, eləcə də iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Azərbaycandan və Küveytdən olan iş adamları arasında partnyorluq münasibətlərinin inkişaf etməsi bizi sevindirir” – səfir qeyd edib.

Görüşdə iştirak edən iş adamları fəaliyyət sahələri və iki ölkə arasında ticari əlaqələrin formalaşmasında iştirakından bəhs ediblər. Bildiriblər ki, neft-qaz, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, ticarət sektorunda qarşılıqlı əlaqələrin artırılmasına ehtiyac var. Görüşdə iştirak edən iş adamları ilə şəxsən müzakirələr aparmağa hazır olduğunu bəyan edən diplomat Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramovaya və komandasına uğurlar arzulayıb.

BPC-nin fəaliyyətinə götərilən yüksək diqqətdən dolayı diplomata təşəkkür edən Gülpəri Bayramova ikitərəfli ticari təmasların bundan sonra da yüksək səviyyədə davam edəcəyinə ümidvar olduğunu söyləyib.

 

  •  (0)
  •  (0)