Kremlə qarşı iqtisadi müharibə səmərə verəcəkmi – Qərb tərəddüddə, Ukrayna narahatbackend

Kremlə qarşı iqtisadi müharibə səmərə verəcəkmi – Qərb tərəddüddə, Ukrayna narahat

“Rusiyanı iqtisadi cəhətdən Suriya və ya KXDR-in vəziyyətinə salmaq olar, lakin bu, problemin həllinə zəmanət vermir”

“Deutsche Welle” xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası və onun müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsi halında ona qarşı yeni sərt sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Digər məsələlər arasında, Rusiya Federasiyası ən sərt ixrac məhdudiyyətlərinə məruz qalan dövlətlər siyahısına daxil edilə bilər. Yanvarın 9-u bazar günü Qərb mediası məlumatlı mənbələrə istinadən xəbər verib ki, bu sanksiyalar Kuba, İran, Şimali Koreya və Suriya kimi ölkələrə tətbiq edilənlərə oxşar ola bilər.

Bu halda, qadağa istehlak elektronikası, proqram təminatı və texnologiya daxil olmaqla, elektronika məhsullarının Rusiyaya ixracı ilə bağlı olacaq. “Bu, Rusiyanın süni intellekt və ya kvant hesablamaları kimi yüksək texnologiyalı ambisiyalarına zərbə vuracaq”, – deyə AP xəbər agentliyi yazır.

Öz növbəsində, “Reuters” qeyd edir ki, bu cür sanksiyalar olacağı təqdirdə, təkcə birbaşa ABŞ-da istehsal olunan elektronika və proqram təminatı deyil, həm də yaradılmasında əsasən Amerika texnologiyalarından istifadə edilən digər ölkələrin məhsulları da qadağan ediləcək.

Bu arada, “The New York Times” (NYT) xəbər verir ki, Ağ Ev Rusiya qoşunlarının Ukraynanı işğal edəcəyi təqdirdə, “işğala qarşı mübarizə aparacaq” və “ukraynalı partizanları” silahlandırmaq barədə düşünür. Eyni zamanda, bütün mənbələr qeyd edir ki, hələlik heç bir qərar qəbul edilməyib, ABŞ və onun Avropadakı müttəfiqləri hələ də böhranın aradan qaldırılacağına və Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamayacağına ümid edirlər.

“Bloomberg”in məlumatına görə, Bayden administrasiyası Avropada təhlükəsizlik məsələlərinə dair Rusiya ilə qarşıdan gələn danışıqlar ərəfəsində tonunu sərtləşdirir. 2021-ci ilin payızından bəri Qərb və Ukrayna mənbələri Rusiyanın Ukrayna ilə sərhədə kütləvi şəkildə qoşun və hərbi texnika köçürməsini həyata keçirdiyini bildirir. Onların fikrincə, bu, işğala hazırlıq ola bilər.

Rusiya hakimiyyəti isə Ukrayna ərazisində hərbi əməliyyat planlarını qəti şəkildə inkar edir və öz növbəsində Qərbi Ukraynanı silahlandırmaqda və Rusiya sərhədləri yaxınlığında təlimlər keçirməkdə ittiham edir. “Georgia Online” xəbər verir ki, Kreml, həmçinin NATO-dan Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməyəcəyinə dair zəmanət tələb edir.

Burada ən maraqlısı təbii ki, əvvəllər yalnız Kuba, İran, Şimali Koreya və Suriyaya tətbiq edilən ən sərt ixrac embarqosunun Rusiyaya qarşı tətbiq oluna bilməsidir. Biz bilirik ki, bu dövlətlər üçün həyat çox ağırdır, hələ belə sanksiyalara görə onlarda hər hansı texniki tərəqqinin süni şəkildə əngəllənməsi faktını demirik. Eyni Kubanı xatırlamaq kifayətdir.

Putin və onun tərəfdarları qonşulara qarşı aqressiv ekspansionist istəklərdən birtəhər yayındırılsın və nəhayət, öz ölkələrində daha aktual problemlərin həllinə başlasınlar deyə, böyük ərazisi olan Rusiyanı da eyni şəkildə sanksiyalara bürümək nə dərəcədə realdır?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynalı politoloq, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:

“Bir neçə məqamı qeyd etmək istəyirəm. Birincisi, göz qabağındadır ki, ABŞ və Qərb ölkələrindən Rusiya Federasiyasına qarşı istənilən sanksiyalar yalnız Rusiyanın Ukraynaya qarşı təcavüzü genişləndikdən sonra tətbiq oluna bilər. Onlar, şübhəsiz ki, önləyici olmayacaq. Düzünü desəm, onların Rusiyaya mobil telefon və ya hansısa superkompüter almasına imkan verməyəcək sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını görmək mənə qəribə gəlir. Ola bilsin ki, bu, vacibdir, amma ən azı ortamüddətli perspektivdə.

Nəzərinizə çatdırım ki, əgər bu sanksiyalar dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən dəstəklənirsə, həqiqətən də kimisə sanksiyalarla öz yerində oturda bilərsiniz. İndiyə qədər təəssüf ki, Rusiyaya qarşı belə bir geniş sanksiya cəbhəsi görməmişəm.

İkincisi, bu gün Ukraynaya hərbi-texniki dəstəyin vacib olduğu göz qabağındadır. Rusiyanın bəyanatlarının tonallığı onu göstərir ki, o, geri çəkilmək niyyətində deyil və getdikcə daha yüksək səslə sözdə təhlükəsizlik təminatlarını tələb etmək niyyətindədir. Bəs Qərb buna hazırdırmı? Tələb olunan təminatlardan ən azı birinə belə bir razılaşmanın Qərbin ağır məğlubiyyəti demək olduğunu və  sonrakı məğlubiyyətlərin açarına çevriləcəyini başa düşürmü? Çox ümid edirəm ki, həm NATO ölkələri, həm də Aİ ölkələri bunu yaxşı başa düşür.

Əslində və nəhayət – Ukrayna Qərbin hansı yardım və ya mövqeyindən asılı olmayaraq, Rusiyanın təzyiqlərinə maksimum müqavimət göstəməkdə qərarlıdır. Əminəm ki, bu hazırlığı milyonlarla Ukrayna vətəndaşı bölüşür və bütün dünyadakı dostlarımız da bölüşür. Rusiya da bunu yaxşı bilir, ona görə də onlar hərarəti artırmaq üçün oynamağa davam edəcəklər. Təəssüf ki, Rusiya Qərbin siyasi maşınının necə işlədiyini yaxşı başa düşür və bundan öz maraqları naminə maksimum yararlanmağa çalışır. Amma həqiqətən də Rusiyanın bütün hücumlarına yerindəcə cavab verirsinizsə, o zaman Kremlə müqavimət göstərmək tamamilə mümkündür.

Rusiyanın dünyanın ən böyük ərazis olmasına, nüvə silahına və 600 milyard dollardan çox qızıl və valyutaya, nəhəng resursa malik olmasına görə Putini öz ekspansionist planlarından yayındırmağa məcbur edəcək sanksiyaların tətbiqi ehtimalına inanmıram. Yəni ona qarşı dərhal və indi qüvvədə olacaq, Rusiya cəmiyyətində ciddi sosial sarsıntılara səbəb olacaq sanksiyaların tətbiqi, məncə, praktiki olaraq mümkün deyil”.

Ukraynalı siyasi şərhçi, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“ABŞ-ın sanksiyalar və ixrac məhdudiyyətləri ilə bağlı addımları qabaqlayıcı xarakter daşıyır. Onların potensial təqdimatı Kreml hakimiyyətinin iştahını birtəhər soyutmalıdır. Ancaq gördüyünüz kimi, onların təsiri olmaya bilər. SWIFT sistemi ilə bağlı eyni təhdidlər özünü doğrultmadı, çünki qarşıdurma illərində Rusiya bu məsələdə ehtiyat element kimi Çinə arxalana bildi. Axı başa düşmək lazımdır ki, mümkün işğaldan sonra sanksiyaların tətbiqi Rusiyaya dərhal təsir etməyəcək. Bunu bir sıra dövlət adamları Ukraynaya kifayət qədər yardım kimi qiymətləndirmir.

“Ukrayna partizanları” ilə bağlı bəyanatı da belə hesab etmək olar, bütün bunlar Rusiyanı Ukraynaya qarşı mümkün addımlardan çəkindirmək üçün edilir. Axı biz mükəmməl başa düşürük ki, Ukrayna Silahlı Qüvvələrinin təcavüzə müqavimət göstərmək üçün kifayət qədər gücü var. İndi 2014-cü il deyil və ordu əvvəlkindən fərqli olaraq, müharibəyə hazırdır, əslində indi də Rusiya ilə savaşır və Donbasda bunu sübut edir. Rusiyanın bütün hərbi rayonlarından kütləvi şəkildə qoşun yeridilməsinə baxmayaraq, Ukraynanın işğalını həyata keçirmək üçün kifayət qədər qüvvəsi yoxdur. Ukrayna Silahlı Qüvvələri ən qısa müddətdə ölkə sərhədində olan qüvvələrin nisbətini birə-bir bərabər olan əsgər sayını silah altına almağa qadirdir.

Ona görə də Kremldəki vəziyyətin başa düşülməsi ilə bağlı suallar yaranır, çünki onlara ən azı minimal tapşırıqları yerinə yetirmək üçün daha çox insan lazımdır. Və burada artıq Qazaxıstandakı hadisələrin təcrübəsinə başqa cür baxmaq mümkündür, çünki Rusiya artıq öz mediasında Ukraynaya terrorçu ölkə imicini sırımağa çalışır.

Rusiya Kiyevi terror mənbəyi elan etsə, nə olacaq? Bu vəziyyətdə KTMT özünü necə aparacaq? Çox güman ki, bu halda Ukrayna tək Rusiya ilə deyil, bütöv bir hərbi blokla mübarizə aparmalı olacaq ki, bu da vəziyyəti xeyli çətinləşdirir. Çünki Belarus Kiyevə qarşı müharibədə “qanuni” iştirak edə bilər. NATO ölkələrinin bu halda necə davranacağı da sual altındadır.

Rusiya əhalisinin vəziyyəti, təbii ki, hər ay daha da pisləşəcək. Ukraynada dollarla ifadə edilən minimum əmək haqqı Rusiyadakından artıqdır. Hazırda dayandırılması mümkün olmayan inflyasiya rusların real gəlirlərini yeyir, ipoteka və kredit böhranı yaxın gələcəkdə bir sıra ciddi iqtisadi problemlərlə təhdid edir. Həqiqətən, 24 trilyon rubl kreditdən 1 trilyon artıq real ödənişsizdir və onların məbləği yalnız zamanla artacaq. Ona görə də təbii ki, Rusiya iqtisadi cəhətdən Suriya və ya KXDR dövlətinə sövq edilə bilər, lakin bu, problemin həllinə zəmanət vermir. Rəy sorğuları və sosioloji araşdırmalar göstərdi ki, əhali hətta sərt iqtisadi problemlər qarşısında belə, hakimiyyətin kursunu dəstəkləməyə hazırdır”.

  •  (0)
  •  (0)