Artıq Azərbaycanda da koronavirusun yeni ştamı olan “Omikron”a yoluxmalar var və bu say artmaqdadır.
Mütəxəssislər bildirir ki, virusa yoluxub sağalan şəxs yenidən həmin virus yoluxa bilir.
Maraqlıdır, koronavirusun bundan əvvəlki variantlarına yoluxub sağalan şəxsin qısa müddət ərzində bu ştama da yoluxma və xəstəliyi ağır keçirmə ehtimalı varmı
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli Delta variantına yoluxub sağalan şəxslərin də Omikron ştamına yoluxa biləcəyini deyib:
“Delta variantının immunitetdən yayına bilmə xüsusiyyəti artıq məlumdur. Digər bilinən isə budur ki, Omikrondan öncəki variantlar əsasınd
hazırlanan vaksinlərin effektində Omikrona qarşı zəifləmə var. Belə ki, 2 doza Pfizer Omikrondan bizi qoruya bilmir. Lakin, buster dozanı da alsaq bu effekt əldə olunur. Bu aspektdən yanaşsaq Delta ilə xəstələnmiş olmaq da Omikrona qarşı qoruyuculuqda bir zəmanət sayılmır.”
İnfeskionist Omikrona yoluxma zamanı ağırlaşma hallarının olmamasına da diqqət çəkib:
“Omikronla ağırlaşma ehtimalı isə Delta ilə müqayisədə daha azdır. Burada səbəb virusun molekulyar quruluşunda mutasiya nəticəsində getmiş dəyişikliklərdir. Bu mutasiyalar Omikronu ağciyər üçün daha az təhlükəli edir. Yuxarı tənəffüs yolu simptomları isə burada özünü daha çox göstərir. Nəticədə ağırlaşmalar olsa da, müqayisədə daha az rast gəlir”.