Rəbiyyə Məmmədova: “Onlar aylardır ki, ailələrini görmürlər”
“Gündə 4000+ nəfərin koronvirusa yoluxduğu ölkədə koronviruslu xəstələrlə işləyən tibb personalının əməkhaqlarından dekabr ayı üçün 20% tutulacağı ilə bağlı xəbərlər gəlir. Üstəlik, xəbər gəlir ki, Atletlər Kəndi deyilən yerdə qalan və FHN-nin Zığda yerləşən modul tipli xəstəxanasında işləyən tibb personalı verilən yeməklərdən zəhərlənib”.
Bunu aktivist, deputatlığa keçmiş namizəd Rəbiyyə Məmmədova yazıb.
O qeyd edib ki, koronavirusla mübarizə aparan tibbi personal ağır şəraitdə fəaliyyət göstərir və onlara qarşı belə addımların atılması yanlışdır: “Ordakı tibb heyətinin kadr çatışmazlığından necə əziyyət çəkdiyini öz gözlərimlə görmüşəm. Ayaq üstə qalmaqdan ayaqları şişib. Həmçinin onların axsayaraq yeridiklərini, lakin ehtiyacı olan xəstəyə necə qaçdıqlarını görmüşəm”.
Rəbiyyə Məmmədova deyir ki, həkim və tibb işçiləri aylardır ailələri ilə normal görüşə bilmirlər: “Ayalardır övladlarını, valideynlərini görmürlər, otel həyatı yaşayırlar, həyatları tək xəstəxanadan ibarətdir. Onlar olmasa, yaxınlarımızı bəlkə də elə özümüzü bu bəladan müalicə edəcək tibb heyyəti tapmayacağıq. Dəyər verin koronvirus müharibəsinin qəhrəmanlarına!”, – deyə aktivist tibb işçilərinin əməkhaqlarının tutulmasına etiraz edib.
TƏBİB-dən isə bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.