Hokm.az “report”a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada komaya düşüb.
Bir neçə gün komada qalan K.İbrahimov 59 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.
K.İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.
K.F.İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib.
Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.
9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin “Qala Tarix-Etnoqrafiya Qoruğu”nda direktor müavini vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!