“Kəlbəcərdəki mina partlayışında Rusiyanın da günahı var” – ŞƏRHbackend

“Kəlbəcərdəki mina partlayışında Rusiyanın da günahı var” – ŞƏRH

“Kəlbəcərdə vətəndaşlarımızın minanın partlaması nəticəsində həlak olmasında Rusiyanın da günahı var”.

Hokm.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxam Şahinoğlu iyunun 4-də 3 nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə nəticələnmiş mina partlayışı hadisəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, məhz Moskva Bakıdan xahiş etmişdi ki, Kəlbəcərin boşaldılması bir qədər yubadılsın, guya ermənilərin ərazini tərk etmələri üçün əlavə zamana ehtiyacları var.

“Biz ermənilərə zaman tanıdıq, onlar da bu zaman kəsiyində əraziyə minalar döşədilər. Dövlət strukturları hadisədən dərhal sonra bəyanat yayırlar, bu azdır, baş verən hadisəyə uyğun fəaliyyət planımızı da hazırlamalı və həmin planı reallaşdırmağa başlamalıyıq”.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 4 iyun 2021-ci ildə xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanalları və xəbər agentlikləri əməkdaşlarının əyləşdiyi “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkət zamanı tank əleyhinə minaya düşüb:

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

  •  (0)
  •  (0)