“Karantindən çıxış yolları”backend

“Karantindən çıxış yolları”

15 aprel 2020-ci il tarixdə açıqlanan rəsmi məlumata görə Azərbaycanda koronavirusa yoluxanların 66 nəfəri 0-9 yaş arası, 60 nəfəri 10-19 yaş arası, 175 nəfəri 20-29 yaş arası, 214 nəfəri 30-39 yaş arası, 198 nəfəri 40-49 yaş arası, 248 nəfəri 50-59 yaş arası, 157 nəfər 60-69 yaş arası, 56 nəfəri isə, 70-79 yaş arası olan şəxslərdir.

Bu rəqəmlərə adi statistik rəqəmlər kimi yanaşmaq olmaz. Onların təhlil edilməsi karantin rejiminin şərtlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Rəqəmlər yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olması barədə səslənən fikirləri təsdiq etməklə yanaşı buraxılan səhvlərə də güzgü tutur: yoluxanların 122 nəfəri 19 yaşınadək olanlardır. Bu təbəqədən olanları da izolyasiya etmək lazım imiş.

Epidemiyalar, təbii fəlakətlər zamanı istənilən ölkənin hüquq sistemində boşluqlar və ziddiyyətlər özünü biruzə verir. Bunlar qaçılmazdır, anlaşılandır. Anlaşılmayan odur ki, bəzən qəbul edilmiş qərarların məntiqi ardıcıllığı gözlənilmir, davam etdirilmir. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması barədə qəbul edilmiş qərar vaxtında və yerində verilmişdi. Bunun məntiqi davamı azyaşlıların, məktəblilərin evdən çıxmasını yasaqlamaq olmalı idi, olmadı. Lakin indi də gec deyil.

Bu tip misalları çox çəkmək olar. Məsələn mebel təmir edın ustaların əvəzinə bərbərlərə, heç olmazsa, dərzilərə icazə vermək olardı. Dərzilər maska tikməklə daha faydalı olardılar. Məqsədimiz nöqsanlardan danışmaq deyil, sadəcə bir-iki nümunə göstərməklə aşağıdakı təkliflərimizə zəmin yaratmaq istədik.

Bəzi ölkələrdə artıq karantin müddətinin uzadılması barədə qərar verilibdir. Ölkəmizdə də bu qaçılmazdır. Lakin müddətin mexaniki uzadılması ilə kifayətlənməli deyilik. İndiyə qədərki karantin təcrübəmizdən faydalanaraq daha smart qaydalar müəyyən etmək, yanlışları aradan qaldırmaq imkanımız vardır.

Beləliklə, yaxın gələcəkdə ölkəmizdə fövqəladə vəziyyət elan olunmaması üçün aprelin 20-dən sonra gözlənilən növbəti karantin müddətində aşağıdakı məhdudiyyətlərin tətbiq olunmasının təxirə salınmaz sosial tələbat olduğu qənaətindəyəm:
1) 18 yaşınadək şəxslərin (fəaliyyətinə icazə verilmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan 15-18 yaşlılar istisna olmaqla) evdən çıxmasına icazə verilməsin;
2) 60 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməsin;
3) Xidməti statusuna görə icazə almadan hərəkət edən şəxslərin hərəkət sərbəstliyi iş vaxtı ilə məhdudlaşdırılsın;
4) Marketlərin iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilsin;
5) Sui-istifadə hallarına yol açdığı üçün yaxın qohumun dəfn mərasimində iştirak üçün sms icazə sistemi ləğv edilsin;
6) Şəhərdaxili ictimai nəqliyyat vasitələrində oturacaq sayından artıq sayda sərnişinlərin daşınmasına qadağa qoyulsun;
7) ərzaq məhsullarının alınması üçün verilən 2 saatlıq icazə hər dəfə 1 saat müddətinə olmaqla gündə 2 dəfə verilsin;
8) Müştərinin iştirakı olmadan həyata keçirilməsi mümkün olmayan məişət və digər növ xidmətlərin (məsələn bərbərxana xidməti) fəaliyyətinə xüsusi qrafiklə icazə verilsin(Məsələn, həftədə 3 gün, gün ərzində 6 saat, əvvəlcədən növbəyə yazılmaqla və s.);
9) Müştərinin iştirakı olmadan həyata keçirilməsi mümkün olan ticarət, məişət və digər növ xidmətlərə (məsələn, təmir sexləri, yuyucu sexləri, tikinti materialları mağazaları) icazə verilsin;
10)

10-cunu qəsdən boş saxladım, siyahını uzatdıqca uzatmaq olar. Lakin 10-cu bənddə “hər kəs özünə daha çox məhdudiyyət qoysun” ola bilərdi, yaxud da “bu günədək karantin qaydalarını pozmağa görə yazılmış cərimələr bağışlansın”.

Gərək bağışlayasınız, bu yazı “Karantindən keçən yollar” adlandırılmalı idi…

Anar Qasımlı
Sumqayıt Regional Vəkil Bürosunun müdiri

  •  (1)
  •  (2)