İT məktəbin Britaniya məzunu olan rəhbəri: “Övladınızın gələcəyi üçün…”backend

İT məktəbin Britaniya məzunu olan rəhbəri: “Övladınızın gələcəyi üçün…”

Mədinə Paşayeva: “Missiyamız “ Gənc nəslin dünyaya innovasiyalar gətirməsi üçün onların bilik və bacarıqlarını inkişaf etdirərək tədris verməkdi”

Məlumat verdiyimiz paytaxtda ölkəmiz üçün bir ilk sayılan “Maestro School” məktəbi fəaliyyətə başlayıb. İnformasiya texnologiyaları (İT), proqramlaşdırma sahəsində ixtislaşan məktəb 6 yaşından 16 yaşınadək uşaqlara xidmət göstərir. Kanada, Ukrayna və Hollandiyadan olan partnyor şirkətlərlə birgə ərsəyə gətirilən bu məktəbdə robotexnika, “IT start”, oyun tərtibatçısı, “Minecraft, VR/AR” tətbiqlərin tərtibatçısı, mobil tətbiqlərin tərtibatçısı, “Wix Scratch”, “Uİ&UX Dizayn”, kiber təhlükəsizlik, “Data Science” proqramları tədris olunur.

Azərbaycanda böyük maraqla qarşılanan “Maestro School”un təsisçisi Mədinə Paşayeva ilə müsahibəmizdə məktəbin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında söhbətləşdik.

– Mədinə xanım, təsisçisi olduğunuz İT məktəbinin fəaliyyətə başlaması ictimaiyyətdə böyük maraqla qarşılandı. Əvvəlcə bu layihənin yaranma zərurəti barədə məlumat verərdiniz?

– Təsadüfi deyil ki, İnformasiya texnologiyaları (İT) sahəsi bu günün və gələcəyin peşələri arasında lider mövqeyindədir. Heç şübhəsiz bunu doğuran səbəb rəqəmsal texnologiyaların inkişafı, bəşəriyyətin qarşısında yeni üfiqlər açmasıdır. Müasir dünya Dördüncü Sənaye İnqilabı dövrünə qədəm qoyur. Bu isə öz növbəsində istehsalın avtomatlaşdırılması, robotlaşma, süni intellektdən istifadə, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Bu xüsusda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması ən çox müzakirə olunan mövzulardandır. Ötən ilin yanvarında Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” təsis edildi. Dövlət başçısı bəyan etdi ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və geridə qalmamaq üçün bu istiqamətdə çox ciddi addımlar atılır. Təbii ki, bütün bunlar təsadüfi deyil və mövcud müasir şəraitdə rəqəmsal texnologiyaları inkişaf etdirmədən ciddi iqtisadi uğurladan bəhs etmək olmaz.

Məhz bütün bu reallıqları və İT sahəsinə olan tələbatı nəzərə alaraq, “Maestro School”u təsis etmək qərarına gəldik. Burada haşiyəyə çıxaraq bildirim ki, hələ sovetlər dövründən Azərbaycanda müxtəlif təmayüllər üzrə məktəblər (fizika-riyaziyyat, kimya-biologiya, humanitar və s.) fəaliyyət göstərib. Mövcud şəraitdə isə İT sahəsinə xitab edəcək tədris müəssisəsinin yaradılmasına ciddi ehtiyac var idi. 6 yaşından 16 yaşına qədər uşaqlara müxtəlif proqramlaşdırma dilində təhsil vermək niyyətindəyik və bu sahə üzrə tam təkmilləşəndən sonra yeniyetmələr öz mobil tətbiqlərini, veb saytlarını yarada biləcəklər. Peşəkar müəllimlərdən ibarət komandamız uşaqların proqramlaşdırma dillərinə yiyələnmələri üçün operativ şəkildə və qrafiklərə uyğun olaraq dəstək göstərəcəklər. Məqsədimiz məktəbliləri, gəncləri keyfiyyətli IT təhsili ilə təmin etməkdir.

– “Maestro School”un fəaliyyət istiqamətləri barədə danışdınız. Bəlkə biraz da konkretləşdirək, məktəbin özəlliyi nədən ibarətdir?

– Məktəbimizin yüksək ixtisaslı, peşəkar müəllim heyəti gələcək İT mütəxəssislərini yetişdirəcək və onlara kompleks təlim proqramları, təlimçilər və effektiv tədris metodikası ilə xidmət göstərəcək. Uşaqlar üçün proqramlaşdırma proqramına “Scratch”, “Wix”, “HTML + CSS”, “Python” və “Soft Skills” ( “Scrum”, “Time Management”, “Portfolio Presentation”), idarə olunan dronları, pultla idarə olunan avtomobilləri, müxtəlif mürəkkəblikdə robot modelləri yaratmaq, yeniyetmələr üçün Front-endvə back-end veb proqram tərtibatçısının bilməli olduğu bilik və vərdişlər, veb saytlar hazırlamaq, “HTML/CSS”ə, eləcə də “JavaScript” dilində proqramlaşdırmanın əsasları, irəli mərhələdə isə “Uİ&UX Dizayn”, yəni, mobil proqramlar və vebsaytlar üçün istifadəçi interfeyslərinin dizaynı, “Photoshop”, “Illustrator”, “Figma”, “Invision”, “Framer X”, “Sketch” proqramlarında işləmək, layihələrin yaradılması bacarıqları tədris olunacaq.

Baxmayaraq ki, qısa müddətdir fəaliyyətə başlamışıq, artıq bizim məktəbə maraq göstərən valideynlərin sayı çoxdur. Çünki İT texnologiyaları mənimsəmədən, rəqəmsal inkişafı əks etmədən gələcəkdə peşə və karyera uğurları qazanmaq çox çətin olacaq. Bu təkcə İT mütəxəssisləri deyil, digər sektorlarda çalışan şəxslər üçün də zəruri olacaq. Çünki rəqəmsal iqtisadiyyatın qurulması müasir dövrün tələbidir. Beynəlxalq təcrübədə belə məktəblərin sayı çoxdur və inteqrasiya olunmuş iqtisadi şəraitdə Azərbaycanın da buna ciddi ehtiyacı var. Hədəfimiz Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində məktəblilər üzrə birincilik qazanmaqdır. Ümid edirik ki, istəyimizə nail olacağıq.

– Dünyanın ən nüfuzlu universitetlərindən birində – Böyük Britaniyanın “Mançester” Universitetində təhsil almısınız. Bakıdan İngiltərəyə uzanan yol necə başladı?

– Qeyd edim ki, adını çəkdiyiniz bu universitetə daxil olmamışdan öncə ilk, yəni bakalavr və ilk magistr təhsilimi Azərbaycanda almışam. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə bitirmişəm. Təbii ki, akademiyada əldə etdiyim təcrübənin həyatımda müstəsna əhəmiyyəti oynayıb. Lakin beynəlxalq aləmı çıxış, Avropa protokollarına uyğun təhsil almaq istəyi məni Böyük Britaniyanın “Mançester” Universitetində ikinci dəfə magistr dərəcəsini qazanmağa sövq etdi. İngiltərənin eyniadlı şəhərində yerləşən universitetin “Biznesin idarəedilməsi üzrə” ixtisası üzrə məzunu oldum. Eyni zamanda ABŞ-ın “Yel” Universiteti nəzdində İdarəetmə Məktəbində qadın liderlik proqramın da iştirak etmişəm, “APMG” International Dəyişiklərin idarəedilməsi üzrə beynəlxalq akkreditasiyadan keçmişəm. Təbii ki, təhsilimi başa vurduqdan sonra, ölkəmin inkişafına töhfə verməyə çalışıram.

– Karyeradan söz düşmüşkən, maraqlı bioqrafiyanız var. Marketinq meneceri, hüquqşünas, inzibati idarəetmə, kouçinq və s…

– Bundan öncəki suala cavabda qeyd etdiyim kimi, həm hüquqşünas, həm də biznesin idarəedilməsi ixtisası üzrə ali təhsil almışam. Bakıya qayıtdıqdan sonra həm daxili auditoriyaya, həm də investorlara xitab edən “Caspian Business News” ingilis dilli qəzetinin redaksiyasında marketinq meneceri kimi əmək fəaliyyətinə başladım. Ardınca isə yolumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) saldım. Hüquqşünas kimi “Socar AQŞ”də fəaliyyətə başlasam da, Təşkilati İnkişaf bölməsinin rəhbəri vəzifəsinə qədər yüksəldim. Hal-hazırda isə “Kinqstaun” Kollecində Korporativ və İndividual Koüçinq üzrə (Advanced Diploma in Personal, Leadership and Executive coaching) təhsilimi tamamlayıram və korporativ kouç kimi də fəaliyyət göstərirəm. Müxtəlif startap layihələri ilə çıxış etmişəm və təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, kifayət qədər uğurlu nəticələri var. Biznes elə bir geniş anlayışdır ki, burada haradan başlayıb haradan qurtarmaq lazım olduğuna təkcə sən qərar vermirsən. Dünya dəyişdiyi kimi, sən də dəyişməyə və öz fəaliyyətində yeniliklər etməyə məcbursan.

– Bir biznes mütəxəssisi olaraq Azərbaycanda sahibkarlığın mövcud səviyyəsi sizi qane edirmi?

– Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bir daha göstərdi ki, iqtisadi inkişafa nail olmağın başlıca şərti daxili bazarı inkişaf etdirməkdən keçir. Çünki heç bir dövlət gərgin beynəlxalq münasibətlər sistemi şəraitində bu kimi hallardan sığortalanmayıb. Bu mənada son illər qeyri-neft sektorunun, yerli sənayenin, xidmət sektorunun inkişafı istiqamətində atılan addımlar təqdir olunmalıdır. Təbii ki, bununla kifayətlənmək olmaz və qarşıda görəcəyimiz işlər hələ çoxdur. Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, özəl sektoru inkişaf etdirmək olduqca mürəkkəb bir texnologiyadır. Bunun üçün ən müxtəlif komponentlər bir-birini tamamlamalıdır. Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, sənaye və texnologiya parklarının, eləcə də sənaye məhəllələrinin yaradılması, yerli istehsalın subsidiyalar hesabına dəstəklənməsi, ixracın və investisiyanın təşviqi və dəstəklənməsinə yönəlik addımlar, sosial sahibklarlığın inkişafı istiqamətində görülən işlər də təqdir olunası məqamlardandır.

– Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) komissiya rəhbərisiniz. AQSİA-ya gəlişiniz necə baş verdi?

 – Sahibkarların kordinasiyalı fəaliyyət göstərməsi, birgə biznes təşəbbüsləri ilə çıxış etməsi, dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulması, ortaya çıxan problemlərinin birlikdə həlli, iş adamlarının hüquqlarının müdafiəsi baxımından assosiativ biznes qurumlarının təsis olunması çox vacib addımdır. Bütün dünyada bu cür assosiativ birliklər mövcuddur və həm qərarların qəbuluna, həm də ictimai rəyə geniş təsir imkanları var. Çox sevindirici məqamdır ki, Azərbaycan hökuməti belə qurumların yaradılmasında maraqlıdır və İqtisadiyyat Nazirliyinin bilavasitə dəstəyilə təsis edilən bu assosiasiyalar sahibkarlığın inkişafına mühüm töhfələr verir. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası bu gün qadın sahibkarlar arasında ən uğurlu platforma olmaqla yanaşı, xanımlar arasında peşəkar biznes vərdişlərinin və məşğulluğun artırılması, beynəlxalq əlaqələrin qurulması istiqamətində ciddi layihələr həyata keçirib. Müasir biznes baxışları olan, qarşılıqlı və faydalı əməkdaşlığın yalnız tərəqiyyə gətirib çıxardığını düşünən bir iş adamı olaraq AQSİA-ya üzv olmaq qərarını verdim və gəldiyim gündən bəri assosiasiyanın fəaliyyətində fəal iştirak edirəm. Eyni zamanda AQSİA-nın “İnnovasiyalar və rəqamsal inkişaf” komissiyasının rəhbəriyəm. Komissiya rəqəmsal texnologiyaların təşviqi sahəsində AQSİA üzvlərinin maarifləndirilməsi missiyasını həyata keçirir.

– Sonda tədris fəaliyyəti ilə məşğul olan bir xanım iş adamı olaraq valideynlərə və şagirdlərə hansı tövsiyyələri vermək istərdiniz?

– İlk növbədə onu deməliyəm ki, müasir təhsil bir çox xüsusiyyətləri ilə ənənəvi təhsildən fərqlənir. Bu mənada həm valideynlərin, həm də şagirdlərin tədrisə baxışı kökündən dəyişməlidir. Şübhəsiz ki, şagirdlərin bütün fənlərdən məlumatlı olması labüddür. Lakin övladını yükləmək ki, mütləq bütün fənlərdən yüksək qiymət almalısan, bu onların inkişafına səbəb olmur. Gələcək konkret peşələrin dövrüdür. Uşağın intellekti daha çox hansı sahəyə uyğun gəlir, gələcəkdə hansı peşələrə tələbat daha çox olacaq və s. amillər olduqca  vacibdir. “Maestro School”un da fəaliyyətə başlamasının əsas səbəbi məhz budur. Təsəvvür edin ki, “Facebook”un yaradıcı  Mark Mark Zukerberq, “Microsoft”un yaradıcısı Bill Qeyts universiteti yarımçıq tərk ediblər. Lakin kifayət qədər uğurlu karyera sahibidirlər. Belə nümunələr çoxdur. Ali təhsil almaq zəruridir. Lakin ondan daha vacibi fərdi keyfiyyətlərə və müasir çağırışlara cavab verən peşə yönümlü biliklərə malik olmaqdır.

// Azər Niftiyev, SOSİUM.az

  •  (0)
  •  (0)