İşgüzar xanımlar Heydər Əliyevin işığına toplaşdılar – FOTOLARbackend

İşgüzar xanımlar Heydər Əliyevin işığına toplaşdılar - FOTOLAR

Martın 6-da “Park İnn” hotelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Founder Club”un və “Founder Women Club”un  birgə təşkilatçılıgı ilə “Heydər Əliyev ili: Biznes İdarəçiliyində qadının əhəmiyyəti” adlı tədbir baş tutub. Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə dövlət himni ilə açıq elan edilib.

Tədbirdə giriş nitqi söyləyən “Founder Women Mərkəzi”nin rəhbəri, iş adamı İradə Şükürova bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda qadınların inkişafına misilsiz töhfələr verib. Onun sözlərinə görə, məhz ulu öndərin rəhbərliyi altında ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulub: “Eyni zamanda ulu öndərin xeyir-duası ilə 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsinin adından Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edilib”.

İradə Şükürova qeyd edib ki, bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: “Cənab Prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis olunub. Ölkədə qadınların məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən qadınlara dəstək dövlət siyasətinin real nəticələrini hər bir Azərbaycan qadını öz gündəlik həyatında hiss edir. Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif sahələrində, habelə biznes sefrasında çalışan, özünü təsdiq edən xeyli sayda xanımlarımız yetişib”. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xanımlarının parlaq nümayəndəsi olduğu söyləyən İ.Şükürova əlavə edib ki, ölkəmizin birinci xanımı hər bir Azərbaycan qadını üçün örnəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmisi Natiq Əliheydərov, “Founder Club”un rəhbəri Ruslan Dəmirov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva, “Coca-Cola Company” şirkətinin direktoru Rəna Məmmədova, “Gazelli Group” şirkətinin direktoru Diana Həsənova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı,  “Azərbaycan Sahibkar Qadınlar” Birliyinin sədri Zemfira Ağayeva, “Milena Hospital”ın rəhbəri Xuraman Muradova, tanınmış teleaparıcı Dilarə Əliyeva, tanınmış bəstəkar Gövhər Həsənzadə, “Maricel Astara Resort” otelinin təsisçisi Samir Əlizadə, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva və digər natiqlər tədbirin əhəmiyyətindən və müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin fəaliyyətindən bəhs ediblər.

Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin çıxıları və həvəsləndirici lotareyanın təşkili ilə davam edib. Tədbir iştirakçılarına hədiyyələr təqdim olunub. Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Elza Seyidcahan, “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Avroviziya mahnı müsabiqəsinin iştirakçısı Samirə Əfəndi, populyar müğənnilər Elnarə Xəlilova gözəl ifaları ilə tədbirə rəng qatıblar.

 

  •  (1)
  •  (0)