“İran müharibəyə başlaya bilməz, bilir ki, uduzacaq” – MÜSAHİBƏbackend

“İran müharibəyə başlaya bilməz, bilir ki, uduzacaq” - MÜSAHİBƏ

Əhməd Obalı: “Artıq Güney Azərbaycan əvvəlki Güney Azərbaycan deyil”

İranla Azərbaycan arasında münasibətlər kritik mərhələyə daxil olub. Cənub qonşumuzun Azərbaycan sərhədlərinə quru qoşunlarını cəmləşdirməsi və Bakını təhdid etmək üçün genişmiqyaslı hərbi təlimlər keçirməsi, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılan kampaniya cəmiyyətdə ciddi etirazla qarşılanır. Bir çox yerli və beynəlxalq ekspertlər belə hesab edir ki, İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından qorxur. Fars rejimi hesab edir ki, bu baş verərsə, iki dövlət üzərində təsir gücünü itirəcək. Eyni zamanda Azərbaycanla Türkiyənin yaxınlaşması, tarixdə görünməmiş həddə birlik nümayiş etdirməsi də rəsmi Tehranı narahat edən məqamlardandır.

Hokm.az hazırda ABŞ-da yaşayan soydaşımız, “Günaz” TV-nin qurucusu və siyasi mühacir Əhməd Obalı ilə müsahibəsində bu və digər məqamlara aydınlıq gətirib.

– İlk sualımız Azərbaycana növbəti səfərinizlə bağlı olacaq. Bildiyimiz qədər üç ildir ölkəyə gəlmirsiniz?

– Demək olar ki, hər il Azərbaycana səfər edirdim. Səfər çərçivəsində rəhbəri olduğum “Günaz” TV-nin redaksiyasında olur, əməkdaşlarla fikir mübadiləsi aparır, müxtəlif görüşlər keçirirdim. Bu bir ənənəyə çevrilmişdi və istisnasız olaraq hər il Azərbaycanda olurdum. Koronavirus pandemiyası səbəbindən üç ildir ölkəyə gələ bilmirdim. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra vətəndə olmamışdım. Aşığını deyim ki, bu səfərim zamanı insanların üzərində sevinc, müsbət emosiyalar hiss edirəm. Yəqin ki, əldə etdiyimiz tarixi Zəfər də bu məsələdə az rol oynamayıb.

– 44 günlük Vətən müharibəsindən söz düşmüşkən. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız böyük birlik nümayiş etdirdilər…

– Sözümüzü kəsir. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycan bu qələbə ilə öz üzərində olan tarixi ləkəni sildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu tarixi anları bizə yaşatdı. Biz Prezident İlham Əliyevin cəsarətli və qətiyyətli siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasında bu qələbəni əldə etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Müharibə dövründə xaricdə yaşayan soydaşlarımızın, eyni zamanda bütün güneylilərin ürəyi Azərbaycan həsrəti ilə döyünürdü. Ötən ilin iyulunda Tovuz hadisələrindən və qərhəman zabitimiz Polad Həşimovun şəhid olmasından sonra soydaşlarımız yüksək birlik və fəallıq nümayiş etdirdilər. Tovuz hadisələri artıq gələcək müharibənin və zəfərin anonsu idi. Harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının bu məsələdə prisnipiallıq nümayiş etdirməsi dövlətimizi, ordumuzu da ürəkləndirdi. Hər şey Azərbaycandan vüsət aldı və kənardakı soydaşlarımız da bu prosesə biganə qalmadılar. Bütün günü kompyuterin arxasında qələbə xəbərlərini gözləyirdik. Çox qürurverici haldır ki, hər gün yeni-yeni qələbələr qazanırdıq. Bu 44 gün ərzində 44 illik bir yol keçdik.

– Tarixi Zəfərdən sonra müəyyən qüvvələr, o cümlədən İran Azərbaycana qarşı təzyiqləri artırdı. İranla Azərbaycan arasında hazırda nə baş verir?

– Əvvəla onu deyim ki, İran Azərbaycana qarşı heç bir müharibəyə start verə bilməz. Özü bilir ki, bu müharibəni uduzar. Təkcə ona görə yox ki, Azərbaycanın Ordusu ondan güclüdür. Bəli, say baxımından olmasa da, təlim, peşəkarlıq baxımından Azərbaycan Ordusu daha güclüdür. Bu gün İran Ordusunun 35-40 faizi azərbaycanlılardan ibarətdir. Güney Azərbaycan daha əvvəlki Güney Azərbaycan deyil. Güneydəki soydaşlarımız Qarabağ məsələsində öz mövqeyini aydın şəkildə ortaya qoydular. Bu İranın özünə kifayət qədər aydın mesaj idi. Əminliklə söyləmək olar ki, cənubdakı soydaşlarımızın əksəriyyəti Azərbaycan dövlətinin yanındadır. Bu baxımdan İrana qarşı ən böyük təhlükə öz dövlətin daxilindədir. Artıq fars rejimi görür ki, bu gün Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Faktiki olaraq Qafqaz Azərbaycanın təsir dairəsindədir. Ermənistan Rusiyaya bağlı olsa da, bir gözü Azərbaycandadır. Orta Asiya bunları görür və ruhlanır. Azərbaycan güclənir, Türkiyə də güclənir. Türkiyə güclənir, Azərbaycan da güclənir. Artıq yeni reallıqlar ortaya çıxıb. Artıq bu reallığı dəyişmək mümkün deyil. Sovetlər Birliyini geri qaytarmaq nə qədər realdırsa, bu iddialar da bir o qədər realdır.

– Milli Məclisin sabiq sədri Rəsul Quliyevin açıqlaması cəmiyyətdə ciddi etirazla qarşılandı. Sizcə, onun bu açıqlaması nədən qaynaqlanır?

– Rəsul Quliyevin açıqlamasını çox təəssüf hissi ilə qarşıladım. Onun dediklərinin tarixi baxımdan heç bir əsası yoxdur. Ölkə rəhbərliyində təmsil olunmuş və özünü siyasətçi adlandıran şəxsin belə savadsız fikirlər bildirməsi ayıbdır. XIX əsrin sonuna qədər İran adında bir dövlət mövcud olmayıb. Yalnız müəyyən sülalələr mövcud olub. Qacar dövlətinin sülalələsi, Nadir şahın dövrü, Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu, Səlcuqlular və s… Hər sülalə öz adı ilə dövlət qurub. Səlcuqlu dövlətinin torpaqları hara idi? Yaxud Səfəvilər dövlətinin torpaqları harada yerləşirdi? Hamımız bilirik axı Şah İsmayıl Xətai fars deyil, Ərdəbildəndir, azərbaycanlıdır. Bunun dövlətinin torpağı hara idi? Bunların hamısı Azərbaycanın əraziləri idi. Rəsul Quliyevin söylədiyi “Qacar dövləti parçalanmış İran dövlətidir” açıqlaması kökündən yanlış olmaqla bərabər, həm də tarixi saxtalaşdırmaq cəhdidir. Əvvəla, bu Qacar dövləti idi, İran yox. Digər yandan müxtəlif ölkələrin birliyi idi. Onlardan biri də Azərbaycan idi. Rza Şah Pəhləvi hakimiyyətə gələnə qədər İran dörd müxtəlif əyalətdən ibarət olub. Tarixdə İran-Rusiya savaşı olmayıb, Azərbaycan-Rusiya savaşı olub.

– İran 44 günlük Vətən müharibəsi dövründə, ondan öncə də, sonra da Ermənistanı silahlandırıb. Sizcə, bu dəstəyin səbəbi nədir?

– İranla Azərbaycan arasında düşmənçiliyin nə Ermənistana, nə də digər məsələlərə dəxli yoxdur. İranla Azərbaycanın düşmənçiliyi tarixi düşmənçilikdir. Fars-türk davası həmişə olub və bu gün də var. Biz türk olduğumuza görə, İran hər zaman bizə qarşı düşmən mövqeyi sərgiləyəcək. Bunu unutmaq lazım deyil. Buna qədər İran öz çirkin siyasətini pərdələməyə çalışırdı. Sözdə Azərbaycanla dost ölkə olduğunu deyir, əməldə isə başqa addımlar atırdı. Artıq imitasiya dövrü bitib. Müasir şəraitdə daha heç kimi aldatmaq mümkün deyil. Azərbaycanın qələbə qazanması, aparıcı regional oyunçuya çevrilməsi, Türkiyə ilə münasibətləri daha da dərinləşdirməsi fars-molla rejimini ciddi şəkildə narahat edir. Lakin biz qətiyyən narahat deyilik. Əksinə, sevinməliyik ki, İran iç üzünü göstərdi. Yatanları da ayağa qaldırdı, müsəlman adı altında “İranla həmrəylik vacibdir” deyənləri də qəflət yuxusundan oyatdı. İran rejimi unudur ki, bu gün Azərbaycan kifayət qədər güclü dövlətdir. Kifayət qədər hərbi və iqtisadi imkanları var. Düşünün, Azərbaycan relyefin və istehkamların törətdiyi maneələrə baxmayaraq, böyük qələbə qazandı. Dünya praktikasında qəbul olunub ki, istehkamlara qarşı döyüşən ordu qarşı tərəfdən 5-7 dəfə çox itki verir. Lakin biz düşməni darmadağın etdik və onlardan iki dəfə az itki verdik. Sözsüz ki, İran yekunda geri çəkiləcək. Buna şübhəniz olmasın. Sadəcə vəziyyətin onların xeyrinə olmadığını görürülər və ölkəmizə qarşı basqıların arxasında da məhz bu səbəb dayanır.

Mikayıl Mirzəzadə

HOKM.AZ

  •  (0)
  •  (0)