İran dövlət televiziyasında ədəbiyyat müəlliminin azərbaycanlı şair Məhəmməd Füzuli barədə dediyi sözlər ölkədəki türklərin sərt reaksiyalarına səbəb olub.
Hokm.az Kult.az-a istinadla xəbər verir ki, televiziyada yayımlanan dərs zamanı müəllim Füzuli əbəs yerə “Füzuli” (boş, mənasız, cəfəng, uzunçuluq edən; orijinal ərəbcədə maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs) təxəllüsünü almadığını deyib.
“Saib Təbrizi nə yazdısa, Füzuli türkcə divanına öz şeiri kimi daxil edib”, – deyə müəllim tarixi qarışdıraraq, sərsəmləyib.
Saib Təbrizinin Füzulidən təxminən 40 il sonra dünyaya gəldiyinə baxmayaraq, iranlı müəllimin Füzuli ilə bağlı bu cür sərsəmləməsi kəskin reaksiyalara səbəb olub.
Hadisədən bir gün sonra İran dövlət televiziyası mövzu ilə bağlı üzr mesajı yayımlasa da, bu, etirazların kəsilməsinə bəs etməyib.
Bir gün sonra yenidən ibtidai məktəb tədris proqramında müəllimin “keçmişdə türk idarəçilərin xüsusiyyətləri nələrdir?” sualına “səhrada gəzən bədəvilər” cavabı verməsi isə ocağa yağ atıb.
İranlı akademik, Ankara Universitetinin professoru Məhəmməd Rza Heyət məsələ ilə bağlı açıqlama yayıb.
“İranda dövlətə məxsus qurumlar və ya media orqanları vasitəsilə türkləri təhqir etmək ölkənin birliyinə zərər verir.
Füzuli İran, Azərbaycan bölgəsində yüksək qiymətləndirilən türk şairidir. XVI əsrdə Əlişir Nəvai şərq türkləri arasında məşhurlaşdığı kimi, Füzuli də qərb türkləri arasında məşhur idi. Füzuli ərəb, fars və türk dillərində əsərlər yazıb. Ən güclü əsərləri türk dilində idi. İranda müasir təhsil tətbiq olunmadan əvvəl Təbriz kimi türk şəhərlərində Füzulinin əsərləri dərs vəsaiti kimi istifadə olunurdu. 1979-cu il inqilabına qədər Füzulinin türkcə divanı İranın türk bölgələrində demək olar ki, bütün evlərdə tapılırdı. Füzulinin kitabları inqilabdan sonra da ən çox nəşr olunan və oxunanlar kitablar arasında idi”, – professor bildirib.