“Düşünürdüm ki, biz qalib gələcəyik. Amma belə düşünməyim, kimisə aldatmağım anlamına gəlməməlidir”.
Hokm.az sfera.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bunu erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ovannisyan müharibə günlərində xalqı aldatmaları ilə bağlı iddialara cavab olaraq bildirib ki, Şuşanın süqutuna qədər erməni tərəfinin qələbə qazanacağına inanırmış.
“Siz qəlbi qan ağlayan məğlub zabitlə danışırsınız. Məğlubiyyəti mən və bütün xalqımız çox ağır yaşayır. Müharibə boyu qələbəyə inanmışam. Xalqımız nizami ordunun şücaətlə döyüşdüyünə əmin idi, mən də məhz belə düşünürdüm. Ordunun necə döyüşdüyünü bilə-bilə, başqa cür necə danışa bilərdim?”, -deyə Ovannisyan vurğulayıb.
“Alınmaz Şuşa necə alındı?” sualına Ovannisyan belə cavab verib: “Bilmirəm. Mənim də anlamadığım məqamlar var. Olanları araşdırıb öyrənmək lazımdır. Müharibə zamanı anlamadığım məqamlara özüm üçün aydınlıq gətirmək məqsədilə hər gün yeni məlumatlar toplayıram.
Müharibə boyu yalnız Müdafiə Nazirliyindən və Əməliyyat Qərargahından məlumat alırdım, nəyisə dəqiqləşdirmək istəyəndə isə nizami qoşunlarla əlaqə yaradırdım. Noyabrın 9-dək başqa informasiya mənbəyim yox idi. Noyabrın 8-i, Petros Qəzaryanın yanında olduğum zaman, Müdafiə Nazirliyindən şəhəri demək olar ki, təmizlədiyimizə dair məlumat gəldi. Biz 9 noyabr səhəri şəhərin tamamilə təmizlənəcəyini gözləyirdik, amma bunun əksi oldu”
O, müharibə zamanı baş nazirin həyat yoldaşı Anna Akopyanla görüşdüyü barədə yayılan şaiyələri təkzib edib. “Bu ağ yalandır. Müharibə dönəmində onu uzaqdan belə görmədim”,- deyə Ovannisyan bildirib.