Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
O, Nardaran Qəbiristablığında oğlunun yanında dəfn olunacaq.
Hokm.az xəbər verir ki, bir sıra siyasilər İlyas İsmayılovun ölümünə görə başsağlığı paylaşımı ediblər.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:
“Böyük Quruluş Partiyasının Mərkəzi Aparatının üzvləri görkəmli dövlət, elm və ictimai-siyasi xadim İlyas İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə, əzizlərinə, rəhbəri olduğu Ədalət Partiyasının bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, İlyas müəllimə Uca Allahdan rəhmət, yaxınlarına səbrlər diləyir. Dəyərli Şəxsiyyət İlyas müəllimin əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad ediləcək. Ruhu şad, məkanı cənnət olsun!”
Ağ Partiyanın sədri Tural Abbaslı:
“Azərbaycanın sabiq Baş Prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatı bizi dərindən kədərləndirdi. O, ölkəmizin hüquq və siyasi həyatında mühüm rol oynamış, cəmiyyətə dəyərli xidmətlər göstərmiş nüfuzlu şəxsiyyətlərdən biri idi.
Ağ Partiya olaraq, İlyas müəllimin vəfatı ilə bağlı ailəsinə, doğmalarına, yaxınlarına və Ədalət Partiyasının bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyirik.
Allah rəhmət eləsin!”.
Sabiq dövlət katibi Lalə Şövkət:
“Lalə Şövkət Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İlyas İsmayılovun vəfat xəbərini kədərlə qarşıladığını bildirir cə mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!”
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:
“Ədalət Partiyasının sədri, Azərbaycanın görkəmli ictimai -siyasi xadimi, tanınmış hüquqşünas, prof. İlyas İsmayılovun vəfatı ilə bağlı mərhumun yaxınlarına və Ədalət Partiyası üzvlərinə özüm və Azərbaycan Xalq Partiyası adından başsağlığı verirəm”.
Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov:
Haqq Ədalət Partiyasının bütün üzvləri adından, şəxsiyyətinə dərin hörmət bəslədiyimiz, dövlətinə və xalqına əvəzsiz xidmətlər göstərmiş, onu tanıyanların qəlblərində silinməz izlər qoymuş, əzizimiz İlyas müəllimə Allahdan rəhmət diləyir, vəfalı ömür – gün yoldaşı Tibb elmləri doktoru, professor Zəkiyyə xanıma və bütün doğmalarına dərin hüznlə başsağlığı verirəm. Məzarı nurla dolsun, məkanı cənnət olsun”.