Prezident İlham Əliyev akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“2018-ci ilin iyun ayında Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.
Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirmiş və onun aktual problemlərinin həllinə sanballı töhfələr vermişdir. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidməti vardır. Yetirmələri dünyanın müxtəlif tədqiqat mərkəzləri və tədris ocaqlarında bu gün də uğurla çalışan alim mötəbər beynəlxalq elmi təşkilatlarla əlaqələrin qurulması və Azərbaycan elminin nailiyyətlərinin tanıdılması üçün təqdirəlayiq işlər görmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda biologiya elminin inkişafında, müasir kadr potensialının formalaşdırılmasında və ümumən elmin təşkilində uzunmüddətli ardıcıl fəaliyyətini nəzərə alaraq akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Musayev Şahbəddin Cabbar oğlu
Şirəliyev Sadiq Qəzənfər oğlu
Tayıbov Rəhimbəy Tayıb oğlu.
***
Prezident İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.