Hökumət obyekt sahiblərinə icarə haqlarına güzəşt etməyə kömək edir: Bəs obyekt sahibləri öz həmkarlarına niyə güzəşt etmir?backend

Hökumət obyekt sahiblərinə icarə haqlarına güzəşt etməyə kömək edir: Bəs obyekt sahibləri öz həmkarlarına niyə güzəşt etmir?

Sərt karantin rejimi dövründə fəaliyyətinə fasilə verilməsi kiçik və orta sahibkarlara icarə haqqını ödəməkdə problemlər yaradıb. Ancaq bunu nəzərə almaq istəməyən əksər obyekt sahibləri icarəyə verdikləri sahələrə görə tələb etdikləri icarə haqqında güzəştə getmək istəmirlər.
Özəl obyekt sahiblərindən fərqli olaraq hökumət bu məsələdə şəraitə uyğun hərəkət etməyə üstünlük verib. İqtisadiyyat Nazirliyindən İqtisadi.az saytına verilən məlumata görə, koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulub. Bu güzəştlər dövlət əmlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlıdır. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmur.
Nazirlik rəsmiləri özəl sektorda icarəyəverən və icarəçilər arasında münasibətlərin bağlanan müqavilələrə uyğun olaraq tənzimləndiyini bildirir və bu məsələni icarə münasibətlərinin tərəfləri arasında müəyyən edildiyini xatırladırlar.
Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüddur. Belə ki, icarəyəverənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il tarixli Qanuna əsasən 1 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt verilib. Belə ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. Bu icarəyəverənlərin vergi yükünün azaldılması üçün əlavə imkan yaradıb.
O da xatırladılıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektləri ilə keçirdiyi görüşlərdə və aparılan müzakirələrdə daim pandemiyanın yaratdığı iqtisadi çətinlikləri nəzərə almaqla, onlardan icarə haqlarında güzəştlərin edilməsini tövsiyyə edir. Ancaq reallıqda iş adamları obyekt sahiblərindən demək olar ki, heç bir güzəşt hiss etmirlər. Hətta obyektlərinin boş qalmasına baxmayaraq, obyekt sahibləri icarə haqqlarını aşağı salmaq, və ya ümumiyyətlə, müəyyən müddət üçün zəruri xərclər səviyyəsinə salmaq barədə fikirləşmək istəmirlər.
Nəticədə, həm iş adamı biznesini bağlamaq məcburiyyətində qalır, həm də obyekt sahibi gəlirindən tam məhrum olur. Digər tərəfdən dövlət vergi ödəyicilərini itirir.
  •  (0)
  •  (0)