AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Hokm.az xəbər verir ki bu barədə H.Əliyevanın atası Cəlil Alıyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Alıyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb. “Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.
Cəlil Alıyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Hökümə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.