Həyətdəki toyuq-cücəni də sayırlar, axı toyuq qızıl yumurtlamır – Ünvanına çatmayan yardımlarbackend

Həyətdəki toyuq-cücəni də sayırlar, axı toyuq qızıl yumurtlamır – Ünvanına çatmayan yardımlar

Ünvanlı sosial yardımın verilməsində prosesin elektronlaşdırılması şəffaflığı qismən bərpa etsə də, ehtiyacı olanlar üçün əlçatanlığı həll edə bilmir

Ünvanlı sosial yardım üçün müraciət edən, lakin imtina cavabı alan insanların sayı heç də az deyil. İmtina cavabı ilə razılaşanlar olsa da, bir çox hallarda əsaslandırmanı qəbul etməyən, imtina səbəbini absurd hesab edənlər də var. Fikirlər müxtəlif, vəziyyətlər olduqca fərqlidir. Kimi həyətindəki üç-beş toyuğa, kimi idarə etmək üçün təhülkəli, texniki baxımdan nasaz avtomobilinə, kimi də əkinə yararlı olmayan torpaq sahəsinə (və s.) görə yardımdan məhrum edilir.

Ünvanlı sosial yardımdan kimlər yararlana bilər? İmtina cavabı hansı hallarda gəlir? Vətəndaşların dövlətdən haqqı olan yardımı alması üçün hansı zərurui addımlar atılmalıdır? Bu və digər suallardan yola çıxaraq məsələyə aydınlıq gətirməyə çalışaq.

İqtisadçı ekspert Eldəniz Əmirovun AYNA-ya şərhinə görə, ünvanlı sosial yardım aztəminatlı ailənin ehtiyac meyarının tamamlanması üçün dövlət tərəfindən ödənilən puldur: “Bu pulu almaq hüququnu qazanmaq üçün də müəyyən şərtlər var. Hazırda ölkədə ehtiyac meyarı 200 manatdır. Bu, o deməkdir ki, ailədə məsələn, 3 nəfər varsa və həmin ailənin aylıq gəliri 300 manatdırsa, yerdə qalan 300 manat ehtiyacdır və ailəyə də həmin 300 manat ünvanlı sosial yardım olaraq təyin olunur”.

“Lakin burada bir məqam var ki, ailəyə sözügedən yardımın təyin olunması üçün ailə üzvləri arasında işləməyən şəxslərin buna əsaslı səbəbi olmalıdır. Yəni məsələn, əmək qabiliyyətinin olmaması, 8 yaşına çatmamış və ya sağlamlıq imkanı mədud olan 18 yaşına çatmamış şəxsə qulluq etməsi və s. səbəblərdən biri ola bilər. Eyni zamanda ailə üzvlərindən kimsə hərbi xidmətdə və ya cəzaçəkmə müəssisəsindədirsə, həmin şəxslər də ailə üzvü kimi nəzərə alınmır”, – deyə həmsöhbətimiz bildirib.

Ekspert əvvəllər prosesdə insan faktorunun olmasının daha çox nöqsanlara səbəb olduğunu deyib: “Ümumilikdə ünvanlı sosial yardımın hesablanması bir çox faktorlara bağlı olduğundan sadə proses deyil. Hazırda bu proses avtomatlaşdırılmış qaydada həyata keçirilir. Əvvəllər belə deyildi və buna görə də qanun pozuntuları baş verir, suni maneələr yaradılır, rüşvət məsələləri olurdu. İndi isə insan faktoru olmadan həyata keçirilir və bu zaman da məhz sadaladığımız müxtəliflik, şaxələnmələr avtomatlaşdırılmış sistemdə problemlər yarada bilir. Buna görə də bəzən vətəndaşa haqlı olaraq imtina cavabı verildiyi halda, bəzən də haqsız olaraq imtina cavabı verilir”.

Əmirov qeyd edib ki, proses hər nə qədər çətin olsa da, vətəndaşın dövlətin bu dəstəyindən yararlanmaq haqqı var: “Təbii ki, problem nə qədər böyük, proqram təminatının hazırlanması nə qədər çətin olsa da, bütün bunlar vətəndaşın haqqı olduğu halda, həmin ödənişdən kənarda qalması üçün əsas verə bilməz. Bütün hallarda qanun qanundur. Bütün sosial yardım almağa hüququ olan ailələr mütləq şəkildə bunu almalıdır”.

Sosioloq İlqar Hüseynli mövzuya dair AYNA-ya açıqlamasında, bu məsələdə yeni yanaşmanın olmasını zəruri hesab etdiyini söyləyib: “Aztəminatlı ailələrə ünvanlı sosial yardımın özündən imtina etmək lazımdır. Ortaya yeni yanaşma qoyulmalıdır. Bir ailənin yardıma ehtiyacı varsa, onu müəyyənləşdirmək üçün fərqli meyarlar müəyyən edilməli, spesifik yanaşma olmalıdır. Bunu birmənalı olaraq ehtiyacı olan vətəndaşlara “dövlət təminatı paketi” də adlandırmaq olar və hesab edirəm ki, tamamilə fərqli bir yanaşma ilə bu sosial qayğını əhatələmək mümkündür”.

Mütəxəssis ünvanlı sosial yardımın alınması zamanı vətəndaşların qarşılaşdıqları çətinliklərə diqqət çəkib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çox sayda bürokratik əngəllər yaradılıb. Vətəndaşlar onları aşmağın özündə elə xeyli problemlərlə qarşılaşırlar və buna görə bir çox hallarda imtina cavabı almaq qaçılmaz olur. Elektron formada müraciət edildikdən sonra 15 iş günü müddətində daxil edilmiş məlumatlar araşdırılır. Həmin məlumatlar arasında cavablandırılmalı və hər biri haqqında bazaya dəqiq məlumat yerləşdirilməli olan kifayət qədər informasiya olur. Bazaya daxil olan məlumatların yoxlanılması zamanı onlarla dövlət stukturunun bazasından istifadə olunur. Hətta ola bilər ki, o bazada elə məlumatlar var ki, heç yenilənməyib, lakin onlar aşkarlanan kimi imtina edilir”.

Müsahibimizin fikrincə, hazırkı yanaşmada məqsəd ünvanlı sosial yardım ala biləcək şəxslərin sayını minimuma endirməkdir: “Müraciətlərə imtina ilə bağlı çox sayda absurd səbəblər göstərmək olar. Məsələn, müraciət etmiş şəxsin adına avtomobil olması. Mümkündür ki, vətəndaşın avtomobili olub, amma onu etibarnamə ilə satıb. Lakin bildiyimiz kimi etibarnamə ilə satılmış olsa da, şəxsin mülkiyyəti hesab olunduğuna görə, bu halda da ünvanlı sosial yardım verilməsindən imtina olunur. Yaxud ola bilər ki, adına olan avtomobil texniki baxımdan işlək deyil. Lakin bu da nəzərə alınmır”.

“Bir çox hallarda rast gəlinən daha bir səbəb də vətəndaşın adında daşınmaz əmlakın olmasıdır. Bu zaman da vətəndaşın ünvanlı sosial yardım alması ilə bağlı müraciətinə imtina cavabı verilir. Lakin həmin torpaq sahəsindən istifadə edirmi, etmək üçün onun yetərli maliyyə imkanı varmı və s. nəzərə alınmır”, – deyə sosioloq vurğulayıb.

Kimlərinsə maddi rifahı yaxşı olduğu halda, müxtəlif yollarla ünvanlı sosial yardım alması hallarından danışan Hüseynlinin sözlərinə görə, son vaxtlarda bu cür neqativ hallar azalıb: “3-5 il öncəyə qədər kütləvi şəkildə ünvanlı sosial yardımların yarıbayarı bölüşdürülmə şərtləri altında təyin edilməsi halları var idi. Regionlarda olan dövlət sosial müdafiə mərkəzlərinin əməkdaşları ilə sövdələşmələrə gedilirdi. Maddi imkanı olan ailələrin də ünvanlı sosial yardım almasının şahidi olurduq. Lakin kifayət qədər aztəminatlı ailələrin bundan yararlana bilmədiyini müşahidə edirdik. Ədalət naminə deyim ki, son vaxtlar rayonlarda bu işə qol qoyanların həbs edilməsi halları baş verdi və bundan sonra xeyli sayda cinayət məsuliyyətinə cəlb olunanların şahidi olduq. Sistemin özündə yenilik oldu. Elektron sistemə keçid edildi və bu, rüşvətlə ünvanlı sosial yardım alanların sayını azaltdı. Sənədlər mərkəzləşmiş bazada cəmlənir və yoxlanarkən rüşvət faktoru o qədər də rol oynaya bilmir. Buna baxmayaraq, bu cür halların hələ də baş verməsi mümkündür. Əsas hədəf o olmalıdır ki, biz ehtiyacı olan vətəndaşlarımızın sosial təminatını yaxşılaşdıraq. Bunun üçün daha fərqli metodlardan istifadə olunmalıdır. Mövcud qaydalardan imtina olunmalıdır. Daha çevik, əlçatan forma müəyyən edilməlidir ki, həqiqi ehtiyacı olan şəxslər bu imtiyazlardan yararlana bilsinlər”.

  •  (0)
  •  (0)