“Heydər Əliyev soruşmuşdu ki, Azərbaycanda aktrisa yoxdur ki, Tamara Yandıyeva çəkilir..?”backend

“Heydər Əliyev soruşmuşdu ki, Azərbaycanda aktrisa yoxdur ki, Tamara Yandıyeva çəkilir..?”

“Nizami” filminin çəkilməsinin üstündən 40 il ötür. Çox əfsuslar olsun ki, həmin filmdə çəkilən bir çox istedadlı sənətkarlarımız artıq aramızda yoxdur. 2021-ci ildə də həmin filmin rejissoru, xalq artisti, gözəl sənətkarımız Eldar Quliyevi də itirdik. Allah Eldar müəllimə rəhmət etsin! Onun yoxluğu mənim üçün böyük itkidir. Xəstə olanda tez-tez tədbirlərdə görüşürdük, çətinliklə də olsa həmkarlarını dəstəkləmək üçün bütün tədbirlərə qatılmağa çalışırdı. Biz əslində çox xeyirxah, güclü insanı itirmişik. Xoşbəxtəm ki, “Nizami” və “Burulğan” filmində onunla çalışmaq mənə qismət olub. İşdə, rejissor pultu arxasında çox ciddi və tələbkar idi. Həyatda isə tamam başqa cür idi. O, Azərbaycan kino tarixinə bir çox filmlər yadigar qoyub. Onun əziz xatirəsi kinosevər tamaşaçıların və biz sənətçilərin qəlbində hər zaman yaşayacaq”.

Hokm.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova tanınmış rejissor Eldar Quliyev haqda danışarkən deyib. O daha sonra əlavə edib:

“Nizami” filminin operatoru Arif Nərimanbəyov idi. Tərəf müqabilimi, Nizami obrazını xalq artisti Müslüm Maqomayev oynayırdı. Filmdə çox gözəl sənətkarlarımız Həsən Məmmədov, Hacımurad Yegizarov və s. aktyorlar çəkilib. Mən o vaxt filmə çəkiləndə universiteti yeni bitirmişdim, 5-6 filmdə baş rolda oynamışdım. Məndən öncə bu filmdə Çeçen-İnquş aktrisası Tamara Yandıyeva çəkilirdi.

Ulu öndər Heydər Əliyev Eldar Quliyevdən soruşub ki, Azərbaycanda aktrisa yoxdur ki, Tamara “Nizami” filminə çəkilir? O da deyib ki, əlbəttə ki, var. Mən də kinostudiyada idim, bir də gördüm ki, filmin 2-ci rejissoru Akif Rüstəmov məni çağırıb, “fotoprob”a apardı. Bir neçə aktrisanın şəkillərini çəkib, ulu öndərə göstərmişdilər. O da mənim şəkilimi göstərib demişdi ki, bu azərbaycanlıdır? Deyiblər ki, bəli. Deyib ki, bu qız çəkilsin! Beləliklə, mən “Nizami” filminə təsadüf nəticəsində çəkildim. Heydər Əliyev bu filmdən çox razı qalmışdı. Yadıma gəlir ki, ulu öndərimizi Mosvaya çalışmağa göndərəndə o bir sıra incəsənət xadimləri ilə görüşmüşdü. Onların içərisində mən və Həsən Məmmədov da var idi. Biz ona yaxınlaşdıq, o mənə dedi ki, tanıdım səni, Afaq! O filmlə bağlı çox təsirli xatirələrim var. Eldar Quliyev deyirdi ki, bəlkə də bu film tənqid olunacaq, indi bəyənilmir sonra bəyəniləcək, amma tarixdə qalacaq. Çünki bu film tarixi-fəlsəfi filmdir. Həmişə tarixdə qalacaq ki, Nizami rolunu Müslüm Maqomayev, Afaq obrazını isə Həmidə Ömərova yaradıb”, – deyə xalq artisti bildirib.

Qeyd edək ki, 18 yanvar xalq artisti, görkəmli rejissor Eldar Quliyevin doğum günüdür. Allah rəhmət etsin!

  •  (0)
  •  (0)