Hər gün dərsə getməyən bir uşaq – tədrisin problemi necə həll olunacaq?backend

Hər gün dərsə getməyən bir uşaq – tədrisin problemi necə həll olunacaq?

Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə imzaladığı əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun olacaq. Belə ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır. Bəs məktəblərdə dərslərin həftədə 2-3 dəfə keçirilməsi ilə tədrisin keyfiyyətli olması mümkündürmü? Bu cür tədris şagirdlərin proqramı mənimsəməsinə necə təsir edəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev “report”a bildirib ki, məsələyə birtərəfli yanaşmaq olmaz: “Təhsil Nazirliyi tərəfindən məsələ araşdırılıb, bir neçə aydır tədqiqatlar aparılıb, xarici ölkələrin təcrübəsi öyrənilib. Hesab edirəm ki, hələlik problemimiz yoxdur. Təbii ki, məktəblərdə tədrisin tam şəkildə keçirilməsini təşkil etmək daha yaxşı olardı. Amma bu sanitar-epidemoloji vəziyyətdən, qaydalara necə əməl etməyimizdən asılıdır”

 Bəxtiyar Əliyev

 Bəxtiyar Əliyev

Komitə sədri pandemiya şəraitində tətbiq olunan tədris formasının şagird, tələbə və müəllimlərin informasiya texnologiyalarını mənimsəməsinə, təhsilin daha yüksək səviyyədə qurulmasına yeni imkanlar açdığını düşünür: “Məktəblərin açılmasını ona görə istəyirdik ki, müəllimlə şagirdin emosianal ünsiyyəti və şagirdlərin bir yerdə olması şəxsiyyətlərarası münasibətlərin formalaşmasına ciddi müsbət təsir göstərir. Bu baxımdan qarşılıqlı təsirdə və ünsiyyətdə olmaq olduqca vacibdir”.

Təhsil eksperti Elçin Süleymanov “Report”a bildirib ki, COVID-19 pandemiyasından dolayı infeksiyanın yayılmasının riskli zonalarından biri də təhsil müəssisələridir: “Çünki təhsil alanlar və təhsil verənlər uzun müddət qapalı şəraitdə olur. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı məktəblərdə və ali təhsil müəsissələrində müəyyən qaydaları hər zaman önə çəkir. Azərbaycan Təhsil Nazirliyi də bu prosesdən geri qalmır”.

O, ibtidai siniflər üçün dərslərin sentyabrın 15-dən başlamasını təqdirəlayiq addım kimi qiymətləndirib: “İbtidai sinif şagirdlərinin dərsə onlayn başlaması irəlidə onlar üçün müəyyən travma yaşada bilər. Ona görə də dərsləri məktəb şəraitində, sinifdə müəllimlə birgə keçmələri düzgün addımdır. Amma yuxarı siniflərdə belə bir problem yoxdur. Çünki yuxarı sinif şagirdləri məktəbi, müəllimi tanıyır. Dərsin xüsusiyyətinə görə bəzi dərslərin ənənəvi, bəzilərinin isə distant olması mümkündür. Çünki insanların təhsil alması əhəmiyyətlidir, amma sağlam qalması daha vacibdir. İnsan sağlam olmadıqdan sonra təhsil də bir işə yaramır. Yoluxma riski çox olan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda tədrisin əyani olaraq həftədə 2 dəfə, digər rayonlarda isə 3 dəfə olması ilə tədrisin 50 faizi siniflərdə ənənəvi, 50 faizi isə distant olacaq. Bu cür tədris hibrid modelidir”.

E.Süleymanov hesab edir ki, bu, mart ayındakı onlayn tədrislə müqayisədə daha yaxşı modeldir: “Həmçinin Təhsil Nazirliyi prosesə hazırlıqlı başlayıb. Virtual dərslər, teledərslər sentyabrın 1-dən davam edir. Mart ayından ikinci yarımilin dərsləri çəkilmişdi. İndi isə birinci yarımilin dərsləri çəkilməyə başlanılıb. Bu müsbət addımdır, çünki respublikanın bütün ərazilərindən televiziyanı izləmək mümkündür. Virtual məktəb layihəsi isə demək olar ki, məktəblərin 80 faizini əhatə edir. Təxminən bir milyondan artıq şagird bu layihədə qeydiyyatdan keçib. Burada təhsil interaktiv formadadır. Şagird müəllimə sual verib, cavab ala bilir. Yeni tədris planı isə daha effektivdir. Çünki şagird həftənin iki günü sinfə də gələcək. Əgər şagirddə virtual dərsdən sonra sual yaranarsa, proqramda geriləməsi olarsa, məktəbə getdiyi iki-üç gündə bunu tamamlaya bilər. Yəni bu cür tədrisin təhsilin keyfiyyətinin çox ciddi aşağı salacağını düşünmürəm”.

Ekspert deyib ki, riyaziyyat, fizika, kimya kimi dəqiq fənlər məktəbdə, tarix, coğrafiya, ədəbiyyat kimi fənlər isə distant ola bilər: “Onlayn dərslərdə müəllimlərə bir az çox iş düşür. Onlar həm dərs deməli, həm də şagirdlərə nəzarət etməlidir. Çünki ev uşağın komfort zonasıdır. Ən əsası valideynlər diqqət göstərməsə, uşaq televizora baxa, kompüterdə oyun oynaya bilər. Bununla da onlayn təhsilin keyfiyyəti aşağı düşə bilər. Valideynlər evdə uşaqlara məktəb, sinif mühiti formalaşdırmalıdırlar. Düzdür, bu evin şəraitindən və evdə neçə nəfərin təhsil almasından asılıdır, amma evin sakit bir hissəsini ayırmalı, komfort zonadan uzaqlaşdırmalıdır. Şagirdin kamerası açıq olmalıdır ki, müəllim göz əlaqəsi qura bilsin. Yəni bu məsələlərə diqqət yetirməklə onlayn təhsilin keyfiyyətini artırmaq olar. Valideynlər də müəllimlərə dəstək olmalıdırlar”.

E.Süleymanov vurğulayıb ki, tədrisin bu cür təşkil edilməsi seçim deyil, şagirdləri, müəllimləri qorumaq üçün zərurətdir: “Artıq bizi mart ayındakından fərqli olaraq daha dinamik bir təhsil mühiti gözləyir. Martda hazırlıqsız idiksə, artıq addımlar atılıb, müəyyən təcrübə qazanılıb. Bu prosesdə dövlət qurumlarına da internetin sürətinin yaxşılaşdırılması və qiyməti ilə əlaqədar iş düşür. Bu istiqamətdə müəyyən addımlar atılsa, faydalı olacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Aqiyə Naxçıvanlı isə “Report”a deyib ki, bütün məktəblər birdən-birə açıla bilməz: “Qəbul edilən qərar çox axtarışlardan sonra gəlinən nəticədir. Əvvəl proses həftədə iki-üç gün olacaq, sonra tədricən başqa üsullara əl atılacaq. Birdən-birə bütün məktəbləri ənənəvi formada açıb, həmişəki kimi dərsləri keçirə bilmərik. Əvvəlcədən proqnoz vermək çətindir. Çünki müxtəlif ölkələrdə yoluxanlar artır, azalır. Ona görə də ən optimal variant budur. Təhsil Nazirliyi bu qərarı qəbul edənə kimi geniş ictimai fikirlər toplanıb, müzakirələr aparılıb. Hələlik bu yol seçilib”.

Deputat hesab edir ki, hazırkı dövrdə tədrisin yüksək keyfiyyətindən söhbət getmir: “Sadəcə tədrisə qayıtmağımızdan danışırıq ki, yavaş-yavaş bu prosesə başlayaq. Hələ bu proses nəticəsində keyfiyyətin olub-olmamasını demək tezdir. Bunu zaman göstərəcək”.

A.Naxçıvanlı indiyə kimi də bir çox valideynin pandemiyaya inanmadığını qeyd edib: “Bəziləri uşağı məktəbə göndərsin, öz işi getsin, bir az rahat olsun deyə məktəblərin tam açılmasını istəyir. Valideynlər də dövlət kimi səbrli olmalıdır. Bəzi dövlətlər tələsdilər hər yeri açdılar, sonra ikinci dalğa gəldi və yoluxmaların sayı artdı. Biz də səbrli olmalıyıq, şagirdlər bizim balalarımızdır və onların sağlamlığı birinci yerdədir”.

  •  (0)
  •  (0)