Oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağıb, yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub. Bildirilir ki, yağıntının miqdarı aylıq normanın 3,5 misli qədər olub.
Güclü yağış Bakı və Abşeronda fəsadlara səbəb olub, bəzi tunelləri su basıb. Sabunçuda yerləşən tuneldə subasma iki nəfərin həyatına son qoyub. Kürdəmir rayonundan olan 48 yaşlı Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasov “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.
Bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub. Qeyd edək ki, hadisənin baş verdiyi tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir. Məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tikinti zamanı nöqsanlara yol verildiyini istisna etməyib. “İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir”, – Eldar Əzizov jurnalistlərə açıqlamasında vurğulayıb.
Tunelin su ilə dolması onu deməyə əsas verir ki, nasoslar işləməyib. Hokm.az-ın məlumatına görə, “Körpü Bina Tikinti” MMC nöqsanlara yol verilmədiyini açıqlayıb. MMC-nin direktor müavini Rüfət Göyüşov bildirib ki, Sabunçuda inşa edilən tunel tikinti norma qaydalarına uyğun inşa olunub. “Biz tuneli inşa edib başa çatdırdıqdan sonra sifariş verən quruma təhvil vermişik. Həmin vaxt tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə inşa olunan nasosxana, nasoslar və transformator işlək vəziyyətdə olub”, – o, “Sputnik”ə verdiyi açıqlamada deyib. Göyüşov məsuliyyətin sifarişçidə olduğunu bildirib.
Tikinti üzrə mütəxəssis Elnur Azadov isə deyir ki, sifarişçi təşkilatın bu kimi yol tikintisinin yaxud körpünün qəbul olunmasında birinci funksiyası onun nə dərəcədə düzgün işlənilməsini qəbul etməkdir. “İkinci funksiya müəyyən dövr, yağıntılar zamanı bunlara nəzarət etmək və nə dərəcədə keyfiyyətli olmasını yoxlamaq. Əgər qüsurlar varsa aidiyyəti qurumlar məlumatlandırılaraq qabaqlayıcı tədbirlər görülməlidir. Son baş verən hadisə onu göstərir ki, bu kimi işlərin aparılmasında boşluqlar var”, – ekspert İTV-yə açıqlamasında bildirib.
Ölkəmizdə ən çox tunel və keçid sifariş edən qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Qurumun mətbuat katibi Anar Nəcəfli kanala bildirib ki, AAYDA tərəfindən sifariş verilən körpü, tunel və keçidlərdə mütəmadi olaraq monitorinqlər aparılır:
“Suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalar növbətçilər tərəfindən daim nəzarətdə saxlanılır. Xüsusilə paytaxt ərazisində tunel və keçidlərdə olan rezervuarlara təkcə yağış suları deyil, həm də qrunt suları da yığılır. Suyun yığılma sürətindən və səviyyəsindən asılı olaraq oradakı nasoslar işə salınır. Hər bir keçiddə və tuneldə bir neçə nasos var. Həmin sistem şəhərin ümumi kollektorlarına qoşulu olur. Güclü yağışlar nəticəsində tunel və keçidlərdən suyun çəkilməsini təmin edən sistemlərin qoşulduğu kollektorlar suyu tam həcmdə ötürə bilmir nəticədə isə yağış suları tunel və keçidlərə dolaraq yığılıb qala bilir”.