Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Çox böyük bir faciədir və Azərbaycan tarixi belə faciələrlə zəngin olduğundan sosial mediada müəyyən ehtimallar, proqnozlar verilir.
Yeri gəlmişkən, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Faciədən az sonra Ermənistan mediası iddia ilə çıxış edərək bildirib ki, “Azərbaycan ordusunun sıralarında şəxsi heyətin hazırlanmasında ciddi problemlər yarandığından qəza və özünü partlatma halları tez-tez baş verir. Əslində buna görə də Qarabağda müharibə ancaq türk silahları və türk təlimatçıları sayəsində qazanıldı. Sizin “əlinizdən tutaraq” mübarizə aparmaq başqa şeydir, bunu özünüzun etmək tamam başqadır. Belə hadisələrə baxanda Azərbaycan hələ də nəyəsə qadir deyil”.
Ermənistan nə üçün belə davranır?
Məlumdur ki, müharibədən keçən bir il ərzində Ermənistan tərəfi post – müharibə sancılarını çəkməyə davam edir.
İkincisi, Dövlət Sərhəd Xidmətinin qoşunları, xüsusilə hava hakimiyyəti və PUA-lar müharibənin taleyinin həll edilməsində müstəsna rol oynayıblar.
Ermənistan telegram kanalı “Bagramyan 26” kimi düşünən mərkəzlər DSX -nin savaşda oynadığı rolun üzərinə kölgə salmaq üçün imkanı boşa xərcləmir.
Yəni “Bagramyan”in da mövqeyi sübut edir ki, onlara aid olmayan bölgədən çox – çox uzaqlarda baş verən qəzanın Vətən müharibəsinin tərkibi kimi görürlər, təskinlik tapırlar.
Və ya bu mövqe göstərir ki, müharibədə – ən ağır döyüşlərin getdiyi cənub cəbhəsində – İranla sərhəddə, Füzulidə, Cəbrayılda, Zəngilanda Sərhəd Xidməti döyüşən qoşun olaraq, Ermənistan hərb tarixi üçün qara səhifələr yazıblar.
Not: Bu gün baş vermiş helikopter qəzası ilə bağlı bir çox fərziyyələr ortaya atılır və çoxlu suallar verilir. Ən çox verilən sual isə “bu qədər yüksək rütbəli hərbçi necə bir helikopterdə uçub?” sualıdır.
Ordu birləşmələrində ilk növbədə rütbə deyil, tutduğu vəzifəyə baxırlar. Yüksək rütbə həmişə heç də hər şey demək deyil.
Qəzanın səbəblərini hüquq-mühafizə orqanları araşdıracaq və ictimaiyyəti məlumatlandıracaq. Uçuşların təhlükəsizliyinə görə cavabdeh şəxslərin səhvləri aşkarlanarsa onlar layiqincə cəzalandırılacaqlar.
Lakin dünyanın bir çox ölkəsində bu kimi qəzalar baş verir. Son 20 ildə Azərbaycanda hərbi, eləcə də mülki aviasiya sahəsində qəzaların dünyanın orta statistik göstəricilərdən dəfələrlə aşağı olması ölkədə bu sahəyə, uçuşların təhlükəsizliyinə ayrılan diqqətdən xəbər verir.
Son 6 il ərzində dünyada baş verən qəzaların sayı: Rusiya – 38
ABŞ – 11
Ukrayna – 7
Konqo – 6
Almaniya – 4
Əziz Əliyev