Zərdüşt belə buyurdu:
“Bəziləri öz zəncirindən xilas ola bilmədiyi halda, dostunu necə xilas edə bilər…
Yeniləşmək üçün sən özün yanmağa hazır olmalısan…
Yanıb kül olmadan necə yeniləşə bilərsən?!”
Müsahibim həkim-kardioloq Rima xanım Nəcəfova-Ağarzayeva özü barədə çox qısa danışdı:
1958-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1975–81-ci
illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. O, vaxtdan Bilgəh kardioloji sanatoriyasında
kardioloq-həkim kimi fəaliyyətə başlayıb. Azərbaycanda və xaricdə kardiologiya sahəsində keçirilən
konfrans və simpoziumlarda etdiyi elmi çıxışlarla mütəxəssislərin diqqətini cəlb edib. 2015-ci ildə
ölkə başçısının sərəncamı ilə “Əməkdar həkim” fəxri adına, 2021-ci ildə “İlin həkimi”
nominasiyasında qalib adına layiq görülüb. İki qızı, üç nəvəsi var. Böyük nəvəsi Nəzrin Türkiyədə
Tibb Universitetində təhsil alır.
– Bu qədər kifayətdir, – dedi.
Bilgəh kardioloji sanatoriyasına müalicəyə gələn pasiyentlərdən birinin digəriylə ilk tanışlığı bu
sualdan başlayır: – Həkimin kimdir?
Deyəndə ki, həkimim Rima xanımdır, bu zaman müsahibin simasına təbəssüm qonur:
– Yaxşı həkimdir, həm də mehriban insandır. Onunla söhbət edəndə adamın ağrı-acısı yox olur…
Bir başqası: O, təkcə həkim deyil, filosofdur, şəfa mələyidir…" Digəri: "Kaş, bəzi həkimlər
xəstələrlə rəftarı ondan öyrənəydi…" – kimi fikir səsləndirir.
Bu xoş sözləri bir çoxundan eşitdiyimdən, müalicədən öncə marağım eqonu üstələdi. Qərara gəldim
ki, imkan tapıb bu fövqəl-həkimlə görüşməliyəm. Bəlkə son vaxtlar həkimlər haqqında formalaşan
neqativ fikirlərdən xilas olam…
Elə bu düşüncələr içərisində resepşn xanım palatanın qapısını açıb soyadımla müraciət etdi:
– Siz on dəqiqədən sonra həkim Rima Nəcəfova-Ağarzayevanın qəbulunda olmalısız…
Doğrusu, son vaxtlar xəstəlik ucbatından bəxtimdən gileyli olduğuma görə özümü danladım…
– Oldu, xanım, – dedim və on dəqiqənin keçməsini gözlədim və həkimin qapısını döydüm.
– Gəlin, – dedi həkim.
Nədənsə mənə elə gəlir ki, ağ xalatlı xanım həkimlər hamısı oxşardır. Xəstəyə bir qədər hökmlü
müraciət forması, soyuqqanlı standart suallar: şikayətin nədəndir, nə qəbul etmisən, iş şəraitin
necədir və s. Mənimlə də bu sayaq başladı…
Əlbəttə, Rima həkim ilk dəfə deyildi ki, xəstəliyin əlamətlərinin belə uzun siyahısını eşidirdi və hiss
etdim ki, bu onun üçün elə də xüsusi əhəmiyyət daşımırdı.
Hər gün onun əlindən mənim kimi neçə-neçə pasiyent gəlib-keçir.
Bayaq söhbətə qoşulan pasiyentlərdən birinin (deyəsən, gənc yazarlardan idi) dediklərini xatırladım.
“…Mən də ilk andan hiss etdim ki, bu həkim xanım özünün bir çox keyfiyyətləri ilə qürurlanır.
Təbiəti etibariylə qanunpərəst və xeyirxah adama oxşayır. Eşitmişəm ki, hətta alimlər, tanınmış
adamlar onun müalicə üsuluna inandıqları üçün bəziləri kimi xarici ölkələrə üz tutmurlar. Bir qədər
pafoslu səslənsə də deyəcəyəm, doktor Rima Nəcəfova-Ağarzayeva filosofdur, sadəcə bizim
intellektual səviyyəmiz onu qəbul etməyə hələ hazır deyil”.
Təxminən iyirmi-iyirmi beş dəqiqə çəkən müayinədən sonra həkim soruşdu:
– …İş rejiminizdən, yaşam tərzinizdən razısınız?…
Nə deyəcəyimi bilmədim…
– Hmm… belə də… hamı kimi.
– Müəllim, məni diqqətlə dinləyin və başa düşməyə çalışın… Cavabınızdan məlum oldu ki, elə hamı
kimi, siz də həyatdan, cəmiyyətdən, bəlkə də ailədən çox şey umursunuz. Görürəm, hər şeyi
təkbaşına həll etməyə üstünlük verirsiniz. Bəs, bununla sizi sevənləri yardım etmək zövqündən
məhrum etmiş olmursunuz? Axı, bəzən həkimlər tərəfindən göstərilən tibbi xidmət də sağlamlıq
üçün faydalı olmur… Hələlik, sizə yalnız bunları deyə bilərəm. Sinirləriniz ürəyinizi daim təzyiq
altında saxlayır. Sağalmaq, yaşamaq istəyirsinizsə, daxilən azad olmağa çalışın. Qoy beyinlə ürək
bir-biriylə dil tapsın, daxilinizdə harmoniya yaransın. İnsanlardan çox şey ummayın. Müalicəniz
sizin öz əlinizdədir.
Bir həkim kimi sizə tövsiyəm budur… İnsanlara inamsızlıq özünüzə də yersiz
problemlər yaradır. Doğrudur, hamı mələk deyil, tanımadığın adama ürək qızdırmaq da çətin
məsələdir. Bəzən, yaxşı bilib ürəyinə yaxın buraxdığın da inamı qıra bilər… Amma, belə halda
özündən çox da bədgüman olmağa dəyməz… Belələri ilə mübarizə aparmağa vaxt, enerji, əsəb sərf
etməyə dəyməz… Ürək ümiddən, sevgidən qidalanır. Çalışın onu bu ülvi nemətlərdən məhrum
etməyin. Hərdən vaxt ayırıb ürəyi də dinləməyi bacarmaq lazımdır. İnanmaq istərdim ki, siz bunu
bacaracaqsınız, çünki dar düşüncəli, həddindən artıq ehtiyatlı olmaqdansa, lazımsız səhvlər bahasına
olsa belə, isti bir qəlbə sahib olmaq daha yaxşıdır… Hələlik bu günlük bu qədər… Söhbət etməyə
vaxtımız olacaq. Gedin dincəlin, qaydalara riayət edin.
– Oldu, xanım, – və heç kəsin eşitmədiyi halda pıçıltı ilə bildirdim, – deyilənlər doğru imiş…
– Nə doğru imiş? – həkim soruşdu.
– Sizin filosof olmağınız…
Müəllif: Ayiq SƏMƏDOV