Artıq bir ilə yaxındır ki, Bakıda tibb müəssisələri icbari tibbi sığorta sisteminə qoşulsa da, hələ də hər kəs sığortadan yararlana bilmir. Vətəndaşlar tibbi xidmət üçün poliklinikalara üz tutduqları zaman sığorta hüququndan yetərincə yararlanmadıqlarını bildirirlər.
“Qafqazinfo”ya daxil olan müraciətlərdə bəzi poliklinikalarda hətta sığorta ilə xidmətdən imtina olunduğu, tibb müəssisəsində faktiki olaraq tibbi sığortanın tətbiq olunmadığı bildirilir. Məsələn, oxucuların sözlərinə görə, Binəqədi rayonunda yerləşən 27 və 35 saylı poliklinikalarda vəziyyət bu cürdür. Oxşar vəziyyət digər rayonlarda, o cümlədən, Nərimanov rayonunda yerləşən 4 və 8 saylı poliklinikalarda da yaşanır.
Bu tibb müəssisələrinə müraciət edən vətəndaşların iddiasına əsasən, istədikləri analizləri həmin poliklinikalarda vermək mümkün deyil.
Bəs vətəndaşlar hər hansı şikayətlə ailə həkimindən göndəriş almadan dövlət xəstəxanasına müraciət edib müayinədən keçə bilərmi? Vətəndaş göndəriş olmadan istənilən analizi dövlət xəstəxanasında verə bilərmi? Əgər həmin analizi vermək dövlət xəstəxanasında mümkün deyilsə, İTSDA ilə müqaviləsi olan hər hansı özəl tibb müəssisəsinə müraciət olunur?
Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, poliklinika tibbi sığorta ilə xidmətdən imtina edə bilməz: “2021-ci ilin aprel ayının 1-dən Bakı, Sumqayıt şəhərlərinin və Abşeron qəsəbəsinin əhalisi icbari tibbi sığorta sisteminə qoşulub. Belə ki, 27 və 35 saylı poliklinikalar da icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmət göstərir. Sözügedən tibb müəssisələrində vətəndaşa icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərməkdən imtina edilibsə, bu barədə ilk növbədə sözügedən tibb müəssisələrinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir”.
Agentlikdən həmçinin bildirilib ki, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmasa, bu ünvana müraciət edə bilər: “Vətəndaşlar TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154), eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də müraciət edilə bilər. Bunun üçün Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.
8 nömrəli poliklinika ilə bağlı məsələyə gəlincə isə, İTSDA-dan bildirilib ki, sözügedən poliklinika Nərimanov Tibbi Mərkəzinin tabeliyində olan 1 nömrəli poliklinika adlanır. Vətəndaş həmin tibb müəssisəsində nevroloji tibbi xidmətlə bağlı müayinədən keçmək istədikdə, 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən ailə həkimindən tibb kitabçasını əldə edərək 1 nömrəli poliklinikada dar ixtisaslı həkimə təqdim etməlidir. Dar ixtisaslı həkimin müayinəsindən yararlanmaq üçün göndəriş vərəqinə ehtiyac yoxdur: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi, vətəndaşların keyfiyyətli, ödənişsiz və əlçatan ilkin tibbi-sanitar xidmətlərlə təmin edilməsi istiqamətində struktur dəyişiklikləri həyata keçirilib. Məqsəd ilkin tibb-sanitariya yardımı və ixtisaslaşdırılmış tibbi yardım göstərən poliklinika, qadın məsləhətxanası, həkim və tibb məntəqələri kimi dövlət tibb müəssisələrində bu iki xidməti bir-birindən ayırmaq və ilkin tibbi-sanitariya yardımını həyata keçirən həkimlərin müstəqil fəaliyyət göstərə biləcəyi müəssisə yaratmaqdır. Bu yeni tibb müəssisəsi isə ailə həkimlərinin fəaliyyət göstərdiyi Ailə Sağlamlıq Mərkəzi (ASM) adlanır. ASM-lərin yaradılması ilə ilkin tibbi-sanitariya yardımının keyfiyyətini artırmaq, tibb müəssisələrinin fəaliyyətini effektiv surətdə təşkil etmək, poliklinikalarda sıxlığı aradan qaldırmaq və xəstəxanaların üzərinə düşən yükü azaltmaq mümkün olacaq”.
Məlumatda qeyd olunub ki, hazırda 4 nömrəli poliklinika struktur dəyişikliyinə əsasən Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərir və Nərimanov Tibb Mərkəzinin tabeliyindədir. Struktur dəyişikliyinə əsasən, ailə həkimləri Ailə Sağlamlıq Mərkəzlərində fəaliyyət göstərirlər və qeydiyyat üzrə poliklinikalara müraciət edən vətəndaşlar tibbi xidmətdən yararlanmaq üçün öncə ərazi üzrə Ailə Sağlamlıq Mərkəzindən tibb kitabçasını əldə edərək poliklinikaya müraciət edib tibbi xidmətdən yararlana bilərlər: “1 nömrəli poliklinikada vətəndaş ailə həkiminin və ya dar ixtisaslı həkimin göstərişi ilə ümumi qan analizi, qanda kalsium və D vitaminin miqdarının təyin edilməsi ilə bağlı laborator analizlərdən istifadə edə bilər. Nəzərə çatdıraq ki, laborator analizlər yalnız həkimin göstərişi əsasında təyin edilir”.
Vətəndaşların hər hansı şikayətlə ailə həkimindən göndəriş almadan dövlət xəstəxanasına müraciət edib müayinə olunmağa gəlincə isə, vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan aşağıda adları qeyd edilən istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim – kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. – müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.
İTSDA-dan bildirilib ki, vətəndaş ailə həkimi və ya dar ixtisaslı həkimin göndərişi ilə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində Xidmətlər Zərfi ilə təminata alınmış laborator analizlərdən yararlana bilər: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli tibb müəssisəsindən birinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir”.