Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
Bu barədə Hokm.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
İmtahan saat 10:00-da başlanır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.