Gürcüstanda prezident seçkiləri təxirə salınmayacaq! – Kobaxidzebackend

Gürcüstanda prezident seçkiləri təxirə salınmayacaq! – Kobaxidze

 

Gürcüstanda küçələrə çıxan etirazçılar heç nəyə nail ola bilməyəcəklər.
Hokm.az xəbər verir ki, bunu baş nazir İraklai Kobaxidze deyib və əlavə edib ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Seçkilərdə prezidentliyə yalnız bir namizəd var –keçmiş futbolçu, Bidzina İvanişvilinin etibarlı adamı Mixeil Kavelaşvili.

Hazırkı prezident Salome Zurabişvili bildirib ki, baş verən hər şey qeyri-legitimdir və o, yeni parlament seçkilərinə qədər istefa verməyəcək.

Kobaxidze isə bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili istefa verməkdən imtina etməsinə baxmayaraq iqamətgahı tərk etməli olacaq.

“Xanım Zurabişvilinin dörd cümə günü qalıb, bununla barışa bilmir. Mən onun emosional vəziyyətini başa düşürəm, baxmayaraq ki, dekabrın 29-da o, iqamətgahı tərk etməli və binanı qanuni seçilmiş prezidentə verməli olacaq”, – deyə “Gürcü arzusu”nun baş naziri deyib. O, Zurabişvilini “uduzmuş” adlandırıb.

“Mən xalqın prezidenti olaraq qalacağam, qanuni parlament yoxdur. Qanunsuz parlament yeni prezident seçə bilməz, andiçmə ola bilməz. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, – hazırkı prezident Zurabişvili videomüraciətində bildirib.

Salome Zurabişvilinin səlahiyyətləri dekabrın 16-da başa çatır. Bundan əvvəl “Gürcü arzusu” Gürcüstanın yeni prezidentinin seçkilərinin dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da keçiriləcəyini bildirib. Hakimiyyətdə olan partiya anti-Qərb ritorikası ilə tanınan futbol veteranı və deputat Mixail Kavelaşvilini prezident kimi təsdiq etməyi planlaşdırır.

Salome Zurabişvili Gürcüstanın birbaşa seçilmiş sonuncu prezidentidir. Yeni dövlət başçısı 300 nəfərlik heyət tərəfindən seçilməlidir. Bunlar 150 parlament deputatı və 150 ​​regional nümayəndədir.

Hazırda parlamentdə “Gürcü arzusu”nun cəmi 89 deputatı təmsil olunur. Müxalifət seçkilərin saxtalaşdırıldığını hesab edir və qanunverici orqanın işinə qoşulmağı qəti şəkildə istisna edir.

Payutaxt Tbilisi və digər iri şəhrlərdə etiraz aksiyaları davam edir.

  •  (0)
  •  (0)