16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova Məmməd Rahim küçəsində seçicilərlə növbəti görüş keçirib.
İş adamı və Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin sədri olaraq gördüyü işlərdən bəhs edən deputatlığa namizəd qeyd edib ki, növbədənkənar parlament seçkilərinə “Sağlam Gənclik, Sağlam Düçüncə və Sağlam Gələcək” şüarı ilə qatılıb: “Seçki platformamın əsas müddəalarından biri də Yasamal Təhsil Fondu və Yasamal Karyera Mərkəzini təsis edəcəyimizlə bağlıdır. Bu layihələrin icrasını iş adamlarının dəstəyilə həyata keçirəcəyik və aztəminatlı ailələrin övladlarının təhsil haqlarının qarşılanması və məşğulluq probleminin həlli ilə məşğil olacağıq”.
G.Bayramova seçki kampaniyası dövründə çoxsaylı görüşlər keçirdiyini və Yasamal seçicilərinin dəstəyindən qürur hissi keçirdiyini söyləyib: “Ümumi görüşümüzdə yüzlərlə seçici iştirak etdi. Dairənin ərazisini qarış-qarış gəzdik və seçicilərin dəstəyini hiss etdik. Millət vəkili olaraq ali qanunverici orqanda və dövlət qurumlarında seçicilərimin lobbiçiliyini həyata keçirəcəyimə söz vermişəm. “Yasamala SÖZümüz var” adlı müraciətimdə bütün bunlardan bəhs etmişəm. Əminəm ki, seçicilər seçki məntəqələrinə gedərək mənə səs verəcəklər” –Bayramova vurğulayıb.
Tanınmış publisist, 15 kitab müəllifi olan Nazim Tapdıqoğlu və ağsaqqallar gənc namizədə uğurlar arzu ediblər. Onlar bildiriblər ki, Gülpəri Bayramova kimi fəal gənclərimizin Azərbaycan Parlamentində təmsilçiliyi dövrün tələbidir: “Bu, Milli Məclisin fəaliyyətinə rəng qatacaq və daha dinamik işləməsinə təkan verəcək. Biz seçicilər 1 sentyabr günü seçki məntəqələrinə gedərək Gülpəri Bayramovaya səs verəcəyik. Dairənin seçiciləri arasında ab-hava da onun qalib gələcəyinə böyük ümidlər yaradır” – seçicilər söyləyiblər.
Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.