Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək növbədənkənar parlament seçkilərindən bizi sayılı günlər ayırır. Seçki öncəsi müxtəlif sosioloji sorğu mərkəzləri resprondentlər arasında sorğular təşkil edir, ictimai rəyi öyrənməyə çalışırlar.
“Plus Group” seçki öncəsi 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü, 33 saylı Xətai birinci, 41 saylı Gəncə-Gorbanoy-Samux, 69 saylı Biləsuvar və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairələri üzrə mini-monitorinq aparıb. Monitorinq təsadüfi seçmə üsulu ilə hər dairə üzrə 50 seçici, media və sosial media fəaliyyətlərinin tədqiqi üzrə aparılıb.
16 saylı Yasamal ikinci seçki dairəsində deputatlıq uğrunda 9 namizəd mübarizə aparır. Onlardan 3-ü, Yeni Azərbaycan, Respublikaçı Alternativ və Azərbaycan Milli İstiqalal partiyalarını təmsil edir. 6 namizəd isə bitərəfdir. Namizədlərdən ikisi Milli Məclisin deputatı olub.
Seçici rəyləri, ölkəmizin nüfuzlu simalarının çağırışları, uğurlu seçki təbliğatı bu dairədən Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramovanın qalib gələcəyini söyləməyə əsas verir. Məlumat üçün bildirək ki, 29 yaşlı gənc namizədin rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Rusiya, Türkiyə, Çin və digər ölkələrdə azərbaycanlı iş adamlarının xarici tərəfdaşlarla biznes müqavilələri imzalanmasına nail olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib. 44 günlük vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra şəhid ailələri və qazilərə yardım kampaniyaları təşkil edib. Laçın-Xankəndi yolundakı ekologi aksiyanın Nyu-Yorkun mərkəzi meydanında işıqlandırıb və bu fəaliyyətinə görə, xüsusi təşəkküranmə ilə təltif edilib.
17 saylı Yasamal üçüncü seçki dairəsindən də marafona 9 namizəd qatılıb. Onlardan 3-nün siyasi mənsubiyyəti var və müvafiq olaraq YAP, Müsavat və Ədalət partiyalarını təmsil edirlər. 6 namizəd isə bitərəfdir. Ən şanslı namizəd bitərəflərin nümayəndəsi Göydəniz Qəhrəmanovdur. O, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədr müavinidir.
33 saylı Xətai birinci seçki dairəsində 11 namizəd yarışır. Onların 5-nin siyasi mənsubiyyəti var. Onlar YAP, ADP, VHP, REAL və AG partiyalarını təmsil edirlər. 6 namizəd müstəqildir. Ən şanslı namizəd Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Orucdur.
41 saylı Gəncə-Gorbanoy-Samux seçki dairəsində 7 namizəd rəqabət aparır, onlardan 1-i YAP-ı, 1-i isə REAL partiyasını təmsil edir. 5 namizəd isə bitərəfdir. Favorit namizəd isə hakim partiyanı təmsil edir. 43 yaşlı millət vəkili Müşviq Cəfərovun yenidən deputat seçilmək ehtimalları çox yüklsəkdir. Onun Gəncə seçiciləri arasında dərin rəğbəri olduğunu söyləmək mümkündür.
69 saylı Biləsuvar seçki dairəsində 8 namizəd seçki marafonuna qatılıb. Onlardan yalnız 3-üçü bitərəfdir. Digər 4-ü siyasi partiyaları, biri hakim Yeni Azərbaycan, digərləri Ana Vətən, Müsavat və REAL partiyalarını təmsil edir. Ən şanslı namizəd millət vəkili və tanınmış alim Bəhruz Məhərrəmovdur. O da Biləsuvar seçiciləri arasında dərin rəğbət qazanıb.
87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsində 7 namizəd mübarizə aparır ki, onların yalnız ikisinin siyasi mənsubiyyəti var. Onlardan biri hakim Yeni Azərbaycan, digəri isə Ədalət partiyasını təmsil edir. Ən şanslı namizəd “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri, keçmiş millət vəkili, Təhsil Nazirliyinin “SABAH qrupları”nın İcra Komitəsinin sabiq rəhbəri Şahin Seyidzadədir.