USAID və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Merilend ştatının Baltimor şəhərində “Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” adlı ABŞ-Azərbaycan logistika konfransı keçirilib.
Azərbaycan Beynəlxalq Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova da konfransda iştirak edib. Bakı Limanın tərəfdaşlığı ilə keçirilən tədbirdə çıxış edən G.Bayramova Azərbaycanın əlverişli coğrafi şəraitindən bəhs edib. O deyib ki, Azərbaycanın İran, Rusiya və Qara Dəniz regionu ilə Rusiyanı Hindistanla birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialından faydalanmaq imkanı mövcuddur: “Bu kifayət qədər ciddi məqamdır. İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması, İranın Hindistan və Avropa ilə nəqliyyat əlaqələrinin bərpası ölkəmiz üçün yeni perspektivlər vəd edir. Digər tərəfdən də İranın regional əhəmiyyətini artırır. Əgər biz logistikanı qısaca ərzaq və digər məhsulların istehsalçıdan istehlakçıya qədər axın proseslərinin sistemli surətdə idarə olunması kimi nəzərdən keçirsək, loqistik zəncirin qurulması üçün görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini aydın görəcəyik. Logistikanın qurulması istiqamətində əldə olunan nailiyyətlər bu gün ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarını sürətlə həm daxili, həm də xarici bazarlarda alıcılara çatdırmağa imkan yaradır”.
Qeyd edək ki, konfransda USAID-in Avropa və Avrasiya üzrə rəsmisi Dr. Alexander Sokolovski, Azərbaycan Xarici işlər nazirinin müavini Fariz Rzayev, TRACECA-nın Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev və Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak ediblər. ABŞ-ın işgüzar dairələri Azərbaycanın Orta Dəhlizdəki rolu, logistika sektorundakı nailiyyətlər, perspektivlər və gələcəyə baxış haqqında müzakirələr aparılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Merilend Liman İdarəsi, Silk Way West Airlines, Boeing və digər aparıcı şirkətlərin nümayəndələri iki ölkə arasında logistika sahəsində əməkdaşlıq imkanlarını, pandemiyadan sonra logistika sektorunda perspektivlər və problemləri müzakirə ediblər.