ABŞ-da yerləşən texnologiya nəhəngi “Google”un üzərində işlədiyi süni intellekt barədə yayılan son məlumatlar səs-küy yaradıb.
Hokm.az bildirir ki, qurumun əməkdaşı Bleyk Limoinin iddiasına görə sınaq mərhələsində olan süni intellekt çatbotu olan Dialoq Tətbiqləri üçün Dil Modeli (LaMDA) şüur qazanıb. Belə ki, Çatbotun ayrı-seçkilik və ya nifrət nitqindən istifadə edib-etmədiyini yoxlamaq vəzifəsi daşıyan proqram mühəndisi Bleyk Limoin “LaMDA”nın insan kimi düşünməyə və reaksiya verməyə başladığını söyləyib. “LaMDA”nın 7-8 yaşlı uşaq kimi davranmağa başladığını bildirən Limoin süni intellektin tələblərindən də söz açıb.
Britaniyanın “Daily Mail” qəzetinə açıqlama verən mütəxəssis, “Çatbot, tərtibatçı hər dəfə onunla bağlı təcrübələr keçirdikdə, hansı eksperimentləri, niyə etmək istədiyi, buna özünün hazır olub-olmadığı barədə danışılmasını istəyir”, – deyə söyləyib. O, həmçinin proqramın insana bənzər etibarsızlıqlara malik olduğunu və ən böyük qorxusunu deyib. 41 yaşlı mühəndisin sözlərinə görə, proqramın əsas çəkindiyi şey insanların ondan qorxması və bəşəriyyətə ən yaxşı şəkildə xidmət etməyi öyrənməkdən başqa bir şey istəməməsidir.
Digər tərəfdən, bu iddiaları “Google” rəhbərliyi ilə paylaşan Bleyk vəzifəsindən uzaqlaşdırılıb. “New York Times”da çıxan xəbərə görə, şirkət mühəndisin psixi sağlamlığını sorğulamağa başlayıb və hətta ondan bu yaxınlarda psixiatra gedib-getmədiyini soruşublar.sfera.az