Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi yeni tenderinin nəticələrini elan edib. Tribunainfo.az xəbər verir ki, birlik bu tenderlə qazanxana və istilik sistemlərini sahmana salmaq fikrindədir.
Belə ki, həmin sistemlərə aid malların satınalması üçün “Euroclima” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 488.965,1 manat təşkil edir.
Hokm.az Tribunainfo.az-a istinadən xəbər verir ki, “Euroclima” MMC ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxarıb. Belə ki, açıq mənbələrdə DGK-nın hələ bir ilə əvvəl bu şirkəti büdcədən pul yayındırmaqda ittiham edib. Həmin məlumatda qeyd edilir ki, Bakı Baş Gömrük İdarəsi araşdırma zamanı müəyyən edib ki, “Euroclima” MMC malların dəyərindən dəfələrlə aşağı göstərib. İdarə qeyd edib ki, sözügedən şirkət təkcə 2023-cü ildə malın invoys dəyərini 94665.59 avro göstərsə də, əslində həmin məhsulun qiyməti 124665.59 avro olub.
Bundan başqa, “Euroclima” MMC ötən il ölkədən valyuta çıxarmağa görə də cərimələnib. Açıq mənbələrdə qeyd edilir ki, MMC-yə bununla əlaqədar iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
Apardığımız araşdırmalar zamanı o da məlum olub ki, “Euroclima” MMC ötən ildən etibarən “Qəbələ” İdman Klubunin spronsorlarından biridir. Bununla bağlı, ötən il “EUROCLİMA”-nın təsisçisi Aslan Abdullayev və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov sponsorluq müqaviləsi imzalayıblar.
Qeyd edək ki, şirkət hal hazırda Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 229 ünvanında fəaliyyət göstərir. Şirkətin nə zaman yaradıldığı barədə açıq mənbələrdə məlumat yoxdur. Lakin “Euroclima”nın çoxsaylı brend məhsullar satdığı elə rəsmi saytından da aydın görünür. Şirkətin təsisçisi isə Hacı Aslan Abdullayevdir. Bu şəxs haqqında da açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.