Ermənistanda Köçəryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı general Rüstəm Muradovun Xankəndində görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil. Rüstəm Muradovun Xankəndində iki biznesmenlə – bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla görüşüb nahar etməsi hər kəsdə bir sual yaradıb ki, sülhməramlı general nə etməyə çalışır?
Qeyd edək ki, Armen Balayan Robert Köçəryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Köçəryan görüşündən sonra olması xüsusilə diqqət çəkir. Ekspertlər hesab edir ki, Rusiya İrəvanda Köçəryan, Xankəndində Balasanyan komandasını gücləndirir. Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Erməniləri Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndində də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir. Həmçinin Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur. Bütün bunlar isə son nəticədə Rusiyanın Qarabağdakı mövcudluğunun ömrünü uzatmağa hesablanıb.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rüstəm Muradovun fəaliyyətinin onun “sülhməramlı missiyası” ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur: “Bu şəxs Xankəndində siyasətlə məşğul olur və özünü çar Rusiyasının general-qubernatoru kimi aparır. Onun Bakıdan boş təyyarə ilə geriyə qayıtdıqdan sonra, Robert Köçəryanın yaxın ətrafına, həmçinin ermənilərin Moskvadakı biznes elitasına daxil olan şəxslərlə görüşməsi də, ola bilsin ki, Rüstəmin Bakıdan suyu süzülə-süzülə geri qayıdışına onun və idarəçilərinin reaksiyasıdır. Ümumiyyətlə, Rusiyanın sülhməramlı missiyası ilə bağlı məsələyə, düşünürəm ki, yenidən baxmağın zamanıdır. Bu missiyanın Azərbaycan ərazilərindəki fəaliyyəti 10 noyabr 2020-ci il bəyanatının 3 və 4-cü bəndləri ilə tənzimlənir. 3-cü bənddə sülhməramlı kontingentin, onların istifadəsində olan hərbi və xüsusi texnikanın, avtomobillərin sayı göstərilir. 4-cü bənddə isə onların Azərbaycan ərazisində mövcud olacaqları müddət və sair bu kimi məsələlər yer alır. Sülhməramlı kontingentin Azərbaycan torpaqlarında olduğu müddətdə nə ilə məşğul olacağı, səlahiyyətlərinin sərhədləri ilə bağlı bəyanatda heç bir məqam yer almayıb. Bütövlükdə sülhməramlı missiyaların fəaliyyəti BMT-nin ümumi doktrinası ilə müəyyənləşir. Bu doktrinanın da əsas prinsiplərindən biri sülhməramlıların olduqları ərazidə həmin ərazi üzərində beynəlxalq səviyyədə tanınmış suveren hüquqları olan dövlətin qanunlarının işləməsini təmin etməkdən ibarətdir. Amma bəlli olduğu kimi, Rüstəm özünü dərəbəyliyin kəndxudası kimi aparır və səlahiyyətlərindən, başından böyük işlərlə məşğul olur. Bu baxımdan da Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğu ölkə qanunvericiliyi ilə müəyyənləşməli və Rüstəm Muradovun yaratdığı dərəbəyliyə son qoyulmalıdır. Qeyd edim ki, ölkəmizdə Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanun 11 may 2010-cu ildən qüvvədədir. Hüququn fəlsəfəsinə görə, Azərbaycan ərazisindəki sülhməramlıların fəaliyyəti də sözügedən qanunun fəlsəfəsinə uyğun tənzimlənməli və xarici sülhməramlı qüvvələrin ölkəmizin sərhədləri daxilində mövcudluğu ilə bağlı müvafiq hüquqi-normativ akt qəbul olunmalıdır”.
Robert Köçəryanla bağlı məsələyə gəldikdə isə politoloq hesab edir ki, Rüstəmin “başbilənləri” bu hərbi cinayətkara qarşı Azərbaycanda olan münasibəti çox yaxşı bilirlər: “Və anlayırlar ki, belə bir şəxsin Ermənistanda hakimiyyətə gəlməsi 10 noyabr bəyanatının tam şəkildə həyata keçirilməsinə və açıq qalan bəzi sualların həllinə maneə yarada bilər. Məhz bu baxımdan da Robert Köçəryanı ”xoxan” kimi istifadə edir, Azərbaycan tərəfini qıcıqlandırmağa çalışırlar. Bununla yanaşı, Rusiyada başa düşürlər ki, Robert Köçəryanın yenidən hakimiyyətə gəlməsi mümkün deyil və bu marionet kuklanın öz ölkəsində qara qəpik qədər dəyəri yoxdur. Amma Moskva Köçəryanın ətrafına öz uşaqlarını toplayıb onu parlamentə ana müxalifət statusunda yerləşdirə və seçkilərdən sonra formalaşacaq hakimiyyətə qarşı təzyiq aləti kimi istifadə edə bilər. Amma proseslərin Kremlin arzuladığı kimi inkişaf edəcəyinə indiki halda kimsənin zəmanət verəcəyi mümkün deyil. Çox yaxın vaxtlarda bütün dünyada aqressiv separatizmə, işğalçı siyasətə qarşı ciddi bir koalisiyanın formalaşacağının şahidi ola bilərik”.
Hərbi ekspert Şair Ramaldanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sülhməramlıların fəaliyyəti konkret təlimatlar əsasındadır və R.Muradov ondan kənara çıxa bilməz: “Rüstəm Muradov generaldır, əmrə tabe olan adamdır. O icraçıdır, ona sülhməramlı qüvvələrin idarə olunması kimi bir səlahiyyət həvalə olunub. Sülhməramlı qüvvələrin idarə olunması müəyyən təlimatlar və rəhbər sənədlər əsasında olur. Hərbidə hər şey müəyyən bir proqram üzrə inkişaf edir. Onun kimlərlə görüşməsi şəxsi işidir. Ancaq erməni tərəfi ilə görüşləri heç vaxt Azərbaycanın faydasına olmayacaq. Lakin bu görüşlərin Azərbaycanın mövqeyinə bir mənfi təsiri olacağını da düşünmürəm”.