Festival filmlərinin gizlinləri və sirləribackend

Festival filmlərinin gizlinləri və sirləri

Alfred Hiçkok: “Kinodan evə qayıdarkən ananıza danışa bilməyəcəyiniz heç bir şeyi ssenariyə daxil etməyin!”

Azadlıq – sonda səni nə gözlədiyini öncədən hiss etməkdir.

Qorxmadığın son – Azadlıqdır!

Dövlətin sənə verdiyi azadlıq sənin istədiyin azadlıqdan böyük olmalıdır.

Etiraz ən ali insani hissdir! Adamın insanlıq halıdır!

Dünyanın çox güclü futbolçuları olub, amma seviləni, özünə ürəklərdə yer edəni, seyirçidə insanlıq hissi yaradanı az olub.

Məsələn, Maradona. Heç Pele də Maradona qədər sevilmədi, çünki Maradonanın dünyaya baxışları fərqli idi, başqalarının həyatına biganə deyildi, həyatı ilə oynansa da, başqalarının həyatı ilə oynayanlara etiraz edə bilirdi!

Onun oyunu etiraz üzərində qurulmuşdu, meydançada dünya güclərinə meydan oxuyurdu. Keçilməz sədləri təkbaşına keçirdi, top görməyən qapılara top atırdı, topa tuturdu!

Çətin dövrdür, ağır vəziyyətdir, bir dənə sənət insanı tapmırıq ki, televiziyalara çıxaraq, elmi-siyasi, fəlsəfi, mənəvi-əxlaqi söhbətlər edək, şəraiti dəyərləndirək.

Yoxdur, ictimai rəyə təsir edə biləcək fikir söyləyən, sözünün dəyəri olan, sənəti ilə şəxsiyyəti üst-üstə düşən çox az insanımız var, olanlardan da bir-ikisinin vaxtsız başını yedik, bir-ikisini də divarın küncünə qısnamışıq…

Niyə yoxdur? Çünki, zamanında “beləsini” yetişdirmək lazımdır, qorumaq lazımdır ki, ağır durumda adam içinə çıxara bilək…

Biri var idi – Fuad Poladov!

Fuad Poladov puluna, sərvətinə, vəzifəsinə görə hörmət edilən şəxs deyildi.

Heç sözü keçən də deyildi, amma sözü kəsərli idi, sözü təsirli idi, sözü yer edirdi.

Dava da bu yerin davasıdır – əlavə imkanlar istifadə edilmədən qazanılan hörmət, sevgi!

Və Fuad Poladov ikinci və sonuncu dəfə “Azdrama”-nın binasını etiraz əlaməti olaraq tərk etdi, başqa aktyora edilən haqsızlığa görə. Bu etiraz da onun sonunu gətirdi, ilk öncə etiraz edən səsini itirdi, səssiz qalanların içində yaşamaq istəməyib səssizcə səssizliyə çəkildi və onun boğazında itən səsi daima haqsızlıq edənlərin qulağında eşidiləcəkdir.

Dərmanlar var ki, onlar bölünmür, gərək bütöv udasan, yəni qırılmaq (bölmək) üçün yerləri yoxdur, belə insanlar da var, onların doğuşdan qırılan yerləri yoxdur, onları heç nə ilə qırmaq (bölmək) olmaz.

Bunu demək ayıb sayılmamalıdır, çünki hamı dünyasını dəyişəcək, amma çoxu torpağın altına qırıq-qırıq gedəcək, çox azı isə bütöv – Fuad Poladov kimi.

Əvvəl yazmışdım bunu, “Ə, bə Rza, Həzi Aslanov niyə belə etdi?!” Sitat mamamdandır. Xalq artisti Ramiz Novruzun uzun illər bundan öncə çəkildiyi bir serialda etdiyi “hərəkətə” etiraz olaraq demişdi. Onda kinonun dərinliklərini bilmirdim, indi anlayıram seyirçinin heyrətini, etirazını.

Bizim kinoda belə səhvlər çox ediblər – Nəsimini, Babəki oynayan aktyordan sonra yaxşı dələduz yaradıblar, o da bundan razı qalıb.

Xalq qəhrəmanı

Dələduz

Adi sənət adamı, rejissor sıradan film çəkə bilər, aktyor sıradan rol oynaya bilər, tam azaddır. Amma əsl sənət adamı, əsl rejissor, əsl aktyor bunu edə bilmir və edə bilməz, çünki o, tam azad deyil, ondan gözləntilər var, əsas olan budur, əsl sənət insanı həmişə bunu nəzərə alır, “nəzərə aldığı” budur!

Xalq qəhrəmanı

Dələduz

Və Cavad xanı yaradan aktyoru sonra çoban roluna çəkiblər.

Xalq qəhrəmanı

Çoban

Qaldıra bilmədiyin daş üçün əyilmə!

Uzun illər Mədəniyyət Naziri işləyən şəxsi Dövlət başçısı işdən azad etdi. Keçmiş nazirin kabinetinin qarşısında növbəyə dayanan, naziri görəndə əl barmaqlarını ayaq barmaqlarına vuran xalq artistləri nazirə dil uzatdılar, onu tənqid etmək üçün növbəyə dayandılar.

Uzun illər bu sahədəki uzun problemlərdən danışmayanların (millət vəkilləri, xalq artistləri), bir dəfə də olsun naziri nəinki açıq, gizli belə tənqid etməyənlərin “qeyrət” damarı tutdu. Sənət adamına yaraşmayan, utanc yaradan addımlar atdılar, ən azından susmaq olardı. Ən azından, nazirlikdə işləyən məmurlar hansı millət vəkilinin, hansı xalq artistinin nazirin kabinetinin qapısında şəxsi problemlərini həll etmək üçün növbə tutduqlarını görüblər axı…

Yəqin, çox insanın həyatında belə hadisələr olub, bir insanla illər boyu yoldaşlıq edib, çörək kəsib, sonra hansısa səbəbdən aralarındakı münasibət pozulub, fərqi yoxdur, bu milli, siyasi və ya şəxsi məsələyə görə olub, bütün hallarda keçmiş münasibətlərə xatir ən azı o adam haqqında gərək münasibət bildirməyəsən.

Festival filmlərinin gizlinləri və sirləri

Və Ramiz Mehdiyevin özü yox, yanında işləyən “uşaqları” Nəsimini, Babəki, Beyrəyi oynayan xalq artistinin üstünə qışqıran kimi uzun illər bir yerdə işlədiyi, dost dediyi Rüstəm İbrahimbəyova arxa çevirdi, səhər dediyini axşam təkzib etdi, onu siyasətə qoşulmaqda suçladı. Onu oynadığı obrazlarla eyniləşdirənləri qınadı.

Əvəz Zeynallı: “Biz niyə adamları öləndən sonra tanıyırıq? Rüstəm İbrahimbəyovu niyə tanımadıq? Çünki Rasim Balayev də onun haqqında elə danışıb ki… Bizim Beyrək kimi bildiyimiz… Niyə Rasim Balayevi deyirəm, çünki onu çox sevmişəm, Beyrək kimi bilmişəm, Nəsimi kimi bilmişəm, o da bizim arzumuzun içinə eləyib, çıxıb deyib, “Qardaş, mən rol oynamışam, mən o, deyiləm!”” (Xural TV)

Və yenə yada Fuad Poladov düşür. 2003-cü ildə, məlum mitinqdə çıxış edən sənət adamlarından bəzisi dediyini səhəri gün yaladı, bəziləri isə zaman keçdikcə. Amma uzun illər boyu bütün gizli təqib və təzyiqlərə baxmayaraq, Fuad polad kimi dözdü, özünə görə düz olan mövqeyini sona qədər qorudu, həm də Kişiliyini!

Başqalarının başqa baxdığı, normal adam kimi baxmadığı əsl sənət insanı başqalarının ağrısının şəklini çəkə-çəkə, öz fərdi ağrılarını unudur və bir müddət sonra öz şəklini dəyişir- Fuad Poladov kimi! Yoxsa, “Ailəm var, uşaqlarım var” deyib ağ vərəq imzalamır.

Bir rejissor aktyorları var – yəni həmin aktyoru aktyor edən rejissordur, həmin rejissorlar olmayandan sonra yaratdığı aktyorlar da sönməyə başlayar. Böyük Rejissor Həsən Seyidbəyli dünyasını dəyişdi, ulduz etdiyi aktyor nəinki başqa filmlərdə, həyatda da söndü.

İlham Tumas: “Adını çəkməyəcəyəm, bizim görkəmli aktyorlarımızdan biri seriala çəkilmişdi, mən utandım onun yerinə. Onu ya rejissor oynada bilməmişdi, ya da özü sadəcə əlini qoyub cibinə, rejissora deyib sən kimsən mənə söz deyəsən. Türk aktyoru ilə çəkilmişdi, “Qurdlar Vadisi”-ndə oynayan aktyor ilə. Bizim dahi aktyor onun qarşısında elə bil uşaq idi, oynaya bilmirdi.” (APA, “40 dəqiqə” verilişi)

Aktyorlar da var ki, zəif rejissorun filmlərini film edər, obrazını özü yaradar, istənilən obraza can verər, canından verər. Yaratdığı hər obraz canlı qalar, özü kimi. Fuad Poladov belə aktyorlardan idi, istənilən rejissorun istənilən filmində oynayardı, onun yaratdığı obraz Fuad Poladov olardı.

Çatışmayan xarakter və həyat tərzidir.

“Çoxları Hiçkok kimi film çəkdi, amma heç kim Hiçkok ola bilmədi”.

Alfred Hiçkok həyatının sonuna qədər həyat yoldaşına xəyanət etməyib, sənətinə etmədiyi kimi.

Bizdə bütün sahələrdə inkişafın qarşısını alan sabaha olan qorxudur. Çoxluq sabahından qorxur, sabah hər kəsi təhdid edir, səbəblər çoxdur, amma cəmiyyəti təhdidlərdən qoruyan, onu sabaha çıxmağa ümidləndirən, onun xəyal gücünü artıran sinema var.

Sinema imgələr (şəkillər), simgələr (simvollar), metaforalar (bənzətmələr) vasitəsilə insana yaşamaq gücü verir, hər şey burada bitmir, “Bir davam var” deyir, olanlara qarşı olacaqları da göstərir.

Gerçək həyatla kino – bu qədər fərqli dünya.

“Biz həyatda kimsə küçədə və yaxud müxtəlif məkanda yıxılanda “yıxılana” acıyırıq, amma Çarli Çaplin filmdə “yıxılanda” gülürük”.

Yaşadığın, mövcud olan dünyanı filmə “daşıyanda” seyirçiyə yeni heç nə vəd etmirsən, onun həyatını, yaşamaq istəyini, ümidlərini filmin içində yox edirsən, kinonun əsl işi isə yeni insan yaratmaq, insanı yenidən var etməkdir, ona yeni yaşamaq ümidləri vermək, ona həyatın fərqli tərəflərini göstərmək, yeni dünya qura biləcəyinə kömək etməkdir!

Kino sənəti ona görə çox sevilir ki, onu tam kiməsə həsr etmək olmur, orada kimsə tam olaraq nəzərdə tutulmur və heç kim həyatda olduğu kimi özünü filmdə tam görmək istəmir, amma hamıdan, hər şeydən bir hissə var orada, sən başqa hissələrlə öz hissəni özün istədiyin kimi tamamlaya bilirsən, yəni yeni öz yaradırsan, daha çox istədiyin kimi!

Kino qəhrəmandan qəhrəman yaratmır, kinonun funksiyası olmayanı yaratmaq, olanı isə tanıtmaqdır. Təxəyyül vasitəsilə uydurduğumuz qəhrəmanları kino bizə reallıq kimi təqdim edə bilər. Biz o millətlərdənik ki, uydurma heç nəyi qəbul etmirik, elə uydurma qəhrəmanları da. Başqalarının uydurmaq istədiyi qəhrəmanlar bizim real qəhrəmanlardır. Bu qəhrəmanları tarixin yaddaşına möhürləmək isə Azərbaycan rejissorlarının peşə şərəfidir.

Sənətdə əsas yaradacağın hissdir!

Sinema sənətində (eləcə də oyunçuluqda) əsas nəyinsə hissini yaratmaqdır, amma bu “əsas” həm də, həyatımızın əsas yaşantısı üçün əhəmiyyətlidir.

Uşaqlar sevgini, nifrəti və bunların həqiqi olduğunu necə hiss edir?!

Alparslan və Nilay ilə bunu təcrübədən keçirdim, onlar ilə zarafat edir, ağrı dərəcəsi yüksək olan zərbə ilə onları vururam, gülürük, zarafatlaşırıq, uşaqlar zərbənin ağrısını hiss etsələr də, bunun sevgidən doğduğunu və zarafat olduğunu bildikləri üçün normal qarşılayırlar. Ertəsi gün, bir şeyi bəhanə edib onlara bağırdım və çox adi, bəlkə də, heç ağrı yaratmayan zərbə ilə vurdum onları, ağladılar. Baxın – sevgi ilə vurulan ağır zərbə sevinc, gülüş doğurur, nifrət ilə vurulan adi zərbə – ağrı. Zərbənin ağrıtma dərəcəsi hissə bağlıdır. Ağrı yaradan zərbənin gücü deyil, əsas hansı hisslə vurulmasıdır.

Bizim insanların çoxu istedadına güvənir, məşğul olduqları sahənin “texnikasını” (elmini) dərindən öyrənmək istəmirlər. Bu bilirsiniz nəyə bənzəyir? Əlinlə bir adamın istiliyinin olub-olmadığını yoxlaya bilərsən, qızdırmasının olduğunu deyə bilərsən, amma qızdırmasının nə qədər olduğunu deyə bilməzsən! Çünki əlində termometr (bilik, texnika) yoxdur. Birinci istedada, ikinci biliyə, elmə bağlıdır.

Müəllif filmlərinin avantajı odur ki, artıq dünya fərdə daha çox dəyər verir, bir fərdin gördüyünü bir ordu həyata keçirə bilmir. Müasir dövrdə çoxluğun yox, fərdin fikri önəmlidir və təsirlidir. Müəllif filmləri rejissora fərdin dili ilə fərdin məxsus olduğu milli kimliyin düşüncəsini göstərmək (anlatmaq) imkanı qazandırır və rejissora “hamımız beləyik” yox, “içimizdə beləsi də var” demək imkanı verir.

Ermənilər haqda çəkilən filmlər, yazılan məqalələr, kitablar erməniləri olduğu kimi nə qədər dəqiq anlatsa, o filmlərin, kitabların, nə də ki yazıların heç bir təsiri olmayacaq.

Yaradıcılıq başqasını başqasına başqa kimi anlatmalıdır, dəyişiklik onda olacaq, erməni başqa erməni olacaq, onda biz nəsə əldə edəcəyik, onlar nə olduqlarını əsrlərdir bilirlər, biz onları onlara bildiklərindən daha aşağı səviyyədə anladırıq, bu heç nəyə yaramır.

Sən deyirsən, “O mənim başımı kəsib, torpağımı işğal edib”, onlar da deyir ki, “Yaxşı etmişəm, az etmişəm, türkün qanını axıtmaq mənə düşür”, bunu qəhrəmanlıq sayır.

Taktika dəyişilməlidir, bütün mənalarda, bu vəhşiliyin erməniyə xeyri olmadığını, çıxarılan qərarların onlara zərərli olacağını anlatmalıyıq, biz keçmişdən yox, gələcəkdən, işğaldan yox, torpaqlarımızı tam necə azad edəcəyimizdən, necə döyüşəcəyimizdən film çəkməliyik, ermənilərə gələcəkdəki halını göstərməliyik, indiki və keçmiş halını yox – onlar bundan məmnundur.

Hollivud “para” makinasıdır, filmi pul qazanmaq üçün çəkirlər, amma film çəkəndə pul haqda düşünmürlər!!!

Bizim cəmiyyətdə sənət insanının yaradıcılığı onun şəxsi həyatında heç bir dəyişikliyə səbəb olmur. Hər kəsin peşəsi həm də onun dolanışıq yeridir. Bir çox rejissorlar dövlət sifarişi ilə filmlər çəkmək uğrunda mübarizə aparırlar. Aldadıcı düşüncədir, böyük büdcə (bizə görə böyük) ilə çəkilən filmlər ona qoyulan pulu geri qaytarmayacaq, səbəblər çoxdur.

Elxan Cəfərov son illər dövlət sifarişi ilə 3 tam metrajlı film çəkib, həm də kinomuza yeni nəfəs gətirib. O, neçə illər aşa bilmədiyimiz mərhələni aşdı, Azərbaycan kinosuna inamı geri qaytardı. Amma bunlar onun şəxsi həyatında heç bir dəyişiklik yaratmadı, həmin evdə yaşayır, həmin problemlərlə.

Gedəcəyimiz yeri müəyyən edən zehindir, aparan isə ayaqlardır! Ayaqlar müasir dövrdə pul anlamına gəlir, istənilən ideyanı həyata keçirmək üçün pul lazımdır, yoxsa, ağlında olanla “yerində” qalacaqsan, yerində sayacaqsan!

Dərdim nədir, yazıçısından tutmuş rejissoruna kimi hamı gördüyü işin həm də bazarını müəyyən etməlidir, başqalarından asılılığı azaltmaq lazımdır, yaradıcılıq da pul gətirməlidir, bazarı nə gəldi ilə doldurmaq bazarı öldürməkdir, seçim çox olduqca və nə gəldi ilə dolduqca, satış azalır, gündə bir kitab yazanlar, hər gün film çəkənlər düşünsələr, yaxşı olar.

Son dövrlər çoxlu “filmlər” çəkilir, daha çox çəkilməlidir, müsahibələrimdə bu haqda söyləmişəm, artıq seyirçidə öz filmlərimizə qarşı aclıq yaranıb! Amma bu məsələnin başqa tərəfi də var, bəzi filmlərlə tamaşaçıları kinoteatrlardan qaçırırlar, etməyin bunu, ən azı sinemanın təməl qanunlarını öyrənin, ən azı yazılmış standartlarla film çəkin, seyirçiləri qaçırmayın, daha bir 20 il lazım olacaq ki, onları kinoteatrlara geri qaytaraq!

Nəzəriyyədə belə deyim var, “Bir kino çəkənlər var, bir də kinonu çəkənlər”! Kino çəkənlər çoxdur, kinonu çəkənlər isə çox az! Bir də belə bir kitab var, “Ssenari necə yazılmamalıdır”! Biz kinonu çəkənlərdən kinonu necə çəkməyi, kino çəkənlərdən isə kinonu necə çəkməməyi öyrənirik.

Deyirlər ki, “Sənət ikinci nöqtədən başlayır”. Yəni, birinci nöqtə Tanrıya məxsusdur.

Birinci nöqtəni dərk etməyənlər, yerini bilməyənlər ikinci nöqtəni hara gəldi “atarlar”.

İkinci nöqtəyə də məna qazandıran birinci nöqtədir. İkinci nöqtə durduğun yerdir.

Durduğun yer ya səni yersiz edəcək, ya da sənə yer edəcək.

İnsanın durduğu yer çox önəm daşıyır, nəyin necə göründüyünü durduğumuz yer “göstərir”. Baxışlarımızı dəyişmək üçün yerimizi də dəyişməyə məcburuq və yaxud bir şeyin başqa tərəflərini görmək üçün də yer dəyişikliyi etmək lazımdır. Amma müxtəlif adamların eyni yerdə durması bir şeyi eyni görmək anlamına gəlməməlidir, artıq burada şəxsi maraqlar – dünya görüşü, bilgi, din, ulus (millət) dəyərləri ortaya girir. Əşya eyni olsa da, vahid görünüş fərqli dəyərləndirilir və mənalandırılır!

Öncə kino sənətində belə bir prinsip var idi, yaranı göstərib sonra ağrını (ağrıya verilən reaksiyanı) göstərirdilər, onda bilirdik ki, bu ağrı hansı yaranındır. İndiki mərhələ isə, ağrını göstərməkdir, yaranı isə ümumiyyətlə göstərmirsən, seyirçi özü müəyyən edir, bu ağrı (reaksiya) hansı yaranın ola bilər!

Öncə çərçivə tam boş olur, rejissor çərçivəni doldurmalıdır, sözsüz ki, boşluq saxlamaqla, işin əsası isə budur, haranı doldurmaq və nə qədər, haranı boş saxlamaq və nə qədərini? Rejissor gerçək olan boş və dolu yerləri dəyişir, ayrı mənzərə yaradır.

Deyilən fikir tam açılmamalı, dərin, üstüörtülü olmalıdır, seyirçi özü kəşf etməlidir yaradılan anlamı. Yoxsa, ona maraqsız gələcək, hər şey başa düşülən olsa, hər şeyi başa düşən seyirçi heç bir zövq almayacaq, o düşünməyəcəksə, çətinə düşməyəcəksə, içində boşluq yaranacaq.

Seyirçi göstərilən azlıq ilə gizli saxlanılanı (bütövü) xəyalında tamamlayacaq, həm də istədiyi və dərk etdiyi kimi, bu da həzz və zövq yaradacaq.

Seyirçi düşdüyü çox dərin quyudan özü çıxdığı üçün qürur duyacaq, hamıya bu qəhrəmanlığından (kəşfindən) danışacaq.

İnsan özünün çıxa biləcəyi quyudan başqalarının köməyi ilə çıxanda (qüruru) zədələnir, (arzularını başqaları təmin etdiyi üçün) həm də borclu qalır, insan borclu qalmaq istəmir, həm də qaytara bilməyəcəyi borc olanda, onda borcu başqa şeylə əvəzləyir – edilən yaxşılığın əksi ilə.

Öz arzularını özü təmin edən insanda artıq yaşamaq həvəsi, yeni arzular yaranır, onda həsəd, intiqam, paxıllıq hissi olmur, insan artıq öz imkanlarını müəyyən edə bilir, nəyə qadir olduğu işığa çıxır və ən əsası başqalarını tanıyır və öz yerini bilir!

Bəzi yazarlar, sənət insanları və başqa peşə şahibləri, yersiz olaraq, başqa ölkədə yaşasaydılar, dahi olacaqları qənaətindədirlər.

Çoxları elə düşünür ki, Azərbaycanda yox, Amerikada yaşasaydı, Bill Qeyts olacaqmış! Amma Amerikada yaşamağın üstünlüyü bu olacaqdı ki, çoxları belə düşünməyəcəkdi, bunun üçün getməyə dəyər, ən azı öz potensialını dəqiq biləcəksən, orada hamının öz şəklini çəkmək və öz şəklinə baxmaq imkanı var!

Bütün xəstəliklərin “fiziki” əlamətləri var, yaxşı həkim istənilən xəstəliyi xəstənin fiziki görünüşünə görə öncədən sezə bilər!

Öz yerində ağrı verən orqan qorxu yaratmır, amma başqa yerdən (orqandan) səsi, ağrısı gəlirsə, deməli xəstəliyin müalicə vaxtı keçib, gec qalmısan, son mərhələsidir.

Ağrı nə vaxt dağıldı, yayıldı, onda təhlükə yaradır, öz yerində ağrıyırsa, təhlükəsi yoxdur, gəldi-gedərdir.

Ürəyin yerindən ağrı verirsə, qorxusu yoxdu, amma kürəyində, mədəndə ağrı varsa, boğulursansa, deməli ürəyində problem var.

Cəmiyyət də belədir, bir təşkilatda (orqanda) problem yarananda, nəticəsini başqa təşkilatlarda göstərir, öncə sıradan başqa təşkilatlar çıxır və sonda ağrının mənbəyi məhv olur.

Sənət gərək insanın “zədəli yerinə” toxuna, ağrıda, yoxsa ki, zədələməyə, sənətin işi “zədələmək” deyil, “zədəli yeri” ifadə etməkdir.

Göz yaşı adi su deyil, onun içində hiss var – sevinc, kədər. Su gözündür, içindəki (hiss) isə ürəyin. Göz yaşının ölçüsü gözə, rəngi (məzmunu) isə ürəyə aiddir!

İndi bir-birini tamamlayan və bir-birini inkar edən yox, bir-birini göstərən rənglərin dövrüdür!

Heç kim mövcud olandan razı deyil, yeni nəsə eşitmək və gerçəkliyi başqa gözlə görmək istəyir.

Yeni ifadə forması həmişə cəlbedici olur, sənət və sənət insanı da bundan yanadır – gerçəkliyi yenidən istehsal etmək, gerçəklikdən fərqli, yeni, yaşanmamış, görünməmiş daha yaxşısını təqdim etmək.

Biri olmadan digəri anlamını itirər.

Seyirçi olmasa, film olmaz, sifarişçi seyirçidir, festivallar yox. Azərbaycan seyirçisini düşünərək film çəkmək lazımdır. Onda dəyər qazanacağıq, onda Azərbaycan kinosu inkişaf edəcək.

Kino birbaşa milli və yeni düşüncənin yaranmasına səbəb və vasitədir. Dövlətin pulu ilə festivallar üçün “film” çəkmək istəyənlər və çəkənlər, sizin çəkdiyiniz hansı filmin qəhrəmanı ilə Azərbaycan gəncliyi özünü eyniləşdirə bilir?!

Filmi başqa sənətlərdən ayıran əsas “eyniləşdirmə” prinsipidir, “eyniləşdirmə” yoxdursa, niyə film çəkirsiniz, həm də xalqın büdcəsindən, bu ağır dövrdə çəkdiyiniz hansı filmi göstərək, millət baxsın, özünü həmin qəhrəmanın yerinə qoysun?!

Sənət birbaşa dilə, ulusa, irqə bağlıdır, fərqliliyi, yeni rakursu yaradan budur, Azərbaycanca danışa bilməyən, Azərbaycanca düşünə bilməyən “adamlar” Azərbaycan kinosunu çəkə bilməz! Sənətin təməl qanunları tələb edir bunu, nəzəriyyə kitablarında yazılıb bunlar.

Tutublar ki, sənətin milli dili olmur. Sənətin milli dili var, dəyişik salmayın, sənəti ifadə edən texnikanın dili eynidir, rəssamın fırçası kimi, amma rənglər irqə bağlıdır, eyni qadın şəklini (Venus-Venera) fərqli çəkən çox məşhur rəssamlar var, bu fərqlilik millidir və özəl yaşantıdan doğub.

“Ən yaxşı başqası olandır” fikri imkan vermir ən yaxşısını özümüzdən düzəldək!

Əgər hansısa bizim olmayan, başqa təşkilatın və dövlətin dəyərləndirməsini dəyər hesab ediriksə, hələ biz özümüzü bu dünyada tapa bilməmişik, başqalarına ehtiyac duyuruq ki, bizi tap bizə göstər, “Sizsiz olmur” deyimi olan yerdə biz heç vaxt dəyər qazanmayacağıq. 30 ildə haqq işimizdə bir dəfə haqqın tərəfində olmayan təşkilat indi haqq axtarır. Rejissorlar elə “siyasət ” yeritməlidir ki, (politik kamera texnikasından istifadə etməklə) belə təşkilatların sözü ictimai rəyə təsir etməsin.

Yaradıcı şəxs – rejissoru, şairi, yazıçısı bütün hallarda millətin şərəfini qorumalıdır. Ən əsası bizdə “Yönətmən şərəfi” deyilən anlayış yaranmalıdır, necə ki “Gəmiçi şərəfi” deyilən anlayış var!

Moemin “Qisas” hekayəsi var, müharibənin dəhşətini anladır, fransız qızı alman əsgəri tərəfindən təcavüzə uğrayır və hamilə qalır düşmənindən, amma artıq qarnındakı övladıdır, bütün təzyiqlərə dözərək övladını dünyaya gətirir və onu suda boğur. Düşməndən (müharibədən) qisasını belə alır. Fransız qadını (həm də Yazıçı) fransız şərəfini sonda belə xilas edir.

Bu günə qədər kimsə həyatını, gerçəkliyini və mövcud olan çərçivələrini qıra bilməyib, bunun mübarizəsini aparanlar uduzublar. Əsl sənət insanları, yazarlar, rejissorlar isə çərçivələri olduğu kimi saxlayıblar, çərçivənin “içini” dəyişiblər. Əsas “içdir”, kənarlar (çərçivələr) önəm daşımır, çərçivə sərhəddir, ölçüdür, məzmun və mahiyyət deyil, iç isə məna daşıyır.

Sənətin işi yamaq götürməyən yerləri tapmaqdır, göstərməkdir.

Təkərdə olan böyük deşikləri yamamaq olur, bəzən çox kiçik deşiyi isə yox, çünki əsas məsələ deşiyin böyüklüyü-kiçikliyi deyil, harada olmasıdır – yamaq götürməyən yerlər var.

Sənət qadına “qadın” gözü ilə baxanda yox, “kişi” gözü ilə baxanda yaranır! Çünki qadın qadını olduğu kimi yaradacaq, bilir qadın kimdir, kişi isə görmək istədiyi kimi! Misal üçün dedim, hər şeyə aid etmək olar!

Futbola və kinoya yanaşma eyni olmalıdır!

Biz milli futbol oynamalıyıq, başqa millətləri yamsılamaq olmaz, bunun üçün öz millətimizdən olan baş məşqçi lazımdır, uğurun, qələbənin yolu budur, çətin yoldur, amma bu yolu keçməmiz lazımdır.

Niyə baş məşqçi azərbaycanlı olmalıdır?

Çünki milli psixologiyanı bilməyən, azərbaycanlı xarakterini bilməyən bizim komandanın oyununu qura bilməz.

Bizdə futbol fərdlərin üzərində qurulmalıdır, fərdi oyuna daha çox üstünlük verilməlidir, fərdə stimul yaradılmalıdır, milli psixologiya və xarakter nəzərə alınmalıdır, yoxsa, başqalarının oyununu oynaya bilməyəcəyik, bu vaxt itkisidir! Braziliya futbolu kimi fərdi oyun – nümunə var, bunu bacararıq.

Və Maradonanın tənqid etdiyi Pele… Maradona Peleni oyunçu dostlarına maddi və mənəvi yardım etmədiyi üçün qınayırdı.

Pele haqda film çəkilib, filmdə braziliyalılar başqalarının oyununu (sistemini) oynayırlar və uduzurlar, sonda təsadüfən oyun öncəsi yeməkxanada top ilə rəqs etməyə (oynamağa) başlayırlar və öz milli oyunlarını kəşf edirlər (milli rəqslərini futbola tətbiq edirlər) bununla da qələbələrinin əsasını qoyurlar.

Və onu böyük edən budur – “Dolu” romanı həm xaricdə, həm də daxildə bizi qorxaq, düşmən qabağından qaçan, döyüşməyən, məğlub millət kimi təqdim edənlərə bədii dil ilə gerçək cavab oldu. Sayın Aqil Abbas 1-ci Qarabağ müharibəsində arxalı düşmən qarşısına əli yalın çıxan oğlanların ümumi obrazını yaratdı, düşmənə göstərilən müqavimətin söz ilə şəklini cızdı və ən əsası məmləkətinin, Ağdamın düşməndən necə geri alınacağının 10 il öncə yazıçı təxəyyülü ilə mesajını verdi, Ağdamın işğaldan azad edilməsi Yazıçının illər öncə hiss etdiyi kimi oldu.

Ermənilər ilə bizi vaxtsız dost etmək istəyən “yazıçılar”, “ssenaristlər”, “rejissorlar”, “müğənnilər”, “aktyorlar”, “şairlər”, bir sözlə – “tanıdılmış” simalar – məqsədli şəkildə düşmən dəyirmanına su töküblər və tökəcəklər.

Niyə? Çünki, dövlət qərarları səs çoxluğu ilə qəbul edilir, azlıqda qalanlar çoxluğun qərarına tabe olur, sonda ermənilər ilə münasibətdə də belə olacaq (mövcud vəziyyət daimi mümkün deyil, gələcək maraqlar var), amma azlıqda qalan (49%) qüvvələr içində olan yazıçılar, ssenaristlər, rejissorlar, aktyorlar olmalıdır, çünki onlar düşüncə istehsal edirlər, cəmiyyətin gələcək həyatını fərqli (mövcud olmayan) qurmağa çalışırlar, bu gün baş verənlərin təkrar olunmamasının tarixini (ssenarisini) yazırlar, göstərirlər!

İlk öncə Azərbaycan kinosunu Azərbaycanca danışdırmalıyıq, təkrarçılıqdan, başqalarını yamsılamaqdan və gəvəzəlikdən uzaqlaşmalıyıq.

Azərbaycanlı kimliyini film dili ilə dünya seyirçisinə tanıtmalıyıq. O, nə düşünür, onun həyata baxışı nədir, dünya ilə münasibətdə hansı vasitələrdən istifadə edir, onun dəyərləri ümumi dəyərlərlə necə uzlaşır, o, necə sevir, necə nifrət edir, nəyi qəbul edir, nəyi qəbul etmir, başqaları ilə fərqi nədədir? Bu fərqlilik dünya seyirçisinin bizim filmlərimizə baxmasına maraq oyadacaq.

“Prokat” ənənəsinin yaranması üçün ilk öncə çoxlu film çəkməliyik və regionlarda çoxlu kinoteatrlar açmalıyıq. Kinonun inkişafı eyni zamanda əhalinin sayına bağlıdır. Kino, həm də biznesdir, pul gətirməlidir. Bu gün o sahələr daha çox inkişaf edir ki, orada pul qoyub pul qazanırsan.

Bizimkilərə elə gəlir ki, xaricilərin etdiyi hər şey düzdür, əladır, üst səviyyədədir! Buna görə də, xariciləri yamsılayırlar.

Xarici kino strukturunu Azərbaycanda birə-bir qurmaq mümkün deyil. Çünki Azərbaycanın nə o qədər əhali sayı var, nə də ki, kinoya dünya kinosundakı qədər pul qoyub pul qazanmaq olar. Reallıqlar nəzərə alınmalıdır. Kiçik büdcəli filmlər çəkilməlidir ki, filmə qoyulan pulu geri qaytarmaq mümkün olsun.

Qabaqda gedənin arxasınca qaçmaqla ona çatmaq olmaz. Ona çatmağın və yanaşı getməyin bir yolu var – fərqli yollarla getmək.

Təkrarçılıq heç vaxt inkişaf olmayıb, əslində gerilik əlamətidir. Milli psixologiyamızı və reallığı nəzərə alıb öz kino industriyamızı yaratmalıyıq.

Azərbaycanın qiyməti bütün qiymətləri tənzimləməlidir!

Yunqun fikrincə, yaradıcılıq prosesi təhtəlşüurla və oradan gələn impulslarla əlaqədardır. Onun fikrincə, təhtəlşüurda təkcə şəxsin uşaqlıq təəssüratları deyil, həm də xalqın tarixi, kollektiv hiss və həyəcanları, təəssüratları toplanıb.

Son dövrlər belə bir fikir üstünlük təşkil edir – xaricdən rejissor dəvət olunsun, Qarabağ mövzusunda filmlər çəkilsin. Xaricdən gələn rejissorlar tələb qoyacaqlar, onlara hər cür şərait yaradılacaq, tələb olunan maliyyə artıqlaması ilə ayrılacaq, onlar da “görüntü” olaraq yaxşı film və serial çəkəcəklər, sonra seyirçilərimiz deyəcək, “Deyirik, inanmırsınız, bizimkilər film və serial çəkə bilmirlər də – xaricilər çəkirlər, bu da fakt… ”

Və Hüseyn Seyidzadə: “Rus nə qanır Qatır Məmməd kimdir?!”

Qatır Məmməd filminin ssenarisini ruslar yazıb və filmi ilk dəfə və çox hissəsini Hüseyn Seyidzadə çəkib, ssenariyə dəyişikliklər edib, kinostudiyanın rəhbərliyi etiraz edəndə deyib, “Ruslar nə qanır Qatır Məmməd kimdir, hələ onun haqda ssenari də yazalar, mən öz əlavələrim ilə çəkəcəyəm.” Milli satqınlar Moskvaya yazıblar, oradan gələnlər filmi Seyidzadədən alıb başqa rejissora veriblər.

Və “Dəli Kür” filmi, bu günə qədər məzmunu düzgün şərh edilməyən film…

İsmayıl Şıxlı “Dəli Kür” romanında “Bir şəxs (Cahandar ağa) öz prinsiplərini pozanda məğlub olur” fikirini irəli sürür.

Bir tayfanın, bir kəndin, bir elin, obanın namusunu çəkən Cahandar Ağa filmin başlanğıcında başqasının arvadını qaçırır (prinsipini pozur), sonra bədbəxtliklər ard-arda gəlir, bacısının taleyi (aldadılır), qızı Rus Əhmədi sevir (baş tutmur), oğlu icazəsiz oxumağa gedir (üzünə qayıdır) və sonda rus gəlir, torpağını alır…

Film çəkmək çox çətin prosesdir, gərək hadisələrə şəxsi mövqeyin həqiqəti üstələməyə!

Qarabağ mövzusu strateji məsələdir! Strateji məkana, əraziyə hər kəsi buraxmaq olmaz, bu mövzuda hər kəs film çəkə bilməz və çəkməməlidir, dövlət də buna imkan tanımamalıdır!

Qarabağ mövzusunda festivallar üçün filmlər çəkmək olmaz, çünki festivallar Qarabağda baş verənlərin gerçək ifadəsini olduğu kimi qəbul etməyəcəklər və təhrif olunmuş vəziyyət isə Azərbaycanın dövlət və milli maraqlarına ziddir.

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri başlamamış Qarabağ mövzusuna aid filmlərin çəkilişinə sürətlə başlamaq lazımdır, bizdə studiya çəkilişləri mümkün olmadığı üçün, yəni belə çəkiliş məkanları qurmağa imkanlarımız olmadığı üçün keçmişdə edilən səhvləri təkrarlamaq olmaz. Bildiyimiz kimi, İtalyan yeni realizmi II dünya müharibəsi haqda filmləri gerçək məkanlarda çəkdilər və böyük uğurlar qazandılar! Belə məkanları tarixə möhürləmək vacibdir. Bədii dillə təqdim olunan müharibə filmlərinin məkanlarının gerçək olması dünya seyirçisində həmin filmlərə marağı artıracaq. Bu şansı qaçırmaq olmaz.

Dünyada belədir, seyirçi üç şeyə görə filmə gedir, yeni filmə getməmişdən öncə seyirçiyə informasiyanı verən bunlardır – filmi çəkən şirkət, rejissorun kimliyi, bir də filmdə hansı aktyorların oynayacağı. Bu üç əsas məlumat dövlətlərə və milli psixologiyaya görə az-çox dəyişə bilər.

İngilislər sinema salonlarına düşünmək üçün, hindistanlılar isə əylənmək üçün gedirlər. İngilislərin uzun illər Hindistanı əsarətdə saxlaya bilməsinin əsas səbəblərindən biri bu idi.

Və “Fransızı sevmək məcburiyyəti”…

İnsan üçün ən əzablı hal – oxuduğunu, baxdığını, gördüyünü anlamamaqdır, dərk etməməkdir, gözün ötürdüyü məlumat beyində yoxdursa, bədən əzab çəkməyə başlayır, ruh sıxılır! Başa düşülməyən film seyirçiyə əzab yaşadır, onda nifrət duyğusu yaradır, seyirçi “Məni qanmaz yerinə qoydun” deyə düşünür.


Nuri Bilge Ceylanın filmlərinə üç fransızdan biri baxıb, amma Türkiyədə bu göstərici çox aşağıdır! Cəmiyyətin çoxu onu tanımır, filmlərinə baxmayıb, çünki onun çəkdiyini türkiyəlilərin çoxu anlamır…

Dünya Nuri Bilge Ceylanı sənətkar rejissorlar sırasına daxil edib! Amma yaşadığı ölkədə hələ çoxluq ustad rejissor ilə sənətkar rejissorun fərqini bilmir, elə bizim cəmiyyətdə olduğu kimi. Belə halda, Sən də məcbur qalıb səni başa düşən fransızı sevirsən.

Və Azərbaycanda DİN çəkiləcək filmin mövzusunu müəyyən edir. Rejissora şərt qoyur.

Rövşən Lənkəranskinin ölümündən sonra onun haqqında film çəkmək qərarına gəldim, xaricdə yeni aldığım təhsil bu mövzuda film çəkməyə imkan verirdi. Hollivud sistemindən istifadə etmək qərarında idik.

2017-ci il, filmin çəkim öncəsi hazırlıqları tamamlanmaq üzrədir, mətbuatda bu haqda informasiya yayılır və sosial şəbəkələr üzərindən təhdid olunuruq.

Adi günlərdən biri, filmin rəssamı ilə ağır yaradıcılıq prosesindən sonra küçədə gəzişirik, qarşımızı 5-6 nəfər kəsir, kimliklərini söyləmədən onlarla getməyimi əmr edirlər, kim olduqlarını, hara apardıqlarını bilməsəm də, əmri sakit qəbul edirəm, amma yenə də kobud davranırlar, maşının içində kobud danışıq və hərəkətlər olur.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirirlər. Şöbə rəisi mədəni davranır, fikir mübadiləsi aparır, bu haqda filmi çəkməyəcəyimə təminat istəyir, sonra rəis müavininin yanına aparırlar, kobud danışır, cavabını yerində alır.

Rəis müavininin ilk sualı bu olur, “Pulu haradan almısan, sənə nə qədər pul veriblər?” (filmi öz maliyyəm və xaricdə yaşayan iki dostumun köməyi ilə çəkirdim, başqaları tərəfindən təklif olunan bütün köməkçi vasitələrdən imtina etmişdim)

Rəis müavini məni cinayətkarlığı təbliğ etməkdə günahlandırır və təhdid edir.

Bu rəis müavini yarı dağlı, yarı naxçıvanlıdır, Naxçıvanda ümumiyyətlə yaşamayıb, 93-cü ilə qədər özünü dağlı balası hesab edirdi, 93-cü ildən sonra oldu naxçıvanlı, vəzifəsini böyüdə bildi və naxçıvanlılara ancaq nifrət qazandırdı.

Rəis müavini “Səni ikinci dəfə bura gətirməyim” şərtini qoyandan sonra məni sərbəst buraxdı.

İdeal dünya yoxdur, real dünya var, oyunlar real dünyaya görə qurulur, oynanılır, “oğru” idi, cinayətkar idi deyib keçməyin, bu aləm var, cəmiyyətlərin idarə olunmasında istifadə edilir, sizdən də birinin orada olması vacib idi, sənə qarşı qurulan oyunları poza bilirdi, indi o, yoxdur, onunla bərabər “oğru” dünyası ölmədi, yox olmadı, sadəcə, artıq sən orada kimsəsizsən, artıq səni yetən əzir.

Və Rüstəm İbrahimbəyovla Ramiz Mehdiyev eyni mahiyyət və məzmuna malik adamlardır!

Niyə? 2008-2010-cu illər olardı, Ramiz Mehdiyev ilə Rüstəm İbrahimbəyov torpaq davasına çıxmışdılar, Ramiz Rüstəmin zəbt etdiyi hektarla torpağı (neft şirkətinə aid idi torpaq) əlindən tutub almışdı, Rüstəm də bütün naxçıvanlılara Ramizə baxdığı kimi baxırdı.

Rüstəm İbrahimbəyov həmin dövrdə yeni film çəkirdi, “Kabusun gözüylə”, məni də kastinqə dəvət etmişdilər (köməkçi rejissorlar). İbrus Teatrına getdim, Rüstəm İbrahimbəyov deyilən vaxtdan 2-3 saat gec gəldi, köməkçi rejissorlar otağa gedib mənim haqqımda yazılı məlumatları ona verdilər. Digər köməkçi rejissorla yanaşı otaqdaydıq, Rüstəm İbrahimbəyov məni təqdim edənlərə dedi, “Bunlar gəliblər buranı da (kinonu) tutmağa, naxçıvanlı olmayan başqa bir bakılı aktyor tapa bilmədiniz?”

Yanaşı otaqda birlikdə olduğum digər xanım köməkçi rejissor (bakılı) bu sözləri eşidəndə çox pərt oldu, mən isə heç nə olmamış kimi oranı tərk etdim, ertəsi gün köməkçi rejissor zəng etdi, rola təsdiq olunduğumu dedi, etiraz etdim, təsdiqi onaylamadım…

4-5 il öncə Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminə qarşı aparılan kampaniyaya bəziləri məni də dolayı yolla qoşmaq istəsə də, buna getmədim, (yuxarıda yazdığım məsələni bildiklərindən, bu haqda 7-8 il öncə status yazmışdım) onun haqqında bir kəlmə də mənfi söz danışmadım və yazmadım, film Azərbaycana və azərbaycanlılara qarşı olsa da!

Adamlar böyük vəzifə tuta bildilər, dünya şöhrətli ola bildilər, amma əsl azərbaycanlı…

Yal davası bizlik deyil, hər kəsin öz meydanı var, inanın, topunuz (yalınız) bizim meydana düşsə, atacağıq yenə öz qabağınıza, bizim damağımız da fərqlidir, biləsiniz, sizə dadlı gələn yeməyi biz yemirik, ümumiyyətlə biz qabağımızdan yemirik!

Fərd xəyalları gerçəkləşməyən ölkədə yaşayırsa, özünü tam ifadə edə bilmirsə, bu boşluğu Cənnət arzusu doldurur, əli boş, cibi boş tək orada özünə yer etmək imkanı tanınır, fərdin qarşısı alınmazdır, sən yol göstərməsən, başqası yol göstərəcək, başqası onun boş yerini doldurub istifadə edəcək, başqalarına imkan tanımayın.

Bəzi tanınmış idmançılarımızın, millət vəkillərimizin, məmurlarımızın məzhəbini araşdırın, hər şey gün kimi aydın olacaq, çoxu qeyri-ənənəvi məzhəblərin daşıyıcılarıdır – nurçu, sələfi.

Bu başlanğıcdır. Birdən sonra iki gəlir.

Məsələn, bizim Şahbaz Xuduoğluya verməli olduğumuz mükafatı (qiyməti) Fransa dövləti verdi.
Adam qanun işləməyən ölkədə “Qanun” nəşriyyatı işlədir, adam kimsə kimsənin kitabını oxumadığı ölkədə kitab çıxarır.

Və xarici və siyasiləşmiş fondlar bir azdan azərbaycanlı rejissorlara filmlər çəkdirəcək, artıq belə nümunə var.

Şəkilə baxanda ilk növbədə özümüzü axtarırıq, videoya baxanda birinci özümüzə baxırıq, özümüzə baxmaq zövq verir, kimsə şəkildə, videoda səni sənə göstərəndə, oturduğun yer böyüyür.

Hər yerdə özümüzü görürük, xoşumuza gəlir, TV-mizdə, filmlərimizdə, seriallarımızda, küçədə, xəstəxanada, dövlət idarələrində, mətbuatda özümüzük, xoşumuza gələn özümüzü heç vaxt dəyişməyəcəyik!

Rejissor, aktyor Rza Rzayev

P.S. Bu yazı sənətkar aktyor Fuad Poladovun əziz xatirəsinə ithaf olunur.

  •  (0)
  •  (0)