Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Özbəkstan Respublikasının Prezidenti Ş.Mirzyayevin dəvəti ilə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çəxış etmişdir. Prezident öz məruzəsində Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf etdiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr vermişdir.
Prezident İlham Əliyev demişdir: “Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb”.
Məlumdur ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilmiş və ya əsaslı təmir edilmişdir. Hazırda Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Həyata keçirilən tikinti işl\ri nəticəsində 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaqdır.
Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratmışdır. Belə hesab edirik ki, Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Azərbaycan dövləti Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etmişdir. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılmalıdır. Lakin rəsmi İrəvan hələ də təxribatlarla məşğuldur. Cari ilin 13 sentyabr tarixində Ermənistanən Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatı buna bariz nümunədir. Düzdür ordumuz bu təxribatın qarşısını qətiyyətlə almdı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurdu. Buna görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Təəssüf ki, bəzi aparıcı beynəlxalq təşkilatlar başa düşmürlər ki, onların səmərəsiz fəaliyyəti ciddi narahlıq doğurur və narazılıqlara səbəb olur. Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qaldığı halda, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildi.
Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edərək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Dövlətimiz öz siyasi fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edir. Məhz buna görədir ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi üzv dövlətləri qane etdiyi üçün yekdilliklə daha bir il – 2023-cü ilə qədər sədrlik müddəti uzadıldı ki, bu da ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent