Artq dünyanın bir çox ölkəsində geniş yayılan “Delta” ştammına yoluxmalar qonşu Gürcüstanda da müşahidə edilib. Dünyada yeni pandemiyanın yaranması qarşıdakı aylarda ərzaq məhsullarının qiymətlərində bahalaşmaya təsir edəcəkmi?
Mövzu ilə əlaqədər iqtisadçı Akif Nəsirli big.az-a açıqlama verib:
“Hazırda dünyada, o cümlədən də Azərbaycanda ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Ərzaq məhsullarının məişət xammalı sayılan buğdanın qiymətində sabitləşmə müşahidə olunur. Amma əvəzində, şəkərin, ağartı məhsullarının, eləcə də bitki yağlarının qiymətində bahalaşma tendensiyası hiss olunur. Hesab edirəm ki, bu, qarşıdakı bir neçə həftədə davam edəcək. Ondan sonra yəqin ki, biz sabitləşmə müşahidə edəcəyik. Sabitləşmənin də əsas səbəbi mövsümlə bağlı olacaq.
Bilirsiniz ki, artıq kənd təsərrüfatı məhsullarının açıq sahədə əkilmiş hissəsinin yığım mövsümü başlayır. Hesab edirəm ki, bu da ərzaq məhsullarının qiymətinin sabitləşməsinə səbəb olacaq. Yəqin ki, bu hal payız aylarına qədər davam edəcək. Ondan sonra yenidən bahalaşma tempinin davam etmə ehtimalı var.
Bildiyiniz kimi, hazırda “Delta” ştammı 100-ə yaxıın ölkədə aşkarlanıb. Bu baxımdan Azərbaycanda da təhlükə var. Yəni bu gün ərzağın dünyada bahalaşmasının əsas səbəbi pandemiya olduğuna görə, biz bir neçə həftə əvvəl düşünürdük ki, artıq pandemiya ilə vidalaşırıq və ərzağın qiymətinin sabitləşməsi prosesi başlayacaq. Çox təəssüf ki, son bir həftə ərzində aldığımız xəbərlər bunun tam əksini deyir. Yəni pandemiya nə qədər uzanacaqsa, ərzaq məhsullarının dünyada bahalaşması da bir o qədər davam edəcək”.