Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərdiyi döyüş təyyarələri və pilotları beynəlxalq mətbuatda əks-səda doğurublar. Rusiyaya hərbi dəstək ortaya çıxandan sonra İrəvan bu təyyarələrin əvəzinə Suriyadan təyyarələr gətirib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Saytın məlumatına görə, “Su-30” tipli dörd döyüş təyyarəsi Ermənistan ordusunda qeydiyyatda olan pilotlarla birlikdə martın 25-də Ukraynada hərbi əməliyyatlar üçün Rusiyaya göndərilib.
Bildirilir ki, Ukraynada istifadəyə göndərilən təyyarələrlə bağlı kəşfiyyat məlumatlarının sızması Ermənistanla Rusiya arasında diplomatik gərginliyə səbəb olub.
Ermənistan artıq hərbi məlumatların sızması ilə bağlı araşdırmalara başlayıb.
O da məlum olub ki, Ermənistandan Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün Suriyadan İrəvana “Su-30” tipli dörd döyüş təyyarəsi göndərilib. Bunun Ermənistanın mümkün sanksiyalara qarşı atdığı addım olduğu düşünülür. Çünki Ermənistanın Ukrayna məsələsində Rusiyaya hərbi dəstəyi İrəvanı sanksiyaların hədəfinə çevirə bilər.
Xatırladaq ki, Ermənistan Yaxın Şərqdən Ukraynaya əsgərlərin göndərilməsində də Rusiyaya yardım edib. Belə ki, suriyalı muzdlu döyüşçülər Erebuni aviabazasında yığılaraq oradan Şimali Osetiyadakı Mozdok şəhərinə yola düşür, daha sonra rusiyalı əsgərlərlə birlikdə Ukraynaya göndərilirlər.
İlk dəfə “Haber Global”da dərc olunan bu xəbərdən iki həftə sonra Rusiya Yaxın Şərqdən Ukraynaya əsgər göndərəcəyini açıqladı.
Digər tərəfdən, o da məlumdur ki, Rusiya öz qoşunlarını hərbi texnika ilə Ermənistan üzərindən təchiz edir.
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin bir hissəsi də çıxarılaraq Ukraynaya göndərilib.
Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkiliblər. Oradan da hərbi nəqliyyat təyyarəsi ilə Rusiyaya yollanıblar.