“Bizi aldatdılar, elə bilirdik Ermənistan sərhədini qorumağa aparırlar. Bizə Qarabağa gedəcəyimizi deməmişdilər”.
Bunu Qarabağda döyüş əməliyyatlarının başa çatmasından və Ermənistanın təslim olmasından təxminən bir ay sonra indiki Xocavənd rayonunun inzibati ərazisində, Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında tutulan erməni hərbçilərindən Sedrak Soqomanyan məhkəmədə ifadəsində deyib.
Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz vətəndaşlarını aldadaraq, Azərbaycan ərazisində terror fəaliyyətinə göndərdiyinin sübutudur.
Ötən ilin noyabrın 10-da müharibə başa çatdı və Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin müharibənin başa çatmasına baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı terror və təxribat fəaliyyəti davam etdirildi. Hadrut istiqamətində erməni terrorçularının (sayları 60-dan çoxdur) saxıanılması bunun sübutu idi.
Məhkəmə qarşısına çıxarılan erməni hərbçilərin bir qrupunun – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin – ifadələri və etirafları da Ermənistanın hərbi-siyasi rəhbərliyinin terror planlarını təkzibolunmaz faktlarla ifşa etdi.
Manukyan Jora Vanoeviçin ifadəsi:
– Ötən ilin noyabr ayında hərbi komissarlıqdan mənə çağırış vərəqəsi göndərdilər. Hərbi komissarlığa getmişəm. Orada silah və 120 ədəd patronla təmin olundum. Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. Avtobuslarla yola düşdük. Gecə bir yerə çatdıq. Orada gecələdik. Səhər açılanda həmin yerin Laçın olduğunu bildik. Daha sonra rus sülhməramlıların yanından keçdik. 40 dəqiqə yol getdikdən sonra dağın yanında düşdük. Oradan piyada dağa qalxdıq. Bizim komandirimiz Arsen Kazaryan idi. O, bizi bir müddət sonra gəlib burdan götürəcəyini dedi. Dekabrın 13-də əmr gəldi ki, aşağı düşün. Biz düşəndə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı onlara verərək təslim olduq. Bizim oranın Azərbaycan torpağı olduğumuzdan xəbərimiz olmayıb. Bakıya gələndə bizə dedilər ki, ora Azərbaycandır.
David Stepyanın ifadəsi:
– Noyabrın 27-də zəng etdilər, Ermənistan sərhədinə getmək lazım olduğunu bildirdilər. Bu səbəbdən mən də hərbi hissəyə gəldim. Həmin gün hərbi hissədən birbaşa Laçın şəhərinə gəldik. Müdafiə Nazirliyinə aid olan iki “Ural” maşını ilə şəhərdən çıxdıq. Təxminən 15 dəqiqə asfalt yolla getdik. Torpaq yolda rus sülhməramlıları ilə rastlaşdıq. Onlarla 5 dəqiqə söhbət edəndən sonra posta qalxdıq. Azərbaycan əsgərləri yaxınlaşdıqda onlara atəş açmamaq, onlar barəsində rəhbərliyə məlumat vermək göstərişi verilmişdi. Dekabrın 13-də əmr gəldi ki, postdan aşağı düşək. Aşağı düşəndə Azərbaycan əsgərləri ilə rastlaşdıq.
Tosunyan Levan Aşotoviçin ifadəsi:
– Müharibə başlayanda mənə çağırış vərəqəsi gəlib. Oktyabrın 3-də Cəbrayıla yola düşdük. 13-14 gün orada növbə çəkdik, sonra geri çəkildik. Qayıdandan sonra mən müharibəyə getməkdən imtina etdim, xidmətdən boyun qaçırdım. Noyabrın 10-da müharibə başa çatandan sonra hərbi hissəyə gəldim. Bizə dedilər ki, lazım olanda mənbəyə getmək lazım olsa, çağırılacağıq. Noyabrın 26-da xəbər gəldi ki, cəbhədə növbə çəkmək lazımdır. Bizi gecə ilə apardılar bir şəhərə. Oranın hara olduğunu bilmədim. Səhər açılanda isə oranın Laçın şəhəri olduğunu bildim. Noyabrın 27-də yenidən çağırışa gedəndə həyati təhlükə üçün qorxum olmayıb. Çünki bilirdim ki, artıq müharibə bitib. Amma müharibə dövründə həyati təhlükə olduğunu bilmişəm.
Serop Avakyanın ifadəsi:
– Məni hərbiyə çağırıblar. Amma mən getmədim. Sonra hərbi polisdən zəng etdilər. Hərbi xidmətə çağırıldım. Həmin gün biz Laçına getdik. Sonra posta qalxdıq. Orada olan digər erməniləri əvəz elədik. Orada dekabrın 13-dək qaldıq. Həmin gün bizə xəbər gəldik ki, aşağı düşək. Bizi ruslar və ermənilər qarşılayacaqdı. Aşağı düşəndə nə rusları, nə də erməniləri gördük. Qərara gəldik ki, özümüz Ermənistana tərəf yollanaq. Yolda Azərbaycan əsgərlərinə rast gəldik. Onlar bizə dedilər ki, silahlarımızı təhvil verək.
Digərlərinin ifadələrində də Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadıldıqları, Azərbaycan ərazisinə qanunsuz gəldikləri açıq şəkildə etiraf olunur.
Ermənistanın Azərbaycana qarşı terror fəaliyyətinin tarixi bir əsrdən çoxdur. Məhkəmə prosesində ermənilərin etirafları bunu növbəti dəfə sübut etdi. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış elan edilib.
Məhkəmədə məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər, Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri olmayıbdır. İttiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə kəskin olduğunu göstərir.
Təqsirləndirilən şəxslərin ifadələrindən də aydın oldu ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə qorxu ilə orduya cəlb edilənlərdir.
Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində bu gün bu şəxslər gənc yaşında məhkəmə qarşısında cavab verdilər. Ermənistan bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqlarını belə təmin etməyibdir.
Azərbaycan isə cinayət əməli törətmiş bu şəxslərə qarşı humanizm nümayiş etdirdi. Bu humanizm addımının Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyinə, regionda sabitliyin bərqərar olmasına töhfə olacağına ümid etmək qalır. Əks təqdirdə, Ermənistanın xalqı əziyyət çəkəcək.