Ermənistan Konstitusiyanı dəyişir – Ədliyyə nazirindən AÇIQLAMAbackend

Ermənistan Konstitusiyanı dəyişir – Ədliyyə nazirindən AÇIQLAMA

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkə Konstitusiyasının dəyişdiriləcəyini istisna etməyib.
Hokm.az xəbər verir ki, nazir bu gün keçirdiyi mətbuat konfransında deyib:
“Mənim dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni Konstitusiyanın mətninə sahib olmaqdır, bizim işimiz bu istiqamətə yönəldilməlidir”.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl dəfələrlə bildirib ki, hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün əngələ çevrilib.

“Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur”, – İlham əliyev deyib.

Ermənistanın ilk Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilib. İlk konstitusiyanın qəbulu Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib.

Qeyd edildiyi kimi, konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.

Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar iki dəfə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad olduğu kimi saxlanılıb, əl dəyilməyib.

İlk konstitusiya dəyişikliyi 2-ci prezident Robert Köçəryanın dövründə, ikinci dəyişiklik referendumu isə 3-cü prezident Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib.

Belə ki, 27 noyabr 2005-ci ildə keçirilən referendumla bəzi düzəlişlər edilmiş yeni konstitusiya qəbul edilib.

6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti referendum nəticəsində yenidən konstitusiyada dəyişikliklər edilib və beləliklə də, dövlətin siyasi quruluşu yarıprezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.

Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula (ön söz) və 9 fəsildən ibarətdir.

Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb.

A.Qorxmaz

  •  (0)
  •  (0)