Ermənistan Azərbaycanın diqtəsinə uyğun davranmağa məcburdur – Tovmasyanbackend

Ermənistan Azərbaycanın diqtəsinə uyğun davranmağa məcburdur – Tovmasyan

Biz Ermənistanın Qarabağın təhlükəsizliyinin qarantı olduğunu söyləməyə öyrəşmişik, amma əslində əksinədir. İndi Qarabağ Ermənistanın təhlükəsizliyinin qarantıdır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu erməni deputat Taguhi Tovmasyan Ermənistan parlamentinin bu gün keçirilən fövqəladə iclasında deyib.

Deputatın bu fikirlərinə şərh versək, görərik ki, həqiqətən də bu gün Ermənistanın gələcəyi məhz Qarabağa – yəni Azərbaycana bağlıdır. Artıq Azərbaycanın diqtə etdiyi bütün şərtlərə əməl olunmalıdır. Çünki Azərbaycan bunca mərhumiyytlərə, erməni cinayətlərinə və vandallığına rəğmən, Ermənistana sülh və gələcək təklif edir, dinc erməni əhalinin Dağlıq Qarabağda yaşamasına, eləcə də Ermənistanın Qarabağdan keçən tranzit və kommunikasiya xətlərindən istifadəsinə yox demir.

Bəllidir ki, Ermənistan keçmiş Dağlıq Qarabağ münaqişəsindən dolayı regiondan təcrid vəziyyətdədir. Bu səbəbdən ölkə iqtisadiyyatı çöküb, turizm yox dərəcəsindədir. Rusiya istisna olmaqla, digər dövlətlərlə idxal və ixrac səviyyəsi olduqca zəifdir.

Odur ki, İkinci Qarabağ müharibəsindən, 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktından sonra Ermənistanın qarşısında yeni tələb və seçimlər dayanıb. İndiki halda, ən doğru seçim isə Azərbaycanla hesablaşmaq, onun regionda müəyyənləşdirdiyi siyasət və xəttə uyğun davranmaqdır. Əks təqdirdə, Ermənistanın bir dövlət olaraq gələcəyi böyük bir sual altında qalacaq. Ona görə də deputat Taguhi Tovmasyan demiş – indi Qarabağ Ermənistanın təhlükəsizliyinin qarantıdır.

  •  (2)
  •  (0)