Ermənilərin oğurlayıb Amerikada milyonlar qazandığı Azərbaycan filmibackend

Ermənilərin oğurlayıb Amerikada milyonlar qazandığı Azərbaycan filmi

Hokm.az kulis.az-a istinadən Günel Mehrinin “Bir arşın malçı əhvalatı” bədii-sənədli filmində təqdim edilən tarixi faktlar əsasında yazdığı araşdırmanı təqdim edir.

İl 1913. Gənc Üzeyir Hacıbəyov təhsil almaq üçün üz tutduğu Peterburqdan vətənə doğru məktublar qanadlandırır:

“Bəradərim Hüseynqulu! Mən bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır…Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun… Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir. Bəradərin Üzeyir. 30 iyul 1913-cü il, Peterburq”.

“Əzizim Müslüm! Səssizliyimin səbəbi məşğul olmağımdır. Demək olar ki, səhər tezdəndən, gecəyədək işləyirəm: ilk növbədə imtahana hazırlaşıram, həm də çox uğurlu alınacaq operetta yazıram və Tanrının köməyi ilə, vaxt gəldikdə sənə göndərəcəm…”

Göründüyü kimi, Üzeyir bəy “Arşın mal alan”dan söz açdığı məktublardan birini dostu aktyor Hüseynqulu Sarabskiyə, digərini isə bacanağı bəstəkar Müslüm Maqomayevə ünvanlayır. Bəs niyə məhz bu iki nəfərə? Maraqlıdır ki, bir qədər sonra sözü gedən operetta bu iki nəfərin taleyində də iz buraxır. Belə ki, “Arşın mal alan” operettasına ilk quruluş verən rejissor Hüseynqulu Sarabski olur. Müslüm Maqomayev isə əsərə drijorluq edir. Və bu seçimlər təsadüfi deyildi. Üzeyir bəy hələ Qori müəllimlər seminariyasındakı tanışlıqları zamanı bilirdi ki, Müslümün özünəməxsus drijorluq qabiliyyəti var.

Hə, bax bu məqamda maraqlı bir sual çıxır ortaya: Bəs niyə Üzeyir bəyin yaradıcılığıında zirvə nöqtəsi sayılan “Koroğlu” operasına deyil, “Arşın mal alan” operettasına fokuslanmışıq?

Çox təzadlı bir ömür yaşamışdı Üzeyir bəy. Cümhuriyyət dövrünün himn musiqisini də, Azərbaycan SSR-nin himn melodiyasını da bəstələmək onun alınına yazılmışdı. Amma Üzeyir bəy bəstəkarlıqla yanaşı, həm də dəyərli bir alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim idi. Onun xalqına etdiyi saysız yaxşılıqlar,mədəniyyət tariximizdə həyata keçirdiyi dövlət əhəmiyyətli layihələr, musiqi və publisistikamıza yadigar qoyduğu bir-birindən dəyərli əsərlər haqqında çox şey demək olar. Amma ona bir dramaturq və bəstəkar kimi dünya şöhrəti gətirən və Üzeyir bəyin ömrünün sonunadək üstündə yarpaq kimi əsdiyi əsəri məhz “Arşın mal alan” idi. Bəs görəsən, niyə bəstəkar bu operettanın taleyindən belə nigaran idi? Əvvəla qeyd edək ki, “Arşın mal alan” 28 yaşlı Üzeyir bəyin qələmindən çıxan sonuncu operetta idi. Lakin bu operetta nəinki bəstəkarın yaradıcılığında mühüm rol oynadı, həm də 70-ə yaxın xarici dilə tərcümə edilərək yüzlərlə teatrda səhnələşdirildi. Sevildiyi qədər də başı qalmaqallı olan əsər nə az, nə çox düz 4 dəfə ekran həlli qazandı, hətta ermənilər tərəfindən plagiata uğradı…

“Arşın mal alan”I qələmə almazdan öncə Üzeyir Hacıbəyov musiqiləri və publisitikası ilə xalqın qəlbinə yol tapmış, həm də ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş adlı-sanlı bir bəstəkar idi. “Leyli və Məcnun”la Müsəlman Şərqində ilk operanın əsasını qoyan bəstəkar ard-arda qələmə aldığı opera və operettalarıyla daim gündəmdə idi. Belə ki, Üzeyir bəyin bəstələdiyi ilk operetta “Ər və arvad” da, növbəti operettası “O olmasın, bu olsun” da xalq tərəfindən maraqla qarşılanır. Amma təhsil almaq üçün üz tutduğu Peterburq həyatı böyük bəstəkarın yaradıclığında önəmli bir dönəmə çevrilir. Məhz bu dönəmdə Üzeyir bəy ciddi-cəhdlə yeni operettası olacaq “Arşın mal alan”ın musiqisi və librettosu üzərində işləyir, qəzəllər üçünsə böyük şair Məhəmməd Füzulinin yaradıcılığına müraciət edir. Üzeyir bəy Qarabağ bölgəsindən idi və təasdüfi deyil ki, operettadakı hadisələr Qarabağın cənnət guşəsi Şuşa şəhərində cərəyan edir. Özü də əsərin süjet xətti inqilabdan öncəki Azərbaycan mühtinə xas adət-ənənələr üzərində qurulur. Üzeyir bəy əsərdə çadra altında yaşayan qadınların hüquqsuzluğuna və nigahdan öncə ailə quracağı qızın üzünü belə görməkdən məhrum olan kişilərin çarəsizliyinə qarşı çıxan maraqlı və hiyləgər bir oyun qurur. Belə ki, varlı və hörmətli bir bəy evlənəcəyi qızı tapmaq məqsədi ilə arşın malçı qiyafəsinə girir və qapı-qapı düşüb paltar-palaz satır. Və həyətlərin birində qəlbini bağışlayacağı gözəl bəy qızı ilə rastlaşır. Lakin ilk baxışdan mümkünsüz görünən arşın malçı və bəy qızının məhəbbəti nəinki xoşbəxt sonluqla bitir, hətta digər subay personajların da izdivacına təkan verir.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdinin qeydlərinə görə, operettanın əsas qəhrəmanının prototipi Üzeyir bəyin real həyatda əhvalatını eşidib təsirləndiyi Məcid-bəy Behbudalı olub. Deyilənə görə, Şuşada yaşayan Məcid bəy qeyri-adi səsə malik, gözəl xalq mahnıları ifaçısı idi. Bir gün gənc Məcid toy məclisində varlı zadəgan nəslindən olan Firuzə xanıma vurulur. O qız Məciddən 16 yaş kiçik idi və Şuşaya ailəsi ilə birlikdə toya gəlmişdi. Firuzə xanım əslən Qazax qəzasının Salahlı kəndindən – məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı idi. Toyun səhəri günü Məcid sevdiyi qızı görmək üçün arşın malçı qiyafəsində gəlir və onlar sövdələşib izdivac qurmaq üçün Şuşanı tərk edirlər. Bu izdivacdan dünya şöhrətli Rəşid Behbudov dünyaya gəlir. Maraqlıdır ki, illər sonra Rəşid Behbudov “Arşın mal alan” operettası ekranlaşdırılarkən atasının prototipi olan Əsgər obrazını yaratmalı olur.

Lakin hələ o tarixə çox var. Hələki 1913-cü il, oktyabrın 25-idir. Üzeyir bəy bərk həyəcan keçirir. Çünki məhz bu tarixdə Bakıda messenat Hacı Zeynalabdin Tağıyevin teatrı kimi məşhurlaşan indiki Musiqili Komediya Teatrının binasında “Arşın mal alan” operettasının premyerası baş tutur. Əsərin rejissoru – Hüseynqulu Sarabski, dirijoru isə Müslüm Maqomayev idi. Lakin operetta senzuradan keçsə də, çadralı Azərbaycan qadını səhnəyə çıxa bilməzdi. Bu səbəbdən də qadın qəhrəmanları canlandıranlar kişilər və digər millətdən olan xanımlar idi. Beləliklə, “Arşın mal alan”ın premyerası məhz bu aktyorlarla baş tutur: Əsgər bəyi- Hüseynqulu Sarabski, Gülçöhrəni – Əhməd Ağdamski, Soltan bəyi – Ələkbər Hüseynzadə, Süleyman bəyi-Hənəfi Terequlov, Asyanı – Aleksandra Olenskaya, Tellini – Yevgeniya Olenskaya canlandırır. Tamaşa qoyular-qoyulmaz qəzetlərə düşür:

“Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır.”

“Arşın mal alan” operettası bir dərəcə məsxərə tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar.”

Bu məqalələr “Sədayi-həqq”və “İqbal” qəzetlərindəndir. Doğurdan da, əsər cəmiyyətdə böyük rezonans doğurur. “Arşın mal alan”ın tərəfdarları və tənqidçiləri meydana gəlir. Əsərin musiqi və ədəbi həlli ilk nümayişdən sonra Üzeyir bəy tərəfindən dəfələrlə redaktə edilir. Bir ildə “Arşın mal alan” yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır və bir sıra dillərə tərcümə edilərək Gürcüstan, Ermənistan, Rusiya, Mərkəzi Asiya, Türkiyə, Çin, Amerika və digər ölkələrin teatr səhnələrində alqışlarla qarşılanır.

Əsər o qədər sevilir ki, kino ekranına da ayaq açır. Lakin “Arşın mal alan”ın ilk versiyaları tamaşaçılara məlum deyil. Həmin filmlər dövrümüzə gəlib çatmayıb. Əsərin ilk versiyasını Moskvadan gələn rejissor Boris Svetlov çəkir. 7 hissədən ibarət olan bu ekranlaşdırma 1916-cı ildə Pirone qardaşlarının “Filma” Səhmdar Cəmiyyətinin studiyasında həyata keçirilir. Filmdə rolları ifa edənlər demək olar ki, operettada iştirak edən aktyorlar idi. Film ilk dəfə 1917-ci ildə yanvarın 3-də “Forum” kinoteatrında nümayiş etdirilir. Səssiz film olduğundan musiqi parçalarını ekranın qarşısında əyləşmiş muğam üçlüyü ifa edirdi. Xanəndə isə Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəy incə yumorla zəmanəsinin Qafqaz dünyasına xas eybəcərliklərini o qədər ustalıqla açır ki, bütün nöqsanlarına baxmayaraq film çox sevilir. Lakin filmin bədii keyfiyyəti Üzeyir bəyi qane etmir. Və tamaşaçıların böyük marağına baxmayaraq film Üzeyir bəyin tələbi ilə ekrandan götürülür. Hətta bu haqda dövri mətbuatda da məqalələr çıxır. Amma filmin prokatının yaxşı gəlir gətirdiyini görən bəzi şəxslər ayrı-ayrı şəhərlərdə dəfələrlə Üzeyir bəydən gizli şəkildə bu ekran əsərinin qısaldılmış versiyalarını nümayiş etdirirlər.

Bir çox mənbələr səhvən göstərir ki, guya Peterburqlu rejissor Belyakov bu operettanı Üzeyir Hacıbəylinin icazəsi olmadan ikinci dəfə ekranlaşdırır. Lakin əsl həqiqət budur ki, Belyakov heç rejissor belə deyildi. O, Svetlovun çəkdiyi “Arşın mal alan”ın ilk kino versiyasının prokat rəhbəri idi. Sadəcə Belyakov Svetlovun çəkdiyi filmi qısaldaraq 7 hissədən 4 hissəyə salır və bu versiyanı Üzeyir bəydən gizli şəkildə müxtəlif kinoteatrlarda nümayiş etdirirdi. Bu haqda xəbər tutan bəstəkarın vəkili Əlimərdan bəy Topçubaşovla birgə qradonaçalnik Kovalyovun yanına gələrək müəllifin icazəsi və razılığı olmadan çəkilən filmin nümayişinin dayandırılmasını xahiş edir. Beləliklə, film prokatdan çıxarılır. Üzeyir bəy bir müəllif kimi həqiqətən bu operettanın üstündə əsir. Onun yenidən necə gəldi ekranlaşdırılmasına hər vəchlə etiraz edir. Azərbaycan Xalq Cumhuriyyətinin dönəmində “Pate qardaşları” fransız firması İstanbul vasitəsi ilə Azərbaycanın incəsənət xadimlərinə yol taparaq “Arşın mal alan” operettasını ekranlaşdırmağı təklif edirlər. Lakin bu birgə layihə baş tutmur. Maraqlıdır ki, operetta növbəti dəfə Üzeyir bəydən xəbərsiz ekranlaşdırılır. Özü də filmi 1937-ci ildə ekranlaşdıran ABŞ-da yaşayan erməni əsilli rejissor idi. Əslində “Arşın mal alan” operettasının partiturasını ermənilər hələ ötən əsrin 20-ci illərində Üzeyir bəydən alıb əsəri öz dillərində səhnələşdirirdilər. Hətta dövri mətbuatda gedən məqaləyə görə əsəri ilk dəfə erməni dilinə tərcümə edən Maqalyan adlı bir erməni imiş. Lakin sovet hökuməti qurulduqdan sonra Amerikaya köçən Maqalyan “Arşın mal alan operettasının not yazılarını özüylə aparır. Beləlklə, operetta ermənilər tərəfindən Amerikada dəfələrlə səhnələşdirilir və hətta “Ekanomi-press” qəzetinin verdiyi məlumata görə Nyu-Yorkda əsərin not kitabı çıxarılır. Və heç bir mənbədə əsərin həqiqi müəllifi Üzeyir bəyin adı çəkilmir. Hətta günlərin birində Üzeyir bəy bu oğurluq faktıyla bağlı Amerikada yaşayan və vaxtilə Bakı konservatoriyasının profesoru olan Okorokovdan məktub alır. Məktubda deyilir ki, Maqalyan soyadlı bir erməni Amerikanın müxtəlif ştatlarında öz truppası ilə “Arşın mal alan”ı göstərərək külli miqdarda pullar qazanır. İş o yerə çatır ki, rejissor Ruben Mamulyan adlı birisi bu ssenarini Maqalyandan satın alır, lakin özü çəkmir. Filmi Setraq Vartiyan adlı başqa bir erməni rejissora çəkdirir. Titrlərdə isə əsərin müəllifini qeyd etmək yerinə belə bir remarka yazırlar: “Şərq əfsanələrinin motivləri əsasında” . Yeri gəlmişkən, “Xırdavatçı sevgili” adlanan bu film təəssüf ki, Amerika kino ensiklopediyasına da daxil edilir. “Arşın mal alan”ın ermənilər tərəfindən ekranlaşdırılması xəbəri Üzeyir bəyi o qədər sarsıdır ki, o, müəllif hüquqlarının bərpa olunması üçün mərkəzə məktub yazır, lakin Moskvadan xəbər gəlir ki, Sovet İttifaqı müəllif hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulmadığından Üzeyir bəyə yardım edə bilməyəcəklər. Lakin bu hadisədən sonra 1940-cı ildə “Arşın mal alan” bədii filminin səsli versiyasının çəkilməsi məsələsi Bakı kinostudiyasının planına salınır.

Lakin müharibəyə görə filmin istehsalına çox gec başlanılır. Çoxları bilmir ki, filmin səsli versiyasının ssenarisi ilk növbədə yazıçı İmran Qasımova tapşırılır. Lakin bir ay sonra düşünüb-daşınıb belə qərara gəlirlər ki, bu işi “Toy” komediyası ilə populyarlıq qazanan dramaturq Sabit Rəhman daha yaxşı icra edə bilər. Beləliklə, 1941-ci ildən ssenari üzərində iş başlayır və dəfələrlə dəyişiklik etdikdən sonra son nəticəyə görə film musiqili olur. Hətta filmin məzmunu böyük müzakirələrə və mübahisələrə yol açır. Moskvadan belə bir məktub gəlir ki, inqilabdan əvvəlki dövrü təsvir edən və 4 izdivacla sonlanan bir filmin istehsalı nə qədər məqsədəuyğundur ki? Yeri gəlmişkən, filmə quruluş verəcək rejissor dəfələrlə müxtəlif səbəblərdən dəyişdirilir. Bu siyahıda rejissor Ağarza Quliyevin və digərlərinin adları olsa da, sonda təsdiqlənmiş ssenari iki rejissora həvalə edilir:

Rza Təhmasibə və Nikolay Leşşenkoya. Filmin füsunkar və peşəkar təsvir həlli isə gənc operatorlar Əlisəttar Atakişiyev və Muxtar Dadaşova məxsus idi. Hətta ssenari muzikl janrında olduğundan belə qərara gəlirlər ki, film iki dildə səsləndirilsin: Azərbaycan və rus dillərində. Maraqlı məqamlardan biri də odur ki, filmin hər səhnəsi iki dəfəyə çəkilir. Bir dubl Azərbaycan, bir dublsa rus dilində. Nəhayət, film 1945-ci ildə hazır olur. Lakin filmin istehsal prosesində bir-birindən maraqlı hadisələr baş verir.

Filmin çəkilişləri kinostudiyanın pavilyonundan başqa Mərdəkanda və milyonçu Muxtarovun bağ evində aparılırdı. O dövrdə Bakı studiyasının texniki bazası zəif, işçilərinin maddi vəziyyəti isə çox aşağı idi. Buna görə də film üçün rekvizit tanış-bilişlərin evlərindən toplanırdı. Hətta Rəşid Behbudov çəkilişdə atasının qaragül papağından, qızıl papiros qabından və gümüş çubuğundan istifadə etmişdi. Baxmayaraq ki, qızğın müharibə gedirdi, onlar da arxa cəbhədə bir növ öz silahlarıyla vuruşurdular.Çəkilişlərin ilk günlərindən hamı böyük həvəslə çalışırdı. Soltan bəy obrazını Üzeyir bəyin məsləhəti ilə Ələkbər Hüseynzadəyə həvalə edirlər. Halbuki həmin rola 4 namizəd var idi: Kazım Ziya, Bünyadzadə, Məlikov və Kələntərli. Cahan xala roluna isə Validə Vəzirova və Münəvvər Kələntərlinin namizədliyi arasından sonuncu təsdiqlənir. Telli roluna Fatma Mehrəliyeva, Vəli roluna Lütfəli Abdullayev, Süleyman roluna İsmayıl Əfəndiyev, Asya roluna isə 50 nəfərin içindən Rəhilə Məlikova seçilir. Sonralar Asya rolu ilə bağlı Rza Təhmasib öz xatirələrində yazırdı ki, montaj zamanı Asya ilə bağlı 35 metrlik lenti kəsib tullamışdım. Amma sonradan düşündüm ki, o vaxt aktrisanın imkanlarından yaxşı istifadə edə bilməmişəm. Rəşid Behbudovu kinoya israrla gətirən də rejissor Rza Təhmasib olur. Özü də gənc müğənnini rejissor konsertlərdən birində bəyənir və qastrollara getməyib filmdə çəkilməyə razı salmaq üçün də bir xeyli əlləşir.

Yeri gəlmişkən, Əsgər bəy obrazına təsdiqləndikdən sonra gənc Rəşidin əsərin müəllifi Üzeyir bəylə qısa bir görüşü baş tutur. Rəşid Behbudov “Arşın mal alan”la bağlı fikirlərini Üzeyir bəylə bölüşəndə bəstəkar söyləyir ki, sən bu əsəri düzgün başa düşürsən. Və bu sözlər gənc xanəndə üçün bir növ stimula çevrilir. O vaxt Rəşid Behbudov Ermənistan Dövlət Caz Orkestrində və Ermənistan Dövlət Opera və Balet teatrında çalışırdı. Çəkilişlər zamanı o çox çətinliklə işdən icazə alır və nəhayət, seçim qarşısında qalıb bu filmə görə Ermənistanla bütün bağlarını kəsir. Rəşid Behbudova dünya şöhrəti gətirən də elə həmin film olur. Və o, dəfələrlə etiraf edir ki, dünyanın hansı ölkəsində konsert proqramıyla çıxış edirdimsə, tamaşaçılar məni “Arşın mal alan”ın Əsgər bəyi kimi alqışlayırdılar.

Gülçöhrə obrazını canlandıran Leyla Bədirbəylini isə deyilənə görə, Üzeyir bəy özü rejissora təklif edir. Bu, Leyla Bədirbəylinin kinoda ilk işi olmasa da, Rza Təhmasib kimi tələbkar bir rejissoru razı salmaq qəliz məsələ idi. Hətta məşqlərdən birində rejissor əsəbiləşərək Leylaya xəbərdarlıq edir ki, belə getsə, Gülçöhrə obrazına başqasını çəkəcəm. Bu söhbətdən narahat olan Leyla səhər bütün cəsarətini toplayıb Üzeyir bəyin evinə üz tutur. Və göz yaşları arasından deyir ki, Üzeyir bəy mən çox istəyirəm, Gülçöhrə obrazına çəkiləm. Üzeyir bəyin gənc qıza verdiyi cavab onu qanadlandırır:

“Mən istəyirəm ki, sən mənim Gülçöhrəmi ürəkdən sevəsən”.

Bax eləbu açar cümlədən sonra Leyla Bədirbəylinin oyunu məşq zamanıRza Təhmasibi valeh edir və o, Gülçöhrə obrazının ən maraqlı və yaddaqalan ifaçısı kimi yaddaşlara köçür. Yeri gəlmişkən, filmdə Gülçöhrənin ariyalarını Azərbaycan dilində Validə Vəzirova, rus dilində isə Mariya Titarenko oxuyurlar.

O dövrdə ayrı-ayrı ölkələrdən “Arşın mal alan”ın ünvanına yüzlərlə məktub, teleqram qanadlanır. Onlardan biridə deyilir ki: “Arşın mal alan” filminin şəhərimizdə göstərilməsi fövqaladə bir hadisəyə çevrildi. Bilet almaq çox çətin idi. Hamı elə birinci gün filmə baxmağa tələsirdi. Şəhərin küçə və meydanlarında Sizin, Əsgərin, Tellinin , Xalanın, Vəlinin mahnılarını ağız-ağıza verib oxuyan tamaşaçıların sevinci yerə-göyə sığmır. Filmə baxarkən adamda yaşayıb-yaratmağa daha çox həvəs oyanır”. Bu məktub Gülçöhrə obrazının ifaçısı Leyla Bədirbəyliyə ünvanlanmışdı. Özü də Kazan şəhərindən.

Lakin filmin istehsalı intriqasız da ötüşmür. Belə ki, Üzeyir bəy çəkiliş zamanı yaradıcı qrup tərəfindən əsərə edilən istənilən əlavəni istehzayla “otsebyatina” adlandıraraq əsəb keçirir və öz diliylə etiraf edir ki:

” Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur”.

Hətta iş o yerə çatır ki, Mir Cəfər Bağırov Üzeyir bəyə tapşırır ki, film bitənədək kinoçulara yaxın durmasın.

Yeri gəlmişkən, intriqalardan biri də filmin musiqisi ilə məşğul olan maestro Niyazi ilə baş verir. Belə ki, Üzeyir bəyin əsərlərinə olan həssas münasibətindən istifadə edənlər də tapılır. Onlar qəsdən Üzeyir bəyə deyirlər ki, Niyazi sizin əsərinizi bərbad vəziyyətə salır. Lakin filmin nümayişi günü Üzeyir bəy ondan incik olan və premyeraya belə zorla gələn maestronu bağrına basır və etiraf edir ki, yaxşı işləmisən, çox sağ ol, qoçaq.

Filmin SSRİ Kinematoqrafiya Komitəsinin bədii şurasında təsdiqlətmək də asan olmur. Söhbət Eyzenşteyn, Mixail Romm, Serqey Gerasimov kimi nəhəng kinorejissorların olduğu bir şuradan gedirdi. İlk baxışda Azərbaycandan filmin kinorejissorlarından biri olan Rza Təhmasib və həmin dövrdə Kinematoqrafiya İdarəsinin diektoru olan Rəsul Rza iştirak edirdilər. Öncə şura üzvləri filmi pisləyərək tənqid edirlər. Hətta bədii şuranın üzvlərindən biri deyir ki, bu filmdən “Sibir ətri” gəlir. Səbəb kimi isə ortaya belə bir sual qoyurlar:

Yəni siz demək istəyirsiniz ki, inqilabdan öncəki həyat daha gözəl və xoşbəxt idi?

Lakin filmi pis adlandıran şura üzvlərinin əleyhinə çıxış edən Eyzenşteyn filmi sənət əsəri, kəşf adlandırır. Daha sonra filmi izləyən Stalin gülməkdən uğunur və filmi bəyəndiyini bildirir. Məsələ burasındadır ki, “Arşın mal alan” Stalinin hələ Tiflisdə yaşadığı dönəmdən sevdiyi bir operetta olur.

Beləliklə, “Arşın mal alan” filminin səsli versiyasının ilk nümayişini Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 25-ci ildönümünə həsr etmək istəyirlər. Və 1945-ci ilin payızında bütün çətinliklərə rəğmən ekranlara buraxılan filmin premyerası Moskvanın iki kinotetrında reallaşır. Bu nümayiş tamaşaçılar tərəfindən əsl sənət bayramı kimi qarşılanır və cəmiyyətdə yaratdığı müsbət ajiotajı görüb filmi digər şəhərlərdə də böyük ekranlara buraxırlar. Beləliklə, filmin əsas yaradıcı heyəti o dövrün ən böyük mükafatı olan Stalin mükafatı qazanır. Hətta Üzeyir bəyə bu mükafat ikinci dəfə verilir. Film Azərbaycanda çəkilən ən iri büdcəli filmlərdən biri olsa da, ekranlara çıxandan iki il sonra 5 milyard rubl qazanc əldə edir. Bundan başqa ölkəyə filmə görə dövlət sirri kimi gizli saxlanılan böyük həcmdə valyuta daxil olur.

Nümayişdən sonra bütün zal boşalsa da, Üzeyir bəy başını əlləri arasına alıb susur. Rza Təhmasib ona yaxınlaşıb soruşur ki, filmi bəyənməmisiz ki? Bəyənmişəm, əlbət ki. Sadəcə düşünürəm ki, Şərq qadınını azad və xoşbəxt etmək üçün daha nələr etməliyik, deyə Üzeyir bəy cavab verir.

Nə yaxşı ki, Üzeyir bəyə bu əsərin ilk səsli ekran versiyasını görmək qismət olur. Film ekranlara çıxandan 3 il sonra böyük ədib bu dünyayla vidalaşır və “Arşın mal alan”ın növbəti ekran versiyasını görə bilmir. Lakin filmin şöhrəti Üzeyir bəyin vəfatından sonra daha da artır.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı” ya daxil edilir.

Qeyd edək ki, sonralar “Arşın mal alan”ın Rusiya Dövlət Arxivində qorunan nüsxəsi də ölkəmizə gətizdirilir və filmin Azərbaycan dilində yenidən bərpa olunması təşkil edilir. Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, “Ata Holding”in dəstəyi və “Peachline” şirkətinin təşkilatçılığı ilə bərpa olunur və rənglənir. Bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunur.

“Arşın mal alan” filmi post sovet məkanında elə bir uğur qazanır və prokatlardan o qədər gəlir gətirir ki, 1965-ci ildə Bakıda yenidən ekranlaşdırılır. Bu, “Arşın mal alan”ın ilk rəngli və genişekranlı variantı idi. Filmin yeni versiyasının rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov olur.

Deyilənə görə, bu filmi çəkmək rejissor Tofiq Tağızadənin çoxdankı arzusuymuş. Və təsadüfi deyil ki, filmin ssenarisini yazmağı da Tofiq Tağızadə Muxtar Dadaşovla birgə həyata keçirir. Daha çox naturada- Azərbaycanın Quba, Göygöl kimi mənzərəli məkanlarında çəkilən bu film də uğurlu alınmışdı. Baş rolun ifaçıları Həsən Məmmədov, Murad Yegizarov, Nəcibə Məlikova, Leyla Şıxlinskaya, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova və digərləri idi.

Filmin ilk nümayişi 1966-cı ildə avqustun 8-də Moskva şəhərində reallaşır. Özü də film ekranlara iki dildə çıxır: Azərbaycan və rus dillərində. Düzdür, 1945-ci ildə çəklimiş filmlə müqayisədə bu film böyük rezonans doğurmur, lakin “Arşın mal alan”ın bu son versiyası da Yaxın Şərq ölkələrində, eləcə də İordaniya, İraq və Suriyada böyük uğurla nümayiş etdirilərək tamaşaçıların rəğbətini qazanır.

Yeri gəlmişkən, “Arşın mal alan”ın bu versiyası çəkiləndə Üzeyir bəy həyatda olmadığından rejissor Rza Təhmasibdən fərqli olaraq, Tofiq Tağızadə orijinal ssenarini istədiyi kimi dəyişdirir və məşhur “”Oxu, oxuma” səhnəsini də özündən uyduraraq filmə əlavə edir. 1965-ci ildə rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Arşın mal alan” 1967-ci ildə Tiflisdə keçirilən I Zaqafqaziya və Ukrayna respublika filmlərinin “Promotey-67” zona kinofestivalında ən yaxşı musiqili film kimi Gürcüstan Bəstəkarlar İttifaqının mükafatına layiq görülür.

“Arşın mal alan”ın qələmə alınmasından 100 ildən artıq bir dönəm keçib. Üzeyir bəyin bu operettanın sərhədləri aşaraq dünyaya yayılacağı ilə bağlı peyğəmbərcəsinə dediyi sözlər birəbir reallaşdı. “Arşın mal alan” dünyanın 76 ölkəsini gəzdi, sədaları 187 teatrın səhnəsindən, 136 ölkənin kinoteatrından səsləndi. 1945-ci ildə çəkilmiş filmi dövrünün ən böyük mükafatı sayılan Stalin mükafatına layiq görüldü. Bəs görəsən, nədir bu əsərin bu qədər sevilmə səbəbi? Operettanın xoşbəxt sonluqla bitməsimi, yoxsa Üzeyir bəyin bu əsəri xalqına və onun musiqisinə olan sonsuz sevgisiylə möhürləməsimi? Bu sualların ən gözəl açarı da elə böyük Üzeyir bəydədir:

“Mən belə bir mükafatı xəyalıma gətirə bilərdimmi? İllər öncə “Arşın mal alan” əsərini yazarkən mən onun bu qədər yüksək qiymət alacağını düşünə bilərdimmi? Mən bütün həyatımda özümü xalqımın xidmətçisi saymışam. Nə yaratmışamsa, onun üçün yaratmışam!

P.S. Qeyd edək ki, bu il böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının -135, dünyaşöhrətli müğənni Rəşid Behbudovun -105, 1945-ci ildə çəkilən “Arşın mal alan”ın -75, 1965-ci ildə çəkilən “Arşın mal alan” filminin 55 ilik yubileyidir.

  •  (0)
  •  (0)