Ərdoğan təsdiqlədi: Azərbaycana yeni səfir GÖNDƏRİLİRbackend

Ərdoğan təsdiqlədi: Azərbaycana yeni səfir GÖNDƏRİLİR

Türkiyənin Azərbaycana yeni səfir təyinatı rəsmiləşib.

Hokm.az-ın məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı Rəsmi Qəzetdə dərc edilib.

Sərəncama əsasən,  Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olacaq. Ərdoğan daha 5 ölkəyə yeni səfir təyin edib.

Akgün Türkiyənin Maarif Fondunun rəhbəridir.

Səfirin tezliklə Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Akgün 25 mart 1968-ci ildə Soma şəhərində (Manisa vilayəti) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra, 1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb. Vətənə qayıdandan sonra Akgün Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2004-ci ildə dosent olub. 2009-cu ildə professor elmi dərəcəsi alıb.

Professor Birol Akgün hazırda Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və “Maarif” Vəqfi İdarə Heyətinin sədridir.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı hazırkı səfiri Cahit Bağçıdır.

  •  (0)
  •  (0)