Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi AÇILA BİLƏRbackend

Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi AÇILA BİLƏR

Azərbaycanın Ərbildə Azərbaycan Mədəniyyət mərkəzinin açılması uzun müddətdir müzakirə edilən mövzulardan biridir.

Hokm.az-a danışan Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi bildirib ki, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması əlbəttə ilk növbədə orada yaşayan 400 min türkmənə xidmət edəcək:

“Eyni zamanda Azərbaycan və Ərbildəki türkmənlər arasında ədəbi, mədəni və incəsənət mövzusunda ciddi əlaqələr qurulmasına tögfə verəcək. Azərbaycanla İraq türkmənləri arasında ədəbi, mədəni əlaqələr 1959-cu ildən başlanıb. Azərbaycandan Kərkükə, Bağdada gedən Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə qayıtdıqdan sonra “Uzaq ellərin yaxın töhfələri” adında bir kitab çap etdirdilər. Bağdadda çap edilən “Qardaşlıq” jurnalında Rəsul Rzanın adından 6 məqalə yayımlandı. Məqalələrdə İraqdakı türkmənlərin mədəniyyətləri, ənənələrini, ədəbiyyatlarını çap etdilər. Bu əlaqələr uzun müddətdir davam edir

Ancaq 2003-cü ildən, yəni Səddam Hüseyn rejimindən sonra bu əlaqələr ciddi şəkildə irəlilədi. Yazarlar, şairlər Kərkükdən, Ərbildən Azərbaycana getdilər, kitablar çap etdilər, konfranslara qatıldılar. İki toplum arasında soyumuz, kökümüz, dilimiz, ədəbiyyatımız oxşar olduğu üçün təbii ki, xoşbəxt oluruq. Tarixi araşdıranda görürük ki, şimali və cənubi Azərbaycan, İraq türkmənləri bir bütünün parçasıdır. Bunu Ümumilli Lider Heydər Əliyev 2000-ci ildə İstanbulda çap edilən “Qardaşlıq” jurnalına müsahibəsində də deyib. Biz İraq Azərbaycanlıları olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına məmnun olarıq. Bu gün Ərbildə qurulan hökumətdə türkmənləri təmsil edən nazirimiz Aydın Marufun da görüşləri bu yöndədir ki, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında heç bir əngəl yoxdur. Hökumət buna daha əvvəl də razılıq verib, Azərbaycan dövləti də müraciət edib. Amma hələlik durğunluq var. Seçkilərdən sonra hökumət hələ qurulmayıb. Təmənnimiz yaxın zamanda həmin mədəniyyət mərkəzinin qurulmasıdır. Türkmənlər də bu mərkəzdən istifadə edə, Azərbaycan xalqı da buraya gələndə mədəniyyət, ədəbiyyat sahəsində ciddi fəaliyyətlərlə məşğul ola bilər”.

Ş.Kuzəçi bildirib ki, bu gün Ərbildə 2 milyon insan yaşayır ki, onların 400 mini türkmənlərdir:

“Onların Azərbaycana və türk dünyasına inteqrasiya olması, ortaq fikirlər və layihələrin həyata keçirilməsində qurulacaq Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyük olacaq. Mərkəzin qurulmasında hansısa problemlər çıxmamasını ümid edirik. Çünki Ərbil İraqın ikinci bölgəsidir, mərkəzi hökumət 15, bura 3 vilayət olmaqla ümumi 18 vilayət mövcuddur. Ərbildən əlavə Kərkükdə də mədəniyyət mərkəzinin açılması vacibdir. 1960-cı illərin sonunda Türkiyənin Kərkükdə mədəniyyət mətkəzi var idi. Mərkəz 1978-ci ilə qədər fəaliyyət göstərdi. Bizim təmənnimiz Türkiyə, Azərbaycan və türk dünyasının Kərkükdə mədəniyyət mərkəzlərinin açılması və ortaq düşüncələrimizi, mədəniyyətimizi, ənənələrimizi, tariximizi və folklorumuzu təkrar gözdən keçirmək və istiqamətdə addımlar atmaqdır. Ancaq mədəniyyət mərkəzini açılması ilə bağlı bir problem var. Mərkəzin Ərbil qalasında qurulması planlaşdırılır. Həmin qala YUNESKO-ya məxsus olduğu üçün bunu təsdiq etməlidir.”

  •  (0)
  •  (0)