“Əlli yaşında cavan”backend

“Əlli yaşında cavan”

Bu il, çoxlarımızın müğənni, yazıçı, şair, bəstəkar kimi yaxşı tanıdığımız Zəka Vilayətoğlunun 50 yaşı tamam olacaq. Adamın inanmağı gəlmir. O mənada ki, mənə elə gəlir, o, hələ də mənim ilk gördüyüm görkəmdə, ilk bildiyim yaşdadır.
Zəka bəylə 90 -cı illərin ortalarında tanış olmuşam . O vaxtlar Zəka 22-23 yaşlarında bir gənc idi. Onunla tanışlığımızın səbəbkarı, Misirdə məzuniyyətdə olarkən istirahət zamanı tanış olduğum, iş adamı Rüfət adlı şəxs oldu (Rüfətlə münasibətlərimizi sonralar da davam etdirir, arabir dost məclisi qurub yığışırdıq. Məhz belə görüşlərin birində o, məni Zəka ilə tanış etdi). Rüfət özü yazı – pozu aləmindən uzaq olsa da, yaradıcı insanlara qiymət verməyi bacaran xeyirxah adamdır (Məni Zəka ilə tanış elədiyinə görə Rüfətə həmişə minnətdar olacağam).
Zəkanı təzə tanıdığım vaxtlar o, çox sadə və utancaq bir oğlan idi. Deyim ki, elə indi də, – baxmayaraq ki, yaşı, artıq 50 – ni haqlayıb, həminki sadəliyin və utancaqlığın əlamətləri hələ də onda qalmaqdadır. O vaxtlar mən biləndə ki, bu gənc oğlan musiqi ilə məşğul olur, özlüyümdə fikirləşdim ki, bu utancaqlıqla musiqi aləmində baş çıxarmaq onun üçün çox çətin olacaq. Heç kimə sirr deyil ki, musiqiçilərin çörəyi toylardan çıxır, belə məclislərdə də üzlü olmasan çətin olacaq. Yəni sözün yaxşı mənasında gərək çox “üzlü” olasan ki, musiqi sənət dünyasında özünə yer tuta bilə, hansısa yüksəlişə nail ola biləsən. Amma zaman göstərdi ki müğənni, öz abır – həyasını qorumaqla da musiqi arenasında öz layiqli yerini tuta bilərmiş…
Söhbətlərimiz əsnasında Zəkanın hər zaman böyük səhnələr üçün doğulduğunu hiss etmişəm. Yəni Zəka, bir müğənni kimi daha çox səhnələrdə çıxış etməyi tərcih edir. Bildiyim qədər hər toya, hər məclisə də getmir… O, yalnız biləndə ki məclisə sənətə qiymət verənlər gələcək, o zaman böyük həvəslə orada iştirak edir… Bu, insanın həm özünə , həm də sənətə qiymət verməyindən irəli gəlir… Zəka belə insandır… Zəka ilə ilk tanışlığımız vaxtlarından onun ifa etdiyi mahnılar arasında mənə xüsusilə zövq verəni “Anam yadıma düşdü” və “Sarıtel”dir . “Sarıtel”i çox səsi olan müğənnilər oxuyub, amma Zəkanın ifası tamamilə fərqlənir və daha ürəyəyatımlıdır. Həyat yoldaşım musiqinin beşiyi sayılan Qarabağdan – Ağdamdandır. O, musiqiçi olmasa da, yəqin ki, doğulduğu torpağın təsirindəndir, yaxşı səsi, gözəl musiqini qiymətləndirməyi əla bacarır. Dəfələrlə Zəkanın səsi televiziyadan (təəssüflər olsun ki , axır vaxtlar bu, az-az baş verir) gələndə əlindəki bütün işləri kənara qoyub böyük həvəslə qulaq asır. Və həmişə də vurğulayıb ki, bu səs adamın beynini dincəldir, ürəyinə yağ kimi yayılır. Mən də həyat yoldaşımın bu fikirləri ilə tam şərikəm. Zəka musiqinin bütün janrlarında məharətlə ifa etməyi bacarır. Onun müğənni kimi iştirak etdiyi toy məclislərinin bir çoxunda onun romanslarımızı, xalq mahnılarımızı məharətlə ifa etdiyinin şahidi olmuşam. Çox sevilən, unudulmaz “Gecələr bulaq başı”, “Ala gözlüm neyləyim” mahnılarının, “Sənsiz”, “Sevgili canan”, “Bəxtəvər oldum” (yadımda qlan bunlardır) romanslarının onun səsində bir ayrı gözəlliyi olur. Sözün qısası, Zəka xoşbəxt sənətkardır ki, Tanrı yaxşı olan heç nəyi ondan əsirgəməyib. Gənc yaşlarında olduğu kimi indi də xarizmatikdir, intellektualdır. Nitqi səlis, səsi məlahətli, ürəyəyatımlıdır. Dost kimi sədaqətlidir. Ən əsası çox yaxşı ailə başçısı, yaxşı atadır. Onun ən gözəl, ən qiymətli əsərlərindən ikisi isə iki oğlu Əli və Toğruldur.
Zəka ilə tanışlığımızdan müəyyən bir dövr keçəndən sonra Zəkanın başqa bir istedadına bələd oldum, – o, həm də istedadlı nasir imiş. İlk hekayələri ilə “Ulduz” Ədəbiyyat dərgisinin səhifələrindən tanış oldum. Sən demə, dostumuz, erkən yaşlarından nəsr əsərləri yazır, amma nəşr etdirmirmiş. Qeyd edim ki, yazdıqlarının , istər roman olsun, istər povest, istərsə də hekayə, hamısının süjet xətti eşitdiyi, gördüyü hadisələrə, tarixi faktlara əsaslanıb. Elə bircə ulu babası, el qəhrəmanı Məcid Ağa haqqındakı, çox oxunaqlı və çox da sanballı “Şah ölüm”romanı buna əyani sübutdur. Ədəbiyyatla maraqlananlar bilirlər ki, yazılan əsər yaşananlardan bəhs edirsə, daha oxunaqlı olur.
İçində, qəlbində yığılmış hissləri oxucuya çatdırmağa, bununla da özünü sübut etməyə Zəkaya nəsr bəs etməyib. Zəkanın qəşəng şerləri də var. Zəkanı istedadlı şair kimi axır vaxtlar kəşf etdim. Şeirləri də, səsi, mahnıları, ifası kimi bənzərsizdir. Sözlər, misralar diridir, koloritlidir. Zəka, həm də istedadlı bəstəkardır. Onlarla şeirlərə musiqi bəstələyib. Biri-birindən gözəl bu mahnıların, sadəcə təbliğatı zəifdir. Günümüzdə yaranan çoxsaylı, qrafoman, plagiat və ümumən bayağılıq təşkil edən mahnılardan çox-çox fərqlənir Zəkanın mahnıları və çox-çox yüksəkdə dayanır. Hər dəfə dinlədikcə bu mahnılarda yeni rənglər, yeni çalarlar tapmaq mümkündür. Məlum məsələdir ki, bir müğənninin sənətinin, mahnılarının tanınması üçün kifayət qədər böyük məbləğdə pul vəsaiti lazımdır və ya bu yolda kiminsə mükəmməl yardımı, dəstəyi olmalıdır. Bunları isə, az və ya çox formada Zəka özü həll etməyə çalışır. Ən əsası çox şadam ki, o, hər zaman öz mənliyini, qürurunu, əxlaqını qoruyub-saxlaya bilir.
Zəkanın bəstələri də, şeirləri də səsi kimi axarlı, zərifdir. Zəka sözə hörmət qoymağı bacarır, yazılarında artıq sözə rast gəlməzsən… Zəkanın musiqi duyumu genişdir, yaradıcılığı kimi ifaları da çoxşaxəlidir. O, təkcə milli musiqimizi deyil, italyan, fransız, ərəb, fars mahnılarını da məharətlə ifa etməyi bacarır. Bu mahnıları dinləyən bir dinləyici, bir musiqisevər kimi deyirəm, bunları. Musiqinin, demək olar ki, bütün sahələrində o, özünü sınayıb , özü də uğurla və bütün sadaladıqlarımı özünəməxsus ləyaqətlə davam etdirməkdədir. Zəka o müğənnilərdəndir ki, onun Rusiyada, Ukraynada toyda olduğunu öyrənən pərəstişkarları dəfələrlə Azərbaycanda öz toy şənliklərinin vaxtını onun istəyinə görə dəyişib, başqa vaxta keçiriblər. Bir dəfə toyların birində bir həkim dostumuz mikrofona dəvət alarkən üzünü qonaqlara tutub Zəka haqqında, bir az ciddi, bir az zarafatla bu sözləri söyləmişdi: “Əziz qonaqlar, mən çox şadam ki, mənim həmkarım Nazim həkimin övladının toyunu Zəka Vilayətoğlu idarə edir. Mənim toyumda da Zəka bəy oxuyub. O kimin toyunda oxuyursa, həmin bəyin oğlu olur. Xoşbəxtəm ki, mənim də iki oğlum var”. Məclisdəkilərin üzünə bu sözlərdən təbəssüm qonmuş, Zəkaya rəğbətləri ikiqat artmışdı. Bu, bir dost kimi məni çox qürurlandırmış, fərəhləndirmişdi. Mən də çox şadam ki, mənim də övladlarımın şəninə qurulmuş məclisləri Zəka öz səsi, mahnıları ilə bəzəyib. Mən Zəkanı həmişə özümə sədaqətli dost saymışam, sayıram və sayacağam.
Rauf Məmmədzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

  •  (2)
  •  (0)