Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcək?backend

Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcək?

Bir neçə gün öncə Prezident rəqəmsallaşma və innovasiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Bu fərman əsasında keçmiş NRYTN –da struktur dəyişiklikləri edilib, bir neçə yeni dövlət qurumları yaradılıb.

Maraqlıdır ki, dəyişikliyə məruz qalmayan struktur uzun illər fəaliyyəti elə də görünməyən  Elektron Təhlükəsizlik Xidməti olub.

Bu qurum  2012-ci ildən Prezident fərmanı əsasında  Nazirlik tərkibində fəaliyyət göstərir.

Əsas məqsədi kibertəhlükəsizlik sahəsində kordinasiya, kibertəhdidlər barədə məlumtlandırma, kibergigiyena və  maarifçilik işlərinin təşkilidir .

Lakin müşahidələr göstərir ki, qurum indiyədək qarşıya qoyulan vəzifələrin bir çoxunu reallaşdıra bilməyib.

Son zamanlar isə hətta iş o yerə çatmışdı ki, bu dövlət qurumunun  səlahiyyətlərini açıq-aşkar digər dövlət qurumları həyata keçirməyə başlamışdı.

Bir müddət öncə, Nazilrikdə aparılan kadr islahatları çərçivəsində  Elektron Təhlükəsizlik Xidmətinin rəisi də yarıtmaz fəaliyyətinə görə  tutduğu vəzifədən azad olunub və onun yerinə bu sahədə daha çox təcrübəsi olan, uzun illər Azercell-də çalışan  Şahin Əliyev təyin edilib.

Görünən odur ki, ETX hələlik kompüter insidentləri ilə mübarizə mərkəzlərinin (CERT) kordinasiyasını gerçəkləşdirə bilməyib.

Əhalinin rəqəmsal savadlılığının artırılması sahəsində ciddi problemlər qalmaqdadır.

Son zamanlar email, SMS və ya zənglər vasitəsilə həyata kçeirilən kiberhücumlarla  vətəndaşların bank hesablarının və sosial media hesablarının ələ keçirilməsi bir daha onu göstərdi ki, bu sahədə profilaktika olduqca zəifdir.

Bu sahədə maarifləndirmə isə indiyədək nəinki ETX tərəfindən, daha çox media və ekspertlər tərəfindən aparılıb.

Ötən gün qurumun yeni rəhbəri mediaya açıqlayıb ki,  tezliklə bu sahədə ciddi dönüş yaradılacaq, Əsasnaməsinə uyğun olaraq “Milli CERT” funksiyası yerinə yetirilməklə kordinasiya gücləndiriləcək. Yeni Rəis kibertəhlükəsizlik üzrə kadrların və  milli məhsulların , yeni xidmətlərin hazırlanmasına xüsusi diqqət yetiriləcəyini də bildirib.

Düşünürəm ki, sektorda diqqət yetiriləcək məsələlər hədsiz çoxdur. Uzun müddətdir ki hazırlanmaqda olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı Strategiya” indiyədək də müzakirəyə çıxarılmayıb.

Qeyri-dövlət sektorunda kibertəhlükəsizlik sahəsində metodiki-informasiya dəstəyinin təşkili  effektiv qurulmayıb və əlçatanlığı yetərli deyil.

ETX maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməlidir.

Bloklanan saytlarla bağlı, “İnformasiya, informasiyalaşama və informasiyanın mühafizəsi haqqında“  qanun əsasında yaradılması nəzərdə tutulan  “Qara siyahı” indiyədək də aktiv deyil. Ümumiyyətlə, düşünürəm ki, ETX-in, saytların bloklanması sahəsində  normal, şəffaf  bir tənzimləmə mühiti yaratması çox faydalı olardı.

Bu sahənin bərbad gündə olması beynəlxalq hesabatlarda da öz əksini tapır.

Məhkəmə qərarı ilə və belə bir qərar olmadan bloklanan saytlar, məhkəməyə olan müraciətlər, Nazirliyə bloklanma ilə bağlı daxil olan müraciətlər, xəbərdarlıq olunan saytlarla bağlı məlumatlar, bloklanmadan çıxarılan resurslarla bağlı məlumatlar üçün ayrıca bir resurs formalaşdrımalıdır.

Ümid edirəm ETX-in yeni rəhbərliyi tezliklə ölkənin  kibertəhlükəsizlik sektorunda  ciddi dönüş yarada biləcək.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti.

  •  (1)
  •  (1)