Eks-nazir qızının “hə”sini almaq üçün 15 il elçi gedən MƏŞHUR AKTYORbackend

Eks-nazir qızının “hə”sini almaq üçün 15 il elçi gedən MƏŞHUR AKTYOR

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.

Martın 22-si Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin doğum tarixidir.

L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Böyük aktyorun qızı Xurşudxanım Abdullayeva atası ilə bağlı Modern.az-la bölüşdüyü xatirələrində bildirib ki, yaddaşımızda Məhəmməd, Zülümov kimi məşhur rollarla qalan, ətrafına gülüş saçan aktyor ailədə tamam fərqli bir insan olub.

“Onun səhnə həyatı bir yana, real həyatı tamam ayrı idi. Evdə çox ciddi, üzü gülməyən bir insan idi. Mən uşaq olarkən atamla harasa çıxanda gəlib evdə ağlayırdım. Başa düşə bilmirdim ki, nə üçün hamı atama baxıb gülür. Fikirləşirdim ki, axı mənim atam gülməli deyil. Ona görə ki, biz atamızı evdə tamam başqa, ciddi bir insan kimi tanıyırdıq. Maraqlıdır ki, oxumağı belə, bacaran atamı kinodan başqa heç yerdə oynayan görmədim.
Mənim anam Əhməd bəy Pepinovun qızı, Həsən bəy Ağayevin nəvəsi idi. Anamın nənəsi isə tatar knyaginyası idi. O, çox mədəni, ensiklopedik biliyə malik olan bir insan və alman dili mütəxəssisiydi. Sözümün canı odur ki, anamı görsəydiniz, onda anlayardınız ki, o qadının yanında elə atam kimi ciddi adam olmalı idi.
Lütfəli Abdullayev çox ciddi, müdrik bir insan olub. Dərin savadı olmasa da, onun zəngin daxili aləmi var idi”.

Müsahibimizin sözlərinə görə, heç vaxt atasını əsəbiləşən görməyib:

“Amma hökmlü insan idi. Di gəl ki, evdən kənarda elementar bir kəlmə deyən kimi camaat gülməkdən qırılırdı. Bir xüsusiyyəti də o idi ki, istənilən vəziyyətdə hazırcavab olurdu. Səhnədəki tərəf müqabillərindən yalnız Nəsibə Zeynalova ona söz çatdıra bilirdi. Yadımdadır, “Hicran” tamaşasının premyerasında onlar mətndən elə kənara çıxırdılar ki, Sabit Rəhman deyirdi “Lütfəli, sən təkrarlaya bilərsənmi, mən o ifadəni mətnə daxil edim”. Biz onu evdə heç vaxt rola hazırlaşan görməmişdik. Onun güclü yaddaşı vardı. Məşqlər zamanı mətni bir dəfə oxuyar, onunla da yadında saxlayıb səhnəyə çıxardı. Daha yazsın, evdə məşq etsin, biz belə bir şey görmürdük. Eyni zamanda, o, məktəbi əski əlifba ilə qurtardığına görə nə latın, nə də kiril əlifbası ilə yazırdı. Yalnız köhnə ərəb əlifbasını bilirdi. Bu səbəbdən indi biz onun dəftərlərini oxuya bilmirik”.

Xurşudxanım Abdullayeva:

“Elə insanlar var ki, heç atamı görməyiblər, onun ölümündən sonra doğulublar. Amma biləndə ki, mən onun qızıyam, hamı mənə qapı açır. Hər aktyorun övladı bu hörməti görmür. Yadımdadır, 1992-ci ildə İngiltərədə oxuyarkən oradan özümə çox bahalı portmanat almışdım. Azərbaycana gələndən sonra bir gün bazarda onu oğurladılar. İki gün keçəndən sonra evimizə zəng gəldi. Zəng edən dedi ki, bazar müdiridir. “Gəlin, itən portmanatınızı aparın”. Sən demə, oğru açıb görüb ki, içərisində atamın şəkli var, onu qoyub “Təzə bazar”ın qapısı önündə. Özü ora qoyub ki, kimsə tapıb qaytarsın. O zaman təsəvvür edin ki, atamın ölümündən 19 il ötmüşdü. Bundan da böyük bir hörmət olarmı!?”.

Aktyorun qızı:

“Bizdə hər gün süfrə açılardı. Çünki onun evdə ən sevimli məşğuliyyəti qonaq qəbul etmək idi. Hələ yadıma gəlmir ki, bir gün evə tək gəlsin, ən azı 5-6 nəfər adamla evə gələrdi. Bir məsələni də deyim ki, o, anamı ev işindən azad etmişdi. Bizim ayrıca dayəmiz, ev işlərini görən köməkçimiz olub. Yalnız mətbəxə atam heç kimi buraxmırdı və deyirdi ki, yeməyi anam bişirsin. Bütün günü qazan asılardı, qonaq qəbul olunardı. Bir dəfə gecə saat 3-də qapı döyüldü, atam qapını açıb, sonra da gəlib anamı yuxudan oyatdı ki, tez dur, qonağımız var. Gecə 4-5 nəfər üçün süfrə açırdı. Atam dedi ki, qonaqlarımızın xəstəsi var, sabah nazirin yanına gedib xəstəni başqa ölkəyə aparmaq üçün kağız alacaq. Səhəri atam kağızı aldı və qonaqları Moskvaya gedən qatara mindirib, geri qayıtdı. Qonaqlar gedəndən sonra anam soruşdu ki, “ay Lütfəli, indi məni başa sal görüm, bu qonaqlar kim idi?”
Dedi ki, “heç özüm də bilmirəm. Gəldilər, xahiş etdilər ki, bizə kömək et, mən də etdim”…
Atam aş, qutab, xaş yeməklərini çox sevirdi. Xaşı özü bişirərdi. Heç kimə etibar etmirdi. Qonşularla da yaxşı münasibət saxlamağı bacarırdı. Bizim evdə nə bişdi onlarla bölüşürdük. Ümumiyyətlə, bizim evdə qapı bağlandı söhbəti yox idi. Maraqlı burasıdır ki, atamla Nəsibə xanımın dostluğu elə səhnədə də qalırdı. Çünki Nəsibə xanımı bizim evə gələn görməmişik”.

X.Abdullayeva deyib ki, anası ilə atası köhnə mədəniyyətə malik insanlar idi.

“Mən böyüyəndən sonra anamdan soruşdum ki, sizin heç atamla aranızda narazılıq olurdumu? Uşaq vaxtı biz bunu görməmişdik. Anam təəccüblə dedi ki, necə ola bilər ki, bizim narazılığımızı uşaqlar görsün. Deyirdi ki, “Lütfəli mənim atamdır, qardaşımdır, dostumdur, sonra ərim”. Atam rəhmətə gedəndən sonra da anam 30 il müddətində bir dəfə də olsun məclisə çıxmadı. Getdiyi yerlər yalnız iş və ev oldu. Mən sonradan başa düşdüm ki, o atamın yasını ömrünün axırına qədər saxlayıb.
Anam danışırdı ki, bir həftə atam onunla danışmayıb. Səbəb isə bu imiş ki, sən demə, anam bir gün mağazadan gedib çörək alıb. Atam hirslənib, ona deyib ki, sən məni biabır elədin. Deyib niyə? Cavabı bu olub: “Çünki deyəcəklər, “Lütfəlinin arvadını əlində torba gördük”…
Biz bir dəfə də olsun anamı süpürgəylə görmədik. Atam onu əsl xanım kimi yaşadırdı. Ayaqqabı almaq istəyirdisə, atam gedib qarşısına 10 cüt qoyurdu ki, hansını istəyirsən seç. Onlar 18 il bir yerdə yaşayıblar. Amma rahat ömür sürüblər.

Atam  özünü xoşbəxt hesab edirdi. Deyirdi ki, mən işə ürəklə qaçıram, ürəklə evə gəlirəm. Sevdiyi işi və sevdiyi qadını əldə etməyə nail olmuşdu. Anamı düz 15 il ona verməyiblər. Hətta anamın nənəsi rəhmətə gedəndə “mənim həyatda bir səhvim var ki, bu dünyada Lütfəlini vaxtında tanımamışam” deyib”.

Qızının dediyi kimi, Lütfəli Abdullayev düz 15 illik üzüntü və çırpıntılardan sonra sevdiyi qıza – Sevda xanıma qovuşub. Onda aktyorun 44 yaşı olub. Onun uzun müddət sevgisi uğuruna mübarizə apardığı xanım da sıradan bir  ailənin qızı olmayıb. Sevda xanlm Cümhuriyyət qurucularından olan Həsən bəy Ağayevin nəvəsi və ilk demokratik hökumətimizin əmək naziri olmuş Əhməd bəy Pepinovun qızı olub.

Lütfəli Abdullayev ona müharibənin qızğın vaxtlarında -1943-cü ildə kim olduğunu bilmədən – bir baxışla vurulubmuş. 15 il ərzində dəfələrlə elçi göndərsə də, “yox” cavabı alıb. Bu ilə mane olansa, yuxarıda qeyd etdiyimiz kimi, Sevda xanımın nənəsi, Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım imiş… Amma axırda Lütfəli Abdullayev deyən olub, qızı ona veriblər…


Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilib, ən yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.

  •  (1)
  •  (0)