Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “EcoMotion: Yaşıl Gələcəyə Addım” adlı layihə 10 aprel – 10 sentyabr 2025-ci il tarixləri ərzində Bakı şəhərində uğurla icra olunaraq yekunlaşıb. Layihə gənclər arasında ekoloji problemlər, yaşıl texnologiyalar və enerji səmərəliliyi mövzularında maarifləndirməni gücləndirmək, eyni zamanda ekoloji məsuliyyətli davranışların təşviqinə töhfə vermək məqsədi daşıyıb.
Layihənin icrası mərhələli yanaşma əsasında qurulub. İlkin mərhələdə gənclərin ekoloji mövzularda mövcud bilik səviyyəsini və maraq istiqamətlərini müəyyənləşdirmək məqsədilə anonim sorğular keçirilib. Əldə olunan nəticələr əsasında layihənin məzmun xətti formalaşdırılıb və gənclər üçün daha anlaşılan, vizual baxımdan cəlbedici formatlar seçilib.
Layihə çərçivəsində yaşıl texnologiyalar, enerji səmərəliliyi və aktual ekoloji problemləri əhatə edən 5 animasiya videosu və 2 öyrədici video məzmun hazırlanıb. Eyni zamanda ekologiya və enerji sahəsində fəaliyyət göstərən mütəxəssislərlə videomüsahibələr təşkil olunaraq ekoloji problemlərin səbəbləri, mümkün həll yolları və gələcək perspektivlər barədə etibarlı məlumatlar təqdim edilib. Hazırlanan bütün məzmunlar YouTube, Instagram və TikTok platformalarında yayımlanaraq geniş auditoriyaya çatdırılıb.
Rəqəmsal platformalardan effektiv istifadə layihənin daha geniş yayılmasına və gənclərin ekoloji mövzulara marağının artmasına imkan yaradıb. Layihə çərçivəsində təqdim olunan videoməzmunlar gənclərin passiv izləyici mövqeyindən çıxaraq, ekoloji məsələlərə daha məsuliyyətli və fəal yanaşmasına şərait yaradıb.
Layihənin yekununda əldə olunan nəticələrin davamlılığının təmin olunması məqsədilə könüllü komanda formalaşdırılıb və hazırlanmış məzmunların gələcəkdə də ardıcıl şəkildə paylaşılması nəzərdə tutulub. “EcoMotion: Yaşıl Gələcəyə Addım” layihəsi gənclərin ekoloji biliklərinin artırılması ilə yanaşı, cəmiyyətdə yaşıl düşüncə tərzinin formalaşmasına töhfə verən uğurlu təşəbbüs kimi qiymətləndirilir.















