Ekipaj üzvləri ilə bağlı dövlət planları var – Komitə sədribackend

Ekipaj üzvləri ilə bağlı dövlət planları var – Komitə sədri

Bakı-Qroznı reysi ilə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi izin itirilməsi məqsədilə “Embraer 190” təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib. Görünür ki, təyyarənin Xəzər dənizinə düşəcəyi planlaşdırlıb.

Amma “Embraer 190″ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.

Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır. Məhz pilot və ekipaj üzvlərinin gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.

Qəhrəman pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar. Onlar Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaqlar.

Bəs ekipaj üzvləri təltif olunacaqmı?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, “Embraer 190” təyyarəsinin ekipaj üzvləri faktiki olaraq döyüşçü kimi davranıblar:

“Təyyarə heyətinin göstərdiyi qəhrəmanlıq gələcəkdə aviasiya sferasında, ümumiyyətlə, nəqliyyat aləmində bir simvola çevriləcək. İlk növbədə təyyarənin xilası üçün bütün lazımi tədbirlər görülüb və əvvəla alternativ məkanlar istənilib. Faktiki olaraq, o uçuş zamanı dispetçer xidmətindən parollar, əsas koordinatlar verilməyib. Buna baxmayaraq, belə bir vəziyyətdə Aktauya uçmaq, Xəzər dənizi üzərində partlayışın qarşısını almaq üçün  müəyyən dövr etmək, özlərini riskə ataraq, bütün sərnişinləri xilas etmək uğrunda sükanı canları və qanları bahasına saxlamaq qəhrəmanlıq nümunəsidir. Bu, heç kimin ağlına gələ bilməzdi. “Qara qutu”dan öncə, digər insanların ağ qutusu üzərindən prosesləri görə bildik. Silah zərbəsi almağına baxmayaraq, təyyarənin maksimum müvazinətini saxlaması hərbi cəbhələrdəki qırıcıların hərəkətləri ilə eynidir. Faktiki olaraq, həmin pilotlar elə döyüşçü kimi davranıblar”.

Komitə sədri vurğulayıb ki, ekipaj üzvünün qəhrəmanlığının dəyərləndirilməsi üçün müvafiq dövlət planları var:

“İki-üç saat ərzində baş verənlər təkcə azərbaycanlılar deyil, bütün dünyada bu məsələni izləyən qüvvələr tərəfindən qiymətləndirilir. Həm kapitanın, həm pilotun, həm də bilavasitə bələdçilərin fədakar davranışlarını, panikaya əleyhinə hərəkətlərini xarici mediadakı bütün şərhlərdə, mülahizələrdə yüksək qiymətləndirirlər. Bələdçinin “Kəmərləri bağlayın hər şey yaxşı olacaq!” sözləri artıq az qala “Qarabağ Azərbaycandır!” qədər milli şüara çevrilib.
Bu yöndə parlament üzvlərinin təklif verib-verməməyindən asılı olmayaraq, təyyarə ekipajının igidliyinin dəyərləndirilməsi ilə bağlı əminik ki, müvafiq dövlət planları mövcuddur. Bunu biz qabaqlamaq istəməzdik. Ən başlıca məsələ pilotların adının insanların qəlbində həkk olunmasıdır. Onlar qəhrəmanlıq salnaməmizin bir parçasıdırlar. Qarabağ səmasında göstərilən igidlik təkrar olunub. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin məsələyə reaksiyası məhz elə Ali Baş Komandan münasibəti oldu. Yəni Prezident mülki təyyarə olmasına baxmayaraq, hərb meydanlarında döyüşlərimizə olan münasibətin eynisini sərgilədi”.

  •  (0)
  •  (0)