EHSAN nədir? ‒ mövzusunda danışmazdan əvvəl bəzi araşdırmalar aparmalı oldum. Məlum oldu ki, məsələnin optimal həllinin tapılması üçün son illər mətbuatda ən çox yer ayrılan, haqqında uzun-uzadı danışılan mövzulardan biri olub. Haqlı və ya haqsız fikirlər deyilib, tövsiyələr verilib, hətta bəzi dövlət orqanlarının bu məsələyə müdaxiləsi də baş verib. Təəssüf ki, dəfn, yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi bu gün də aktual olaraq qalmaqdadır. Xüsusən bir çox bölgələrdə yas mərasimlərində verilən ehsan israfçılığı cəmiyyəti ciddi narahat edir.
Əlbəttə, mətbuatın işi, nəticəsindən asılı olmayaraq, istənilən məsələni ictimailəşdirməkdir. Lakin və amma ciddi təsirə malik olmayan kiçik “ixtisarlar” istisna olunmaqla hələ də EHSAN mövzusu neqativ mənada öz aktuallığını saxlamaqdadır. Mövzu indi də mətbuat səhifələrindən, televiziya ekranlarından, sosial şəbəkə səhifələrindən düşmür. Problem isə cəmiyyətin daxili birgəyaşayış qaydalarında, necə deyərlər, sitənib durur, həllini tapmır ki tapmır… Ehsan israfçılığı hələ də dirəniş göstərir. Bunu icra etməzdən əvvəl necə yola verilməsini bilmək, yəni bu qədərmi çətindir?
Ümumiyyətlə, “ehsan” sözünün mənasına və yaranma zərurətinə nəzər salsaq görərik ki, əslində EHSAN böyük bir mədəniyyətdir. Ehsan ‒ faydalı iş görmək və onu gözəl şəkildə yerinə yetirməkdir. Bir xoş təbəssümün, bir doğru yolu məsləhət görən sözün özü də ehsandır.
Cəmiyyətdə mədəniyyətin yüksəlişi insanın insana olan münasibətilə ölçülür. Bu bütün xalqlarda və səmavi dinlərdə belədir. Belə olan təqdirdə, məgər EHSAN elə insani münasibətin özü deyilmi?… Amma və lakin bizdə bu sözü deyəndə niyə hamının gözünün qarşısına hüzn məclislərində verilən yemək-içmək süfrəsi gəlir. Bax, bunu anlamaq olmur. Bunun belə olmasının səbəbi, sizcə, bugünkü yas məclisləri və ya bu sözün fəlsəfi mahiyyətini cəmiyyətə düzgün izah etməyən əksər din xadimləri, ziyalılar, ağsaqqallar deyilmi? Axı, masalar üstündə quş südündən can dərmanına kimi yemək bolluğu ehsanın dini-fəlsəfi mahiyyətinə tam ziddir, yəni haramdır (Müqəddəs “QURAN”da da belə buyurulub).
Ehsanın bu qədər gündəmə daxil olmasının səbəbləri əslində çoxdan bəllidir. Sadəcə, bu məsələ artıq kulminasiya həddinə çatıb. Əminliklə demək olar ki, bir neçə ildən sonra Azərbaycan cəmiyyətində “ehsan fırtınası” ola bilər. Çünki ehsana sərf edilən xərc üzündən bu gün az qala hər bir ailənin banklara borcu var. Krediti o zaman götürərlər ki, evində dilək sayıla biləcək məişət əşyası çatışmır və ya cehiz almaq istəyirsən ‒ pulun yoxdur və s. Amma indi qəbir daşı üçün, yas və ya toy məclisini dəbdəbəli yola vermək üçün bankdan kredit alırlar. Axı bütün bunlar nəyə görədir? Məgər biz etdiyimizin, ilk növbədə, Allah tərəfindən bəyənilməsi üçün çalışmırıqmı?
Doğrudur, ehsan məclislərindəki qəbuledilməz hallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi konfrans və seminarlarda tövsiyə xarakterli çıxışlar olub, bəyanatlar verilib. Bu məsələyə Qafqaz Müsəlmanları İdarəsi də münasibətini bildirib. Bəzi yerlərdə bunu dövlətin məcburi müdaxiləsi kimi də qiymətləndirənlər oldu. Konstitusiyamızda dövlətin dindən ayrı olduğu təsbit olunsa da belə, fikrimcə bu məsələdə dövlət qurumlarının haqlı müdaxiləsinə böyük ehtiyac var. Çünki bu qərar xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edərdi. Xalq onu müflis vəziyyətinə gətirən bu cür israfçılığı, əlbəttə ki, qəlbən qəbul etmir. İsraf rəqabəti adətən fərdlər arasında gedir və sonra kütləviləşir. Yaşadığımız cəmiyyətdə xüsusilə belədir. Bu yola sürüklənən və sonda ən çox müflisləşən isə yenə də inanclı kasıblardır. Bu barədə müqəddəs kitabımız Qurandan tutmuş, bütün hədis kitablarında, böyük din alimlərinin əsərlərində kifayət qədər yazılıb: ‒ İslam dəbdəbəni bəyənmir. İslamın böyük şəxsiyyətlərinin heç biri nə toyunu, nə də yasını bizim kimi edib.
Mənəvi tərəfdən məsələyə baxanda, bu gün yas və toy məclislərində sərf edilən xərclərin yarısı münasib qaydada ehtiyacı olanlara yönəldilsə, belə ehsan nəcib iş olmazdımı? Məgər bu qədər israf olunan pula yetimlərin qarnını doydurmaq və ya onlara dayaq olmaq çətin işdirmi? Soyuqdan titrəyən bir uşağa isti pal-paltar almaq və ya onu isti yeməklə doydurmaq ehsan deyilmi?
Bəli, budur, ehsan! Peyğəmbərimiz (s.) də məhz bunu buyurub. Yoxsa, el-oba görsün ki, mən anamın, atamın yasında süfrəyə naz-nemət düzdürdüm, başdaşı əvəzinə məzarı üstündə heykəl ucaltdım… Belə şey normal təfəkkürə malik digər cəmiyyətlərdə yoxdur.
Cəmiyyətimizdə bir qədərsizlik, israfçılıq sindromu var. Heç kim heç nəyin qədərini bilmir. Nəticədə borca düşən ailələrin aylarla, illərlə çəkdiyi əzablardır.
Hz. Əli (ə.) buyurur ki, insanlar (həm də, bizlər. Axı…) ehsan etmələrinə görə dəyər qazanır. Yəni bu dəyəri toxun yox, acın, adamlı yox, adamsızın, paltarlı yox, paltarsızın ehtiyacını ödəməklə qazanmaq gərəkdir. Ehsanı yalnız yas çadırlarıyla məhdudlaşdırmaq bu gözəl EHSAN sözünə qarşı haqsızlıq deyilmi? Hansı ki bunu hər kəs, hər gün edə bilər. Bir təbəssümdən tutmuş, dəyərli məsləhətə, maddi köməyə qədər… Ehsan adı ilə açılan yas süfrələrində, bircə “quş südü” çatışmır: cürbəcür yeməklər, şirniyyatlar, meyvələr, içkilər. Sanki bura yas məclisi deyil, toy, ya da ərzaq sərgisidir. Guya ki, ölü sahibi bununla mərhumu çox istədiyini və onun ruhunu şad etdiyini göstərir. Belə ehsan süfrələrində ifratçılıq və israfçılıq baş alıb gedir. Özü də bütün bunları din adına edirlər. Doğrudanmı bunun din, şəriətə dəxli var?
Bəli, ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Ancaq ehsan yoxsullara verilməli və israfçılıq həddini aşmamalıdır. Xalq arasında yemək məclisi kimi qəbul olunan ehsan sözü yol çəkmək, məktəb, məscid tikmək, tikintiyə yardım etmək, ata-anasıza əl tutmaq və digər yaxşı əməl hesab olunan işlər aid edilməlidir.
Heç bir müsəlman ölkəsində ehsan adı il bizdəki qədər israfçılığa yol verilmir. Məsələn, Türkiyədə ehsan məsələsi bizdəki anlayışdan tamamilə fərqlənir. Başsağlığı verməyə gələn qonaqlara çay, halva və xurma təklif olunur. Məclisdə Allah kəlamı oxunur, dini söhbətlər edilir.
Görünür, dövlət qurumları, din xadimləri, ağsaqqal və ziyalıların bu məsələ barədə birgə mübarizəsi olmasa problem uzun müddət öz həllini tapmayacaq. Əminik ki, hamılıqla ehsan israfçılığına qarşı mübariz olacağıq.