Düşmənin arxa postlarına keçib onları məhv etdik – Kəşfiyyatçı qazimiz döyüş yolundan danışıb – VİDEObackend

Düşmənin arxa postlarına keçib onları məhv etdik – Kəşfiyyatçı qazimiz döyüş yolundan danışıb – VİDEO

Üç gün ərzində elə bir döyüş yolu keçiblər ki, eşidənlər üçün dastana çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Murovdağ yüksəlikləri uğrunda qəhrəmancasına döyüşmüş və filmlərə mövzu ola biləcək əməliyyatları icra edən qazimiz, Şəkinin Böyük Dəhnə kəndindən olan leytenant Qurbanəli İsmayılov və onun iki döyüş yoldaşından gedir.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi ötən il kəşfiyyat ixtisası üzrə bitirən Qurbanəli İsmayılov bildirir ki, sentyabrın 27-də başlayan hücum zamanı o, bölük komandiri, baş leytenant Qənbər Qənbərli və Zamiq Qarayev adlı əsgərlə döyüş meydanında mühasirəyə düşüblər. Ancaq şücaət göstərərək düşmən postuna yaxınlaşıblar və həmin yerin koordinatını artilleriya bölməsinə ötürüblər ki, özləri şəhid olsalar da, həmin yer məhv edilsin.

Artilleriya bölmələri düşmən postunu vurur, amma müdafiə səddi tam dağılmır. Qəhrəman hərbçilərimiz isə gecələr hərəkət etməklə düşmənin içərisinə doğru irəliləyirək diversiya əməliyyatı aparmağı qərara alırlar. Öncə düşmən postlarında müşahidə aparan kamera və rabitə xətləri kəsilir. Daha sonra isə postlara gələcək köməyi məhv etmək üçün düşmənə pusqu qururlar və onlara tərəf “UAZ” markalı maşının yaxınlaşdığını görüb, ona atəş açırlar. Özünü itirən erməni sürücü maşını aşırır.

Düşmən qüvvələri məhv ediləndən sonra hər üç qəhrəman hərbçimiz mövqelərini dəyişirlər və bu zaman Azərbaycan ordusunun bölmələrinin erməni postlarından birini ələ keçirmək üçün hücuma başladığını görürlər. Bu zaman onlar da ordumuza düşmən arxasından dəstək verir və qaçan erməni hərbçilərini məhv edirlər. Daha sonra isə iki gün ac-susuz döyüşən kəşfiyyatçılarımız postu alan Azərbaycan hərbçiləri ilə görüşürlər. Ancaq növbəti əməliyyat zamanı düşmənin atdığı 120 mm-lik minaatan Qurbanəli İsmayılovun da olduğu hərbçilərin düz yanına düşür.

Qurbanəli çənə sümüyü, çiyin, sağ bud və kürək sümüyündən coxsaylı yaralar alır. Həkimlər onu 15-ə qədər qəlpədən azad edib, amma 5-6 qəlpə hələ də vücudunda qalıb.

Atası Çingiz İsmayılov oğlunun şücaətini eşidəndə böyük sevinc hissi keçirdiyini bildirir.

Qəhrəman döyüşçü “Kəlbəcərin Azad Olunmasına görə” və “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunub.

  •  (1)
  •  (0)